“TAP İtaliyanın mövqeyini daha da möhkəmləndirəcək” İqtisadiyyat

“TAP İtaliyanın mövqeyini daha da möhkəmləndirəcək”

“Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi ilə ölkələrimiz arasında ticarətin həcmi əhəmiyyətli dərəcədə artacaq. İtaliya təkcə neft üzrə Azərbaycanın birinci ticarət tərəfdaşı olmayacaq, həm də Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısı olacaq.
Bu sözləri Trend-ə özəl müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. Səfir bildirib ki, bu, Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini daha da möhkəmləndirəcək: “Eyni zamanda İtaliya Azərbaycanla böyük ticarət kəsirinə də malikdir. Ona görə də biz növbəti bir neçə ili İtaliya şirkətlərinin Azərbaycanda mövqelərinin möhkəmləndirilməsi üçün vacib imkan kimi nəzərdən keçiririk.
Səfir qeyd edib ki, Azərbaycan iqtisadiyyatının artması ilə orta təbəqə də artır və bu, minlərlə ixracatçı şirkət üçün yeni imkanlar yaradır:
“Mən 2018-ci ilin iyulunda İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Sumqayıt polipropilen zavodunun birgə açılışını xatırlatmaq istərdim. Bu, qarşılıqlı uğurun və möhkəm tərəfdaşlığın əsaslandığı qarşılıqlı əməkdaşlıq növüdür”.
TAP layihəsi enerji əməkdaşlığının yeni səhifəsi kimi
Massari bildirib ki, TAP layihəsinin reallaşdırılması plana uyğun davam edir və yanvarın sonuna olan vəziyyətə görə, layihənin 92 faizi başa çatıb:
“Boru kəmərinin İtaliya seqmentində işlər sürətlə davam edir. Biz ilk Azərbaycan qazının payızda İtaliyaya daxil olmasını gözləyirik. Layihənin İtaliya və Aİ-yə qaz tədarükünün şaxələndirilməsində və təmiz enerjiyə keçidin sürətləndirilməsində rolunu nəzərə alaraq İtaliya hökuməti uzun illər ərzində bu layihəni dəstəkləyib”.
Səfir deyib ki, İtaliya böyüklüyünə görə Avropada ikinci istehsal sektoruna malikdir, amma ehtiyacı olduğu enerji həcminin çox kiçik hissəsini istehsal edir:
“TAP-ın ilkin qaz tədarükü həcmləri tələbatın müəyyən hissəsini qarşılasa da, bizim bazar daha çox tələb edə bilər. Mən bilirəm ki, bununla bağlı bir neçə variant, o cümlədən Trans-Anadolu boru kəməri mövcuddur, amma yəqin ki, bu məsələ ilə bağlı müzakirələr ilkin mərhələdədir”.