Hökumətin Tədbirlər Planının əsas hədəflərindən biri sahibkarlara dəstəkdir İqtisadiyyat

Hökumətin Tədbirlər Planının əsas hədəflərindən biri sahibkarlara dəstəkdir

Məlum olduğu kimi, baş nazir “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Tədbirlər Planı üç əsas mühüm istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin təmin oluması məqsədlərini özündə ehtiva edir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə 2,5 milyard manat vəsait ayrılıb.
Əslində tədbilər planının əsas hədəfləri makroiqtisadi sabitliyin qorunması, sosial rifaha dəstək verməklə yanaşı sahibkarlığa dəstək yolu ilə iqtisadi artıma nail olmaqdır. Bu da heç də təsadüfü deyil. Bu gün Azərbaycan iqtisadiyyatının 85%-i özəl sektorun, sahibkarların payına düşür. Ölkədə sahibkarlığın inkişafına iqtisadi artımın əsası kimi baxılır. Xüsusən də qeyri-neft sektorunda sahibkarlıq fəaliyyəti dəsdəklənməlidir ki, onlar bu çətin günlərdə müflüsləşməsinlər, post-pandemiya dövründə iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi fəaliyyətlərini davam etdirsinlər, iş yerlərini nəinki ixtisar etməsinlər, hətta yeni iş yerləri yaratsınlar. Nəzərə almaq vacidbir ki, ölkədə fərdi sahibkarlıqla məşgul olanların sayı coxalaraq 900 mini ötüb. Özəl sektor iş yerlərini yaradan əsas sektora çevrilib, iş yerlərinin 76,3%-i özəl sektorun payına düşür. Təkcə 2019-cu ildə 98 min yeni iş yeri yaradılıb, 2005-2018-ci illərdə özəl sektor 892 min insanı işlə təmin edib. Qeyri-neft sektorundan yığılan vergilərin 76,4%-i özəl sektordan toplanıb və s. Yəni bu cür müsbət meyillərin davamlılığının təmin olunması üçün indiki dövrdə sahibkarlığa adı çəkilən dövlət dəstəyi tədbirləri effektif rola malikdir.
Neftin qiymətlərinin uçuzlaşdığı bir şəraitdə manatın məzənnəsinin sabit saxlanılması, infilyasiyanın qarşısının alınması, sosial qruplara maliyyə yardımının göstərildiyi bir vaxtda qiymət artımına yola verilməməsi və makroiqtisadi sabitliyin təmin edilməsi də mühüm əhəmiyyətə malikdir. Burada daha bir mühüm məqam ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunmasının təmin edilməsidir.
Son günlər əsas müzakirə mövzularından biri də Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması məqsədilə kapital və əmlak amnistiyasının verilməsidir. Belə bir qərar həm də böyük həcmdə investisiyaların ölkə iqtisadiyyatına çəlb olunması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev hələ illər öncə, xüsusən də 2008-ci ildə prezident seçkiləri vaxtı bu məsələni gündəmə gətirib, hökuməti maliyyə amnistiyası elan etməyə, milyonçu azərbaycanlıların xaricdəki vəsaitlərinin iqtisadiyyata cəlb edilməsi üçün təşviq xarakterli tədbirlər görməyə çağırıb. Yerli və xarici sərmayələrin azaldığı, iqtisadiyyatın real sektorunun, sahibkarların iri həcmdə sərfəli maliyyə yatırımlarına ehtiyacının olduğu bir vaxtda belə qərarların qəbulu da iqtisadi artıma mühüm töhfə verə bilər.
Müsbət haldır ki, hökumətin Tədbirlər Planında pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara 80 milyon manat dəstək nəzərdə tutulur. Habelə sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manatdır. Bura əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir. Habelə 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək.
Bunlarla yanaşı, biznes layihələrin kreditləşdirilməsinin stimullaşdırılması üçün sahibkarlara və banklara maliyyə dəstəyi də göstəriləcək. Belə ki, 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Bu is o deməkdir ki, sahibkarlar üçün kredit faizləri 2 dəfə aşağı düşmüş olacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə də mexanizm formalaşdırılacaq. Bunlarla yanaşı, güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq, sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək, 50 min ictimai iş yeri yaradılacaq, işsiz kimi qeydiyyata alınan 200 min nəfərə 190 manat birdəfəlik ödəmə veriləcək, özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və s. Bütün bu tədbirlərin əsas məqsədi sahibkarlığın inkişafının dövlət tərəfindən dəsdəklənməsi, nəticə etibarilə məşğulluğun və iqtisadi artımın təmin edilməsidir.

Mahir Həmzəoğlu