Çin şirkətləri üçün “Azərbaycanın ticarət və investisiya imkanları” İqtisadiyyat

Çin şirkətləri üçün “Azərbaycanın ticarət və investisiya imkanları”

Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin və Çin Beynəlxalq Elektron Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə bu ölkənin şirkətləri üçün "Azərbaycanın ticarət və investisiya imkanları" mövzusunda vebinar (internet vasitəsilə seminar) keçirilib. Tədbirin keçirilməsində məqsəd Çin şirkətləri və iş adamlarına ölkəmizin ticarət, investisiya, nəqliyyat-tranzit və turizm imkanları ilə yanaşı, yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanın iqtisadiyyatına zərərinin azaldılması yönündə ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər və dəstək proqramları haqqında məlumat vermək olub.
Çində ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat, xidmət və digər sahələrində fəaliyyət göstərən 143 şirkətin nümayəndələrinin iştirak etdiyi vebinarda Azərbaycanın bu ölkədəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, habelə Azərbaycan Turizm Bürosunun Çin nümayəndəliyi və başqaları ölkəmizin ticarət, investisiya, nəqliyyat və turizm potensialı, habelə qida sənayesi və şərabçılıq sənayesi haqqında çıxış ediblər.
T.Nadiroğlu "Bir kəmər, bir yol" təşəbbüsü çərvçivəsində Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri, bu sahədəki mövcud vəziyyət və perspektivlər, ölkəmizin əlverişli investisiya mühiti və ölkədə investorlar üçün təklif edilən imtiyazlar, habelə son illər Azərbaycanda reallaşdırılan önəmli beynəlxalq layihələr haqqında ətraflı məlumat verib.
Y.Abdullayev COVID-19 pandemiyasının Azərbaycanın iqtisadiyyatına təsiri və sahibkarlara dəymiş zərərlərin aradan qaldırılması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, habelə ölkəmizin ticarət və investisiya imkanları haqqında danışıb. Vebinarın sonunda COVID-19 pandemiyasının Azərbaycan-Çin iqtisadi əlaqələrinə təsiri və digər maraq kəsb edən mövzularda müzakirələr aparılıb, çinli sahibkarları maraqlandıran suallar cavablandırılıb.