“Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsi İqtisadiyyat

“Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalının onlayn olaraq təşkil etdiyi “Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları təlimi uğurla bitirən iştirakçılara “QR kod” ilə təqdim olunub. Mərkəzdən bildirilib ki, COVID-19 pandemiyası fonunda elektron ticarət sahəsinə olan marağın artmasını və karantin qaydalarının tətbiq olunmasını nəzərə alaraq “Azexport.az” portalı, “Worldef Business School” və “Worldef” şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə aprelin 30-dan mayın 19-dək “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsini həyata keçirilib.
Təlimdə iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması, reklam strategiyasının müəyyən olunması, beynəlxalq logistika və daxili çatdırılma, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun elektron ticarətdə gömrük əməliyyatları, digər müvafiq sənədləşmə və prosedurların aparılması, gələcəkdə dünya təcrübəsindən istifadə edərək elektron ticarətdə gömrük bəyannamələrinin tətbiqinin mümkünlüyü (ETGB), beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar tədris edilib.
Ümumilikdə 7 gün davam edən və “Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilən təlimlərdə 168 nəfər iştirak edib. Təlimdə 80 faizdən yuxarı iştirak göstəricisi olan 30-dan çox şəxsə elektron sertifikat təqdim edilib. Sertifikatın üzərində yerləşdirilən “QR kod”u xüsusi mobil əlavə vasitəsilə oxutmaqla sertifikatın doğruluğunu sorğu etmək imkanı təqdim olunub.