Fransa ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub İqtisadiyyat

Fransa ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan-Fransa dövlət və özəl sektoru arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanın Energetika Nazirliyi ilə Fransa Sahibkarlar Təşkilatı (MEDEF) arasında onlayn görüş keçirilib. Nazirlikdən bildirilib ki, Energetika nazirinin müavini Elnur Soltanov və “MEDEF International”ın icraçı direktoru Filip Qotienin rəhbərliyi və 20-dən çox şirkətin iştirakı ilə keçirilən videokonfransa, həmçinin Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və Fransanın ölkəmizdəki səfiri Zakari Qross da qatılıb.
“Abşeron” layihəsini enerji sahəsində Azərbaycan-Fransa əməkdaşlığının töhfəsi kimi qiymətləndirən nazir müavini ölkəmizin enerji sektorunun müasir mərhələdə inkişafına dair məlumatları diqqətə çatdırıb. Bərpaolunan enerji, elektroenergetika və enerji səmərəliliyi sahəsində görülən işlərdən, hazırlanmış yeni qanunvericilik bazası və 2030-cu ilə kimi qarşıya qoyulmuş hədəflərdən bəhs edilib. Bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib. Sonra “Azərbaycanda enerji sahəsinə investisiya imkanları” adlı təqdimat nümayiş etdirilib və iş adamlarının sualları cavablandırılıb.