Pərviz Şahbazov: "2025-ci ilədək Azərbaycanda elektrik enerjisinə tələbat 25,5 mlrd. kVt-saatadək artacaq" İqtisadiyyat

Pərviz Şahbazov: "2025-ci ilədək Azərbaycanda elektrik enerjisinə tələbat 25,5 mlrd. kVt-saatadək artacaq"

2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə tələbatın 25,5 mlrd. kVt-saata qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 mlrd. kVt-saata çatacağı proqnozlaşdırlır.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan “Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə “Qobu” elektrik stansiyası hesabına əldə ediləcək.

“Həmçinin bu prosesdə “Azərenerji” ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək. Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var. Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir”, - deyə nazir qeyd edib.