"S&P" Azərbaycanın kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib İqtisadiyyat

"S&P" Azərbaycanın kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqini "BB+/B" səviyyəsində təsdiqləsə də, reytinq üzrə proqnozu "stabil"dən "mənfi"yə endirib.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, "mənfi" proqnoz Dağlıq Qarabağ münaqişəsinin son vaxtlar əhəmiyyətli dərəcədə dərinləşməsi fonunda Azərbaycanın maliyyə göstəriciləri, xarici balans və makro-maliyyə sabitliyi üçün artan riskləri əks etdirir. Bundan əlavə, sözügedən proqnoz ölkənin iqtisadi artım perspektivlərinə təsir göstərə biləcəyi və xarici investorların inamını azalda biləcəyi ehtimalını da özündə birləşdirir.

Uzun sürən hərbi qarşıdurma, dollarlaşmanın sürətlənməsi və dollar depozitlərinin axını nəticəsində maliyyə vəziyyəti və ya xarici balans pisləşərsə, agentlik Azərbaycanın kredit reytinqlərini endirə bilər. Reytinqə təzyiqlərin artması həm də ölkənin idarə olunan məzənnə rejimindən nizamsız şəkildə çıxmaq məcburiyyətində qalması nəticəsində baş verə bilər.

Azərbaycanın reytinqi üzrə proqnozu yaxşılaşdırılması münaqişənin səbəb olduğu uzunmüddətli sürən qeyri-müəyyənliyin azalması və Azərbaycanın maliyyə, tədiyə balansı və artım göstəricilərinə mənfi təsirlərin qarşısı alınması fonunda baş verə bilər.