JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə İqtisadiyyat

JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə

2021-ci ilin 2-ci rübündə "Abşeron" yatağının işlənməsinin 1-ci fazası üzrə layihə öncəsi tədqiqatlara başlamaq məqsədi ilə nəzarət və konseptual işlənmə tədqiqatı davam etdirilir.

Bunu JOCAP (Joined Operating Company Absheron Petroleum) şirkətindən bildiriblər.

Şirkətdən verilən açıqlamaya görə, Neft Daşlarının yaxınlığında Qurban Abasov gəmisi ilə platformanın dayaq bloklarının quraşdırılması 31 oktyabr tarixində başlamışdır və 2021-ci ilin 2-ci rübündə başa çatdırılmalıdır:

“ABD-001 quyusu ilə Neft Daşlarının qəbuledici qurğularının arasında boruların tikintisinə başlamaq üçün borudüzən barjın mobilizasiyası 2020-ci ilin dekabr ayının sonuna planlaşdırılır və bu işlərin 2021-ci ilin 2-ci rübünə tamamlanması gözlənilir.”

Qeyd edək ki, SOCAR-ın qiymətləndirmələrinə görə, "Abşeron" yatağının potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50%) şirkətləridir. Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsidir.