Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib İqtisadiyyat

Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib

Azərbaycan Turizm Bürosu Dubayda keçirilən “Gulf Travel Show” sərgisində Qarabağın turizm potensialını təqdim edib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, COVID-19 pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb

Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.

Görüş iştirakçılarına işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını qeyd edərək tezliklə regionu görmək arzusunda olduqlarını bildiriblər.

Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.

Onlar, həmçinin pandemiya dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması məqsədini daşıyan “SAHMAN” proqramı haqda da məlumatlandırılıblar.