Türkiyə hökuməti 2021-ci ildə davamlı inkişafa hədəflənib İqtisadiyyat

Türkiyə hökuməti 2021-ci ildə davamlı inkişafa hədəflənib

Türkiyə hökuməti, pandemiyanın vurduğu zərəri azaltmaq məqsədilə atılan addımlar istisna olmaqla, maliyyə intizamını pozmaq niyyətində deyil.

“APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan “Twitter” hesabında bildirib.

Nazir qeyd edib ki, hökumət 2021-ci ilin dövlət büdcəsinin fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirləri davam etdirir: “2020-ci ilin sonunda dövlət büdcəsinin kəsiri 172,7 mlrd. lirə (39 mlrd. manat) təşkil edib ki, bu da proqnozlaşdırılan 239,2 mlrd. lirədən (54 mlrd. manat) azdır. Nəticədə, 66,5 mlrd. (15 mlrd. manat) lirəyə qənaət edilib”.

Nazir dövlət strukturlarının maliyyələşdirmə siyasətinin inflyasiya ilə mübarizə səyləri nəzərə alınaraq davam edəcəyinə əminliyini bildirib: “2021-ci il dövlət büdcəsinin göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlər davam etdiririk. 2021-ci ilin büdcə kəsirinin ÜDM-in 3,5%-nə bərabər olacağını hədəfləyirik. Həyata keçirməyi planlaşdırdığımız makroiqtisadi siyasət balanslı tələbi və davamlı böyüməni təmin edəcək”.