Bərpa olunan enerji hərracları xarici investisiyaların ölkəyə cəlb olunmasına kömək edəcək - Agentlik - MÜSAHİBƏ İqtisadiyyat

Bərpa olunan enerji hərracları xarici investisiyaların ölkəyə cəlb olunmasına kömək edəcək - Agentlik - MÜSAHİBƏ

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Təbriz Əmmayevin “Trend” İnformasiya Agentliyinə müsahibəsi

- Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlıq çərçivəsində növbəti addımlar hansılardır?

- Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 29 dekabr 2020-ci il tarixində qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bununla əlaqədar olaraq növbəti mərhələdə külək elektrik stansiyasının tikiləcəyi ərazilərdə küləkölçmə işləri tamamlandıqdan sonra torpaqların kateqoriyasının dəyişdirilməsi, həmin ərazilərdə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri addımlar atılacaqdır. Eyni zamanda pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, həmçinin, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq işlər həyata keçiriləcəkdir.

İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, bəzi istehsal və xidmət sahələrinin yaranmasına yol açacaqdır.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyasnın tikintisi ilə bağlı zəruri müqavilələrin imzalanması üzrə danışıqlar davam etdirilir və növbəti aylarda yekun müqavilələrin imzalanması nəzərdə tutulur.

- Ölkədə bərpa olunan enerjidən istifadənin inkişafı çərçivəsində yeni layihələrin həyata keçirilməsi ilə bağlı potensial investorlarla danışıqların aparıldığı haqqında məlumat verilmişdi. Cari və növbəti illərdə hansı ölkələrlə əməkdaşlıq mümkündür?

- Ölkəmizdə bərpa olunan enerji layihələrinə müxtəlif ölkələrdən olan beynəlxalq enerji şirkətləri tərəfindən maraq göstərilməkdədir. Bu ölkələrə misal olaraq Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, Norveç, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya və digərlərini misal göstərə bilərik.

Bərpa olunan enerji mənbələrindən istifadənin tənzimlənməsi məqsədilə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanmışdır və hazırda Hökumətdə baxılmaqdadır. Bundan əlavə olaraq, bərpa olunan enerji mənbələrindən istifadədə beynəlxalq müstəvidə geniş yayılmış alətlərdən olan hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində qanunvericilik bazası və qaydalar işlənilib hazırlanır. Qeyd edilən qanun layihəsi və hərrac qaydaları yaxın zamanda qəbul edilərsə bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi artıq cari ildə baş tuta bilər və sahəyə xarici investorlar tərəfindən böyük marağın olduğunu nəzərə alaraq deyə bilərik ki, bu, birbaşa xarici investisiyaların bərpa olunan enerji layihələrinə cəlb olunmasına əlavə zəmin formalaşdıracaqdır.

- Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələri üzrə potensialın ilkin qiymətləndirilməsinin nəticələri nələri deməyə imkan verir?

- Cari ilin yanvarın ayının 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ bölgəsinin yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olmasına dair müvafiq tapşırığından irəli gələrək, Energetika Nazirliyi və nazirliyin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən bu sahədə olan beynəlxalq təcrübə araşdırılır və eyni zamanda bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq perspektivləri müzakirə edilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu ərazilərdə yaşıl enerji zonasının salınması üçün kifayət qədər imkanlar mövcuddur və xüsusən biz burada hidro, günəş və külək enerji potensialının yüksək olduğunu müşahidə edirik. İşğaldan azad olunmuş ərazilərin enerji təminatında bu potensialdan, yəni ekoloji cəhətdən təmiz enerjidən istifadə olunması əsas hədəflərdəndir. Bundan əlavə olaraq, “Yaşıl enerji zonası” konseptinin komponentləri üzrə gələcək addımların müəyyən edilməsi və bu konsepsiyanın həyata keçirilməsinə özəl investisiyanın cəlb edilməsi üzrə işlər davam etdirilir.

Qeyd edildiyi kimi, ilkin müşahidələr onu göstərir ki, işğaldan azad edilmiş ərazilərin yüksək hidro, günəş və külək enerjisi potensialı var. Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ərazilər var, ümumi potensial 4000 MVt-dan yüksək qiymətləndirilir. Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir.

Azərbaycanda yerli su ehtiyatlarının təxminən 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri nəzərdən keçirilmişdir. İşğalçılar tərəfindən Tərtər və Həlkəri çaylarının su ehtiyatları heç bir ekoloji normalara riayət edilmədən amansız istismara məruz qalmışdır. İstehsal edilən enerjinin bir hissəsi Ermənistana ixrac edilmişdir. Lakin 44 günlük müharibədən sonra ermənilər onlara verilən möhlətdən istifadə edərək bu kiçik SES-ləri söküblər, müəyyən avadanlıqları aparıblar və ya məhv ediblər. Hazırda kiçik SES-lərin inventarlaşdırılması və bərpası üzərində işlərə başlanmışdır.

Bundan əlavə olaraq, Cəbrayıl rayonu ərazisində, Xüdafərin və Qız Qalası hidroqovşaqları üzərində su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və Azərbaycan tərəfinə düşən gücü ümumilikdə 140 meqavat olaraq qiymətləndirilən bu stansiyaların tikintisi ərazinin ekoloji təmiz enerji ilə təminatına xüsusi töhfə verəcəkdir.

Bərpa olunan enerji mənbələrinin potensialın səmərəli istifadə məqsədilə görüləcək işləri özündə ehtiva edən Tədbirlər Planı hazırlanır, həmçinin günəş və külək enerjisi potensialı yüksək olan ərazilərdə ölçü müşahidə stansiyalarının quraşdırılması və bərpa olunan enerji üzrə potensialın dəqiq hesablanması nəzərdə tutulur.

- Özəl investorların cəlbi ilə bərpa olunan enerji sektorunun inkişafı üçün hansı planlar var?

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamının 1.3-cü bəndi ilə Energetika Nazirliyinə ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərin hazırlanması tapşırılmışdır. Beynəlxalq təcrübə göstərir ki, elektroenergetika sistemində səmərəliliyin artırılması üçün özəl investisiyaların cəlbinə bu sahədə liberal bazar münasibətlərinə keçərək rəqabət mühitini formalaşdırmaqla nail olmaq mümkündür. Sistemə özəl investisiyalar müvafiq hüquqi və tənzimləyici mühit formalaşdırmaqla və eləcə də enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etməyən elektrik stansiyalarının özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı modelləri tətbiq edilməklə yeni elektrik stansiyalarının tikilməsi yolu ilə cəlb edilə bilər.

Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin (floating solar) inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölündə üzən fotovoltaik sistemin quraşdırılması və eləcə də günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Su səthində quraşdırılan günəş panelləri üzrə pilot layihənin həyata keçirilməsi özəl sektorun da bu sahəyə marağının artmasına səbəb olacaqdır.