Ötən il qızıl-gümüş satışından ölkə iqtisadiyyatına 186.5 milyon manat cəlb edilib İqtisadiyyat

Ötən il qızıl-gümüş satışından ölkə iqtisadiyyatına 186.5 milyon manat cəlb edilib

Məlum olduğu kimi, 2020-ci il bütün bəşəriyyət üçün fərqli təəssüratlarla yadda qaldı.

"AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, “COVİD-19” adlandırılan təhlükəli yoluxucu xəstəliyin müşayiətilə demək olar ki, bütün dünya ilin əhəmiyyətli hissəsini sərt karantin rejimlərinin məhdudiyyətləri ilə yaşadı. Bu məhdudiyyətlər insanların məişətindən tutmuş, qlobal iqtisadiyyata, ölkələr arasındakı münasibətlərə qədər öz mənfi təsirlərini göstərdi:

"Koronavirus dünya iqtisadiyyatını böhran təhlükəsiylə üz-üzə qoydu və bu, son 100 ilin ən ciddi hadisələrindən biri kimi tarixə düşdü. Yüz minlərlə insanın bu virusdan dünyasını dəyişməsi, milyonlarla insanın hələ də bu xəstəlikdən əziyyət çəkməsi isə bu problemin ən faciəli tərəfidir. Ümid edirik ki, bütün bəşəriyyət tezliklə bu bəladan xilas olacaq, pandemiyanın mənfi təsirləri aradan qalxacaq və həyat yenidən öz axarına qayıdacaq.

Böyük insani itkilər və qlobal iqtisadi böhranla üz-üzə qalan dünyada dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində ötən ili ən az mənfi təsirlərlə başa vuran ölkələr sırasında olduq. COVID-lə mübarizə çərçivəsində ölkəmizdə effektiv addımlar atıldı, iqtisadiyyatımızın, eləcə də vətəndaşların sözügedən təsirlərdən qorunması üçün dövlətimiz tərəfindən bütövlükdə 2.5 milyard manatdan artıq dəstək göstərildi. Sözügedən dəstək çərçivəsində işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə bir neçə dəfə 190 manat birdəfəlik ödəmə verilərək toplam olaraq 450 milyon manat vəsait məbləğində yardım ayrıldı. Bununla yanaşı, koronavirusla mübarizə məqsədilə birbaşa olaraq 644 milyon manata qədər vəsait və digər ödəmələr edildi".

Z.İbrahimovun sözlərinə görə, ölkənin ümumilikdə gəlirlərinin azalmasına baxmayaraq, 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz, sosial müavinətlər isə 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə edib:

"Bütün qlobal mənfi təsirlər fonunda ölkə iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azaldı. Amma, eyni zamanda, qeyri-neft sənayemiz 11 faizdən çox artdı. Qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

Bütün bunlarla yanaşı, başa vurduğumuz 2020-ci ildə ölkə tarixinin ən parlaq səhifələrindən biri yazıldı. Ötən ilin sentyabr ayında düşmən təxribatlarına cavab olaraq əks-hücüm əməliyyatları ilə başlayan Vətən müharibəsi müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun gücü sayəsində ölkəmizin düşmən üzərində layiqli qələbəsi ilə başa çataraq, 30 illik işğala son qoyuldu. Beləliklə, tariximizin ən qürurlu səhifələrindən birini yaşadıq.

Ali Baş Komandanımız 10 noyabr tarixində xalqımıza və bütün bəşəriyyətə Azərbaycanın haqq savaşından qalib çıxdığını və Qarabağ münaqişəsinin bitdiyinin müjdəsini verdi. Bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində, ilk növbədə qəhrəman igidlərimizin qanı bahasına əldə edildi. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin payı əvəzsizdir. Onların arasında “AzerGold”un əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Cəmiyyətimizin işçiləri kapitan Ruslan Muradov Xocavənd, Qubadlı və Şuşa istiqamətlərində, baş leytenant Tələt Tağıyev Gədəbəyin müdafiəsində, əsgərlər Sərxan Abbasov, Şahin Ağacanov, Elmir Verdiyev, Sehran Əliyev Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləndilər. Onların hər biri, eləcə də bu mübarizədə qəhrəmancasına şəhid olan Muxtar və Raufla fəxr edirik. Şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyir, bütün Vətən müharibəsi qazilərinə fədakarlıqlarına görə təşəkkür edirik.

“AzerGold” ötən ildə yaşanan məhdudiyyətlər və çətinliklərə baxmayaraq 2020-ci ili də böyük nailiyyətlərlə başa vurmuşdur. Şirkətimizin ötən ilin fəaliyyət planının tam ölçüdə icra edilməsinə nail olması bizim əsas uğurumuzdur. Cəmiyyətin fəaliyyət sahələri üzrə işləri plandan daha artıq və tam qrafik üzrə yerinə yetirilmişdir. Şirkətimiz regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini ötən ildə də uğurla davam etdirmişdir".

Sədr qeyd edib ki, yarandığı gündən etibarən beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə prinsiplərinin tətbiq edildiyi “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə də öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericilik aktlarına, həmçinin Cəmiyyətin Ümumi yığıncağı qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi 2035-ci ilədək olan dövr üzrə İnkişaf Strategiyası və İllik Fəaliyyət planına, habelə Cəmiyyətdaxili prosedurlara, qaydalara, siyasətlərə, təlimatlara və digər aktların tələblərinə uyğun şəkildə qurmuşdur. Hesabat ili ərzində Cəmiyyətin Müşahidə Şurasının ümumilikdə 5 iclası keçirilmişdir:

"Ötən il ölkəmizdə aparılan davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə “AzerGold” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş, bununla da Cəmiyyətin fəaliyyətində yeni bir mərhələ başlamışdır. Heç şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı inkişafının sürətlənməsinə, yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin iqtisadi inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində Cəmiyyətin milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq.

Ötən ili “AzerGold”un fəaliyyəti üçün əlamətdar edən addımlardan biri də əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Cəmiyyət tərəfindən 2025-ci il (ortamüddətli) və 2035-ci il (uzunmüddətli) korporativ strategiyasının təsdiq edilməsi idi. Belə ki, ölkədə əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə Cəmiyyətin korporativ strategiya sənədi İqtisadiyyat Nazirliyinin 14 sentyabr 2020-ci il tarixli (F-132 nömrəli) Əmri ilə təsdiq edilmişdir. Cəmiyyətin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəfləri bunlardır:

Cəmiyyətin 2035-ci ilədək illik dövriyyəsi 1 milyard ABŞ dolları dəyərində olan regional miqyasda irihəcmli dağ-mədən şirkətinə çevrilməsi;

Qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən biri kimi mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması;
Strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın aradan qaldırılması;
Dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsində fəal iştirak;
Əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi.

Sadalanan hədəflərin icrası nəticəsində Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi nəzərdə tutulub. Strategiya çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə (Ümumi Daxili Məhsul) 8.9 milyard dollaradək həcmində töhfənin verilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsinin (MİAD) 14 faiz həcminə çatdırılması nəzərdə tutulur. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin məcmu illik artım dərəcəsi 9 faiz olmuşdur.

Əminik ki, artıq icrasına başlanılan strateji planlar ölkənin qeyri-neft sənayesinin dinamik inkişafı, iqtisadiyyatının şaxələndirilməsi, bununla da dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılmasına, nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Ötən il ərzində Cəmiyyətin nizamnamə kapitalı 50 milyon manat artırılaraq 62 milyon manata çatdırılmışdır. Bu artım məbləğinin 15 milyon manat məbləğində olan hissəsi Cəmiyyətin 2019-cu ilin sonuna olan bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılmışdır.

2020-ci ildə dövlət büdcəsinə ümumilikdə 12.9 milyon manat vəsait ödənilmişdir. Bu vəsaitin 10.7 milyon manatı vergi, 2.2 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil etmişdir. 2019-cu ildə bu məbləğ 12.2 milyon manat təşkil etmişdir ki, 2020-ci ilin büdcə ödənişləri 2019-cu illə müqayisədə 0.7 milyon manat, yəni 6% artıqdır. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 40.8 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilmişdir.

Cəmiyyətin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatları 2020-ci ildə dərc olunmuşdur. Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2019-cu il üzrə Cəmiyyətin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12.4 milyon ABŞ dolları təşkil etmiş, həmçinin digər göstəricilər üzrə yüksək nəticələr əldə edilmişdir.

Diqqətinizə çatdırım ki, beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq cari ildə müstəqil auditor şirkəti (Pricewaterhouse Coopers Audit Azerbaijan LLC) tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır. Cəmiyyətdaxili hesablamalara və 2020-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, cari ildə Cəmiyyətin xalis mənfəəti təqribən 50 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaqdır.

Ötən il ərzində Cəmiyyətin təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq faktiki 415 nəfər işçi olmaqla, mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1 200 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılmışdır.

Nazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli 257 nömrəli Qərarına uyğun olaraq Cəmiyyət üzrə ilk dəfə 2020-ci il üçün səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılmaqla Cəmiyyətin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş və istinadolunan Komissiyanın Katibliyi qismində Maliyyə Nazirliyinə təqdim edilmişdir.

Bildiyiniz kimi, 2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (349.5 milyon manat) birinci olmuşdur. Sevindirici haldır ki, bu uğurda “AzerGold”un böyük rolu vardır. Ötən il Cəmiyyətin dünya bazarlarına çıxardığı qızıl və gümüşün həcmi artmışdır. Belə ki, ötən illə müqayisədə ixrac edilən qızılın artım qeydə alınmışdır. 2020-ci ildə 59.4 min unsiya qızıl, 119.4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186.5 milyon manat məbləğində vəsait cəlb edilmişdir. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, 41.5 milyon manat və ya 29% artım qeydə alınmışdır.

Cəmiyyət tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilmişdir. 2020-ci il ərzində ümumi dəyəri 1.6 milyon manat olan olan 1275 ədəd məhsulun satışı həyata keçirilmişdir. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan “Azergold.gift” saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olmuşdur. Nəticədə 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılmış, əldə edilən vəsait 84% artmışdır.

Cəmiyyətin göstəriciləri uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu qeyd edilməlidir. Bunun əyani nümunəsi kimi QSC-nin fəaliyyətə başladığı dövrdə səmərəli fəaliyyətin təşkili məqsədi ilə cəlb edilmiş 148.4 milyon ABŞ dollar dəyərində kredit öhdəliyi, nəzərdə tutulduğundan bir il daha tez qaytarılmışdır. Kredit öhdəliklərinin 2020-ci ildə tamamilə ödənməsi sayəsində təqribən 2 milyon manat vəsaitə qənaət edilmiş və yerli banklarda 69.4 milyon ABŞ dolları məbləğində kredit xətti Cəmiyyətin istifadəsi üçün ayrılmışdır.

Hesabat dövrü ərzində “Çovdar”, “Köhnəmədən”, “Qaradağ” saziş sahələrini əhatə edən yataqlar və Daşkəsən dəmir filizi yatağı ərazisində 75 778 metr buruq-qazma işləri görülmüş və 31 020 nümunə üzrə laboratoriya təhlilləri aparılmışdır. Xüsusilə vurğulamaq istərdim ki, ötən il şirkətimiz tərəfindən icra edilmiş buruq-qazma həcmi ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici hesab olunur.

Ötən il “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı üçün İlkin Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması işləri yekunlaşdırılmışdır. “Çovdar” yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533.5 min unsiya (və ya 16.5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq məsləhətçi tərəfindən təsdiqlənmişdir.

Beləliklə, fəaliyyətə başladığı dövr ilə müqayisədə Cəmiyyətin 2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında səmərəli kəşfiyyat və tədqiqat fəaliyyəti nəticəsində beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resursların həcmi “Çovdar” yatağının sulfid mərhələsi, “Ağyoxuş 1” yatağı və “Filizçay” yataqlarının resursları hesabına 179 min unsiyadan 4 447 min unsiyayadək artırılmışdır. Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil etmişdir.

“AzerGold” QSC geridə qoyduğumuz ildə regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Belə ki, ötən il, Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı Sərəncamına uyğun olaraq QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən "Çovdar" Filiz Emalı Sahəsinin bazasında "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınmışdır. müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi məqsədilə Daşkəsəndə yerləşən "Çovdar" Filiz Emalı Sahəsinin bazasında "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınmışdır. Layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə “AzerGold”un geoloqları tərəfindən “Çovdar” yatağının yaxınlığında kəşf edilmiş “Ağyoxuş 1” yatağı 30 noyabr tarixində istismara verilmişdir. Nəticədə mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yatağın iqtisadi səmərəliliyi təmin edilmişdir.

Qeyd edək ki, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq. “Ağyoxuş 1” lə yanaşı, “Ağyoxuş 2” və “Ağyoxuş 3” adlandırdığımız yataqların, eləcə də nisbətən yaxın məsafədə yerləşən “Narçala”, “Mərəh”, “Tülallar”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil edicək filizlərinin emalı da "Çovdar" İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. ÇİRES-in tam fəaliyyətə başlaması bölgənin sosial-iqtisadi inkişafına böyük ölçüdə təsir göstərəcək, yeni daimi iş yerlərinin açılmasına səbəb olacaq.

Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” layihəsi üzrə növbəti yataqların - “Ağyoxuş 2”, “Ağyoxuş 3”, “Mərəh”, “Narçala”, həmçinin “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən “Tülallar” qızıl, “Filizçay” polimetal, “Qaradağ”, “Xarxar”, “Mazımçay” mis və digər yataqların istifadəyə verilməsi planlaşdırılır.

Ötən ildə dövlət başçısı tərəfindən Cəmiyyətə göstərilən yüksək etimadın nəticəsi olaraq “AzerGold” QSC-nin səlahiyyətləri genişləndirilmişdir. Azərbaycan Respublikası Prezidentin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilmişdir.

Möhtərəm cənab Prezidentin sözügedən Sərəncamından irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə Cəmiyyət tərəfindən 14 dekabr 2020-ci il tarixində ilk törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmişdir. Hazırda şirkətin fəaliyyətinin təşkili istiqamətində müvafiq tapşırıqlar icra edilməkdədir.

ƏTRAFLI
Project GLO
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yatağı olan “Daşkəsən” dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə tapşırılmışdır. Bu istiqamətdə hesabat dövrü ərzində kompleks geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, həmçinin İlkin iqtisadi qiymətləndirmə sənədinin hazırlanması, bazar araşdırılması, mədən planlarının hazırlanması, yataq üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində müvafiq işlər görülmüşdür. “Daşkəsən” dəmir filizi yataqları üzrə 7 830 metr buruq-qazma işləri icra edilmiş və hazırda da proses davam etdirilir. Qeyd edim ki, yataq üzrə İlkin qiymətləndirmə sənədinin cari ilin avqust ayında hazırlanması nəzərdə tutulur.

Bu sənəd çərçivəsində yataq üzrə 2021-ci ildə geoloji tədqiqatların davam etdirilməsi və metallurji işlərin aparılması planlaşdırılır. Qeyd edilən fəaliyyətin yekunlarına əsasən filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcəkdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında 2020-ci il 19 mart tarixli (1950 nömrəli) Sərəncamı və İqtisadiyyat Nazirliyinin müvafiq tapşırıqları əsasında da fəaliyyət göstərilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 2020-ci ildə icrası nəzərdə tutulmuş layihələr portfeli geniş təhlil edilmiş, ölkədə iqtisadi fəallığın qorunması və təşviqinə töhfələrin verilməsi məqsədilə Əlavə Tədbirlər Proqramı hazırlanmışdır.

Əlavə Tədbirlər Proqramının icrası ilə regionlarda məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılmış, podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər təşkil etmiş, ümumilikdə 20.7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilmişdir.

Diqqətinizə çatdırım ki, Əlavə Tədbirlər Proqramının icrası üçün tələb edilən vəsait dövlət büdcəsindən ayırmalar hesabına deyil, Cəmiyyətin Bakı Fond Birjası vasitəsi ilə istiqrazlarının emissiyası hesabına təmin edilmişdir. İki tranş üzrə baş tutmuş və 20 milyon ABŞ dolları təşkil edən istiqrazların emissiyasında tələb təklifi orta hesabla 2 dəfədən çox üstələmiş, nəticədə Cəmiyyət üçün illik faiz xərcinin 4%-dən 3.36%-ədək enməsinə nail olunmuşdur.

Məlum olduğu kimi, ölkəmizin parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətin hüquqi qiymət alması məqsədilə Cəmiyyət tərəfindən 2018-ci ildən araşdırmalar aparılmışdır. İcra edilən layihə çərçivəsində hazırlanmış “Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilmişdir.

Sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunmuşdur.

Bununla yanaşı, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırılır.

Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlətimiz tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.

Heç şübhəsiz, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaqdır. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaqdır.

Ötən il, ölkədə mövcud əlvan metal filizi yataqları üzrə məlumat bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, mədənlər üzrə səmərəlilik dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə mineral ehtiyatların beynəlxalq qəbul edilmiş normalar üzrə yenidən hesablanması istiqamətində işlər davam etdirilmişdir.

Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan mətn və qrafik əlavələrin elektronlaşdırılaraq təhvil verilməsinə dair “AzerGold” QSC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən imzalanmış müqavilə üzrə nəzərdə tutulan qrafika və səhifələrin 85%-i elektronlaşdırılmışdır. Məlumatların elektronlaşdırılmasından sonra rəqəmsallaşdırılması və yataqlar üzrə səmərəlilik dərəcəsinin ilkin müəyyənləşdirilməsi işlərinin aparılması istiqamətində də işlər davam etdirilmişdir. Yataqlara aid məlumatların effektiv şəkildə rəqəmsallaşdırılmasının təşkili üçün ekspedisiyaların çöl-tədqiqat işlərinin icrası davam etdirilir.

“AzerGold” QSC ötən il sənayenin daha bir sahəsi – zərgərlik sənayesinin inkişafı ilə bağlı icra edilmiş layihələrdə də fəal iştirak etmişdir. Bildiyiniz kimi, 2020-ci ilin fevralın 18-də İqtisadiyyat Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “AzerGold” QSC-nin iştirakı ilə “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilmiş, zərgərlik sənayesinin inkişafını ləngidən bir sıra problemlər gündəmə gətirilmişdir. Görüşdə İqtisadiyyat Nazirliyi və digər qurumlar tərəfindən zərgərlik bazarında alternativ yollarla, yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s. üsullarla məmulatların satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi əsas problemlərdən biri kimi qeyd olunmuşdur. Bununla yanaşı, müəyyən edilmişdir ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24% arasında təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri ortalama 42%-dək artır. Bu da bazar iştirakçıları tərəfindən xammalı qeyri-qanuni yollarla əldə edərək alternativ yollarla istehsal etməyə, eyni qaydada da satışa çıxarmağa və nəticədə vergi və rüsumların ödənilməsindən yayınmağa sövq edir. Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlərə, tədarükçülərin və alıcıların hüquqlarının pozulmasına səbəb olması faktları əsas problem kimi müəyyən edilmişdir.

Bütün bu problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən İşçi qrup yaradılmışdır. İşçi qrupun fəaliyyəti çərçivəsində hazırlanmış təkliflər zərgərlik sənayesində mövcud fiskal siyasət çərçivədə stimullaşdırma, gömrük rüsumlarının, o cümlədən, aksiz və əlavə dəyər vergisinin optimallaşdırılması, məmulatların dövriyyəsinə və keyfiyyətinə nəzarət mexanizminin tətbiqi, maliyyələşdirmə və stimullaşdırma mexanizmlərinin formalaşdırılması, zərgərlik ənənələrinin gənc nəslə ötürülməsi məqsədilə peşə təhsil məktəblərinin yaradılması və s. istiqamətlərdə sistemli islahatların aparılmasını ehtiva edir. İslahatların icrası nəticəsində zərgərlik sahəsi üzrə ölkə büdcəsinə vergi və rüsum formasında daxilolmaların artacağı gözlənilir. Bununla yanaşı, artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanını da qazanmış olacaqlar.

Sözügedən sistemli islahatların nəticəsində “AzerGold” tərəfindən atılacaq ilk addımlardan biri kimi satış mərkəzinin yaradılması nəzərdə tutulub. Burada “AzerGold” tərəfindən istehsal edilən sikkə və külçələrinin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq.

Beləliklə, “AzerGold” QSC-dən qızıl sikkə və külçələri əldə etmək istəyən müştərilər gələcəkdə bu məhsulların təkrar bazarda hansı qiymətlə sata biləcəyini təxmin edəcəklər. Tətbiq edilməsi planlaşdırılan sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına mühüm töhfələr verəcək.

Daxili pərakəndə bazara yerli qızıl və gümüşdən hazırlanan sikkələr təqdim edən şirkətimizin bu layihəsi xüsusilə mədəniyyətimiz, incəsənət və tariximiz, bir sözlə milli dəyərlərimizin təbliğinə yönəlib. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasın Çələbi naxışı əks olunmuş məhsullar 2019-cu ildən etibarən satışdadır. Ötən ilin sonlarına yaxın, yeni dizayn çeşidlərinin seçilməsi məqsədilə “AzerGold” və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” mövzusunda müsabiqəsi elan edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsinə və işğaldan azad edilən Qarabağa həsr olunan müsabiqənin layihə qəbulu mərhələsi dünən başa çatmış, ümumilikdə 900-dən artıq layihə qəbul edilmişdir. Növbəti mərhələdə ölkənin tanınmış mütəxəsislərindən, dizayner və rəssamlarından təşkil edilmiş münsiflər heyəti 4 meyar – estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında 1-ci, 2-ci, 3-cü yerin qalibini seçəcəklər. Əlavə olaraq, müsabiqədə iştirak üçün seçilən bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək. Gələcəkdə müsabiqənin qalibi elan edilmiş dizayn nümunələri əsasında yeni dizaynlı sikkələrin istehsalı planlaşdırılır.

“AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir. Sevindirici haldır ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artmışdır. Əlbəttə ki, biz bununla kifayətlənmək fikrində deyilik. Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Məhz bu məqsədlə, Cəmiyyətin orta və uzunmüddətli korporativ strategiyası çərçivəsində növbəti illər üzrə kadr ehtiyacları müəyyən edilmiş və kadrların zamanında cəlb edilməsinin təmin edilməsi istiqamətində tədbirlərə başlanılmışdır.

Mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu, o cümlədən 6 yerli universitetlə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində tərəfdaşlıq davam etdirilmişdir. Bundan əlavə, Peşə Təhsili üzrə Dövlət Agentliyi razılaşma memorandumu imzalanmışdır.

Ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Çovdar filiz emalı sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olur,, təcrübəsini uğurla tamamlamış məzunlar Cəmiyyətdə işlə təmin edilirlər

Hesabat ili dövründə fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilmişdir.

Hesabat ilində xəsarətsiz ötüşən iş saatlarının miqdarı 554 333 saat olmuş, ümumilikdə 2016-2020-ci illər ərzində xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon saatı ötmüşdür. Bu, 4 ildir ki fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur. Eyni zamanda, Cəmiyyət fəaliyyətini 2020-ci il ərzində bütün dünya ölkələrində mövcud olan koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərar və tapşırıqlarına uyğun olaraq qurmuş və fəaliyyət sahələrində mütəmadi profilaktik qabaqlayıcı tədbirlər görülmüşdür. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir!

Məlum olduğu kimi ekoloji siyasət “AzerGold” QSC-nin fəaliyyətində əsas prioritetlərdəndir. Cəmiyyətin fəaliyyət sahələri üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədi ilə sahələrdə, hazırlanan monitorinq proqramına uyğun olaraq ətraf mühitin monitorinqi işləri aparılır. Monitorinq zamanı atmosfer havasının toz və zərərli qazlarla çirklənməsi, həmçinin ətraf mühitin fiziki təsirlərlə (səs-küy, vibrasiya) çirklənməsi üzrə instrumental müşahidə işləri yerinə yetirilir. Cəmiyyət tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində kəşfiyyat, hasilat və emal prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində təxirəsalınmaz tədbilət görülür. Bununla yanaşı, ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik tədbirlər keçirilir, ətraf mühitə töhfə vermək və ekosistemin bərpası üçün mütəmadi ağacəkmə aksiyaları keçirilir. Bugünə qədər keçirilmiş ağacəkmə aksiyaları və yaşıllaşdırma işləri çərçivəsində Çovdar mədənin ərazisində 10000-ə yaxın ağac və kol əkilmişdir.

Ekologiya sahəsində görülən işlərin davamı olaraq qeyd edilməlidir ki, Cəmiyyətdə stehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur. İstehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar: civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emal üçün yönəldilir.

Bununla yanaşı, ekoloji və sosial məsuliyyətin Cəmiyyətin prioritetlərindən biri olduğunu nəzərə alaraq, “Çovdar” Filiz Emalı Sahəsində istismar nəticəsində filizin tərkibində olan civənin zərərsizləşdirilməsi məqsədi ilə növbəti ixracı 2020-ci ildə həyata keçirilmişdir. Civənin torpaqda basdırılmasının insan sağlamlığına təhlükə yaratması və torpaqların çirklənməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, civənin təkrar istifadəyə yönləndirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilmiş və müvafiq tədbirlər görülmüşdür. Belə ki, istehsalat nəticəsində yaranmış 1 tondan artıq civə satış məqsədi ilə 2020-ci ilin avqust ayında Papua-Yeni Qvineya ölkəsinə ixrac edilmişdir. Nəticədə ətraf mühitin mühafizəsinə töhfə verilmiş, eyni zamanda əlavə pul vəsaiti əldə edilmişdir. Beləliklə, Cəmiyyət BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələblərini nəzərə almaqla, beynəlxalq qanunvericiliyə uyğun şəkildə civənin ikinci dəfə ixracını reallaşdırmışdır.

Məlum olduğu kimi, hər bir şirkətin icbari olaraq daşıdığı hüquqi məsuliyyəti var. Korporativ sosial məsuliyyət isə tamamilə könüllülük prinsipinə əsaslanan fəaliyyət növüdür. “AzerGold”un sosial fəallıq proqramları könüllü və sistemli xarakter daşıması şirkətin missiyası və inkişaf strategiyası, eləcə də dövlətin sosial yöndə həyata keçirdiyi tədbirlərə dəstək niyyəti ilə bağlıdır. Cəmiyyətimizin korporativ sosial məsuliyyət siyasəti mahiyyət etibarilə cəmiyyətin inkişafında və ətraf mühitin mühafizəsində iştirakı barədə könüllü qərarını əks etdirir.

2020-ci il KSM sahəsində Cəmiyyətin bir sıra uğurlu layihələri ilə yadda qalmışdır. Əvvəlcə onu qeyd edim ki, ötən ildə “AzerGold” QSC tərəfindən icra edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələrin ictimaiyyət tərəfindən müsbət qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Belə ki, “AzerGold”-un 2019-cu ildə həyata keçirdiyi layihələrdən biri - Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində icra edilmiş “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusundakı təlim layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə məqsədi əsas götürülərək ötən il “Milli KSM mükafatı”na layiq görülmüşdür. Qeyd edək ki, “AzerGold” QSC “Milli KSM mükafatı”na layiq görülən ilk və yeganə dövlət şirkətidir.

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən layihələri, eləcə də könüllülük prinsipi əsasında edilən ianələri sosial-iqtisadi dövlət proqramlarına, əhalinin sağlamlığının qorunmasına, insanların rifahına və Ordumuza dəstək xarakteri daşıyır. Bu çərçivədə ötən il Silahlı Qüvvələrinə Yardım Fonduna, Koronavirusla Mübarizəyə Dəstək Fonduna o cümlədən, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial yardım aksiyalarına dəstək məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə ianələr ayrılmışdır.

Cəmiyyət fəaliyyət göstərdiyi Daşkəsən rayonunda yerli əhalinin sosial-məişət problemlərinin həlli məqsədilə rayonunun Şadax kəndinə su xəttinin çəkilişi və bulağın tikilməsini təmin edərək, nəticədə kənd əhalisinin içməli su probleminin həllinə töhfə vermişdir. Bununla yanaşı, Cəmiyyət və tərəfdaşları tərəfindən koronavirus pandemiyası ilə əlaqədar və Novruz bayramı münasibəti ilə Daşkəsən rayonunun ucqar kəndlərində yaşayan 250-dən çox aztəminatlı ailəyə ərzaq sovqatı paylanılmış, eyni zamanda, həmin bölgədə yaşayan azyaşlılara Cəmiyyət və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 100 ədəd “Kitab Sovqatı” hədiyə edilmişdir. “Çovdar” Filiz Emalı Sahəsində mövsümi iməcilik işləri zamanı toplanmış 500 ədəd ot bağlaması mədən ərazisinin yaxınlığında yerləşən kəndlərdə kiçik fermer təsərrüfatına malik olan yerli sakinlərə paylanılmışdır.

Ötən il də əvvəlki illərdə olduğu kimi, Daşkəsən rayonunun “Çovdar” filiz emalı sahəsinin yaxınlığında yerləşən kəndlərində əhalinin təsərrüfat fəaliyyətinə dəstək məqsədilə aparılmış cari abadlıq işləri nəticəsində biçilmiş ot bağlamaları mütəmadi olaraq, Cəmiyyətin əməkdaşları tərəfindən əsasən Çovdar kəndinin heyvandarlıqda məşğul olan aztəminatlı ailələrinə paylanılmışdır.

Bununla yanaşı, ötən il də Cəmiyyətin əməkdaşlarının iştirakı ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə birgə könüllü qanvermə aksiyaları təşkil edilmişdir.

Hörmətli media nümayəndələri, əziz jurnalistlər, bütün bunlar “AzerGold” QSC-nin 2020-ci ildə gördüyü və cari ildə görəcəyi işlərin bir hissəsidir. Ötən il əldə edilən çoxsaylı uğurlar, çıxış nitqimdə sadalanan statistikalar gələcəyə ümidlə, nikbin baxmağa imkan yaradır.

Məlum olduğu kimi, möhtərəm cənab Prezident İlham Əliyevin düzgün, düşünülmüş və məqsədyönlü siyasəti ilə ölkəmizin regionun ən qüdrətli ölkəsinə çevrilmişdir. İqtisadi-siyasi, eləcə də sosial sahələrdə atılmış düzgün addımlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Təsadüfi deyil ki, ölkədə qeyri-neft senayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmışdır. Bütün bu kimi müsbət meyillər ölkənin aparıcı mədən şirkəti olaraq bizim də öhdəliyimizə ciddi hədəflər qoyur. Başlıca məqsədimiz, qarşımızda duran ən əsas vəzifə ölkə iqtisadiyyatının inkişafına davamlı töhfələrimizi vermək, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə öz dəstəyimizi göstərməkdir. Əminəm ki, cari il ərzində də qarşıya qoyulan hədəflərə nail olunacaq, xüsusilə qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atılacaqdır".