"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BB+" səviyyəsində təsdiqləyib İqtisadiyyat

"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BB+" səviyyəsində təsdiqləyib

"Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada olan təmin edilməmiş üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, sözügedən reytinqin bu səviyyədə təsdiq olunması QSC-nin tədavül müddəti 2026-cı il olan Azərbaycan Respublikası tərəfindən tam zəmanət verilən 2 mlrd. ABŞ dolları həcmində avrobondların qiymətləndirməsini əks etdirir. Reytinq eyni zamanda QSC-nin istiqraz sahiblərinə dövlət tərəfindən tam və vaxtında geri ödəmənin qeyd-şərtsiz təminatını əks etdirir. "Cənub Qaz Dəhlizi"nin istiqrazlarına birbaşa Azərbaycan tərəfindən zəmanət verilir və istiqrazların sahibləri QSC-yə qarşı əvvəlcədən qanuni əməliyyat və ya məhkəmə prosesi olmadan birbaşa dövlətə qarşı tələblərini irəli sürə bilərlər.

Agentlik qeyd edir ki, layihələrin hamısı artıq istismara verildiyi üçün "Cənub Qaz Dəhlizi" QSC-nin 2021-ci ildə nağd vəsaitə olan ümumi ehtiyacı, rəhbərliyin proqnozuna əsasən, "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən əldə olunan vəsait hesabına tam təmin ediləcək.

Bundan əlavə, QSC 2020-ci ildə heç bir yeni borc götürməyib və 2020-ci ilin sonuna olan borcların 38,5%-i Dövlət Neft Fondunun lehinə çıxarılan istiqrazlardan, 30,9%-i beynəlxalq maliyyə institutlarına borclarından, 30,6%-i isə avrobondlardan ibarətdir.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" (CQD) Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. SOCAR-ın layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.