Vüsal Qasımlı: "Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər" İqtisadiyyat

Vüsal Qasımlı: "Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər"

İllik ticarət dövriyyəsi 2019-cu ildə 560 mlrd. avroya çatan Avropa İttifaqı və Çin “Zəngəzur dəhlizi” kimi alternativ marşrutlarda maraqlıdır.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, eyni zamanda, ticarət dövriyyəsi 6 mlrd. ABŞ dollarına çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 mlrd. dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün “Zəngəzur dəhlizi” əhəmiyyətlidir.

““Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqələrinin də güclənməsinə imkanlar aça bilər. Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də “Zəngəzur dəhlizi”ndə kommersiya baxımından maraqlıdır. Ermənistandan İrana 3,5 mlrd. dollara başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də “Zəngəzur dəhlizi” yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır”, - deyə V. Qasımlı qeyd edib.

Ekspert əlavə edib ki, Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin 2/3-i Azərbaycanladır, hətta yerdə qalan 1/3 uzunluqda sərhədin də yarısından çoxu Azərbaycanın müttəfiqi Türkiyə ilədir.

“Ermənistanın qonşulara ərazi iddiası səbəbindən sərhədlərinin 83,2%-i qapalıdır. Ermənistanın sanksiyalara məruz qalmış İranla 44 kilometrlik sərhədi məhdud ötürücülük imkanlarına malikdir, Gürcüstan üzərindən əsas ticarət tərəfdaşı Rusiyaya yeganə çıxış yolu sayılan “Yuxarı Lars” keçid məntəqəsinin mövsümi amillər də nəzərə alınmaqla potensialı aşağıdır. Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər”, - V. Qasımlı əlavə edib.