Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Şahin Mustafayev İqtisadiyyat

Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Şahin Mustafayev

İşğaldan azad edilən ərazilərdə digər təbii resurslarla bərabər kifayət qədər zəngin su resursları da mövcuddur. Trend-in məlumatına görə, bunu Ağdamda səfərdə olan baş nazirin müavini Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, təqribi hesablamalara görə, bu ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var:

“Bu ehtiyatlar tələbatı tam ödəməyə imkan verir. Cənab Prezidentin bəyan etdiyi kimi ölkədə su mənbələrinin xəritəsi hazırlanır. Bu xəritənin üzərində iş gedir. Çalışırıq ki, qısa müddətdə xəritənin ilk layihəsini hazırlayıb təqdim edək. Xəritə elektron formada hazırlanır.

Eyni zamanda su resurslarının yenidən qiymətləndirilməsi vacibdir. Bunun üçün yeraltı su həcmlərinin dəqiqləşdirilməsi üçün müşahidə-kəşfiyyat quyularının qazılması nəzərdə tutulur və Ağdam rayonu da istisna deyil”.