Şahin Mustafayev: “İşğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetr su ehtiyatı var” İqtisadiyyat

Şahin Mustafayev: “İşğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetr su ehtiyatı var”

“Geniş quruculuq işlərində su ən önəmli məsələlərdən biridir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu bu gün Ağdam şəhərində səfərdə olan Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadəyə böyük önəm verir: “Dövlət başçısının 2020-ci il aprelin 15-də yaratdığı Komissiyaya 2021-ci il aprelin 19-dan işğaldan azad olunan ərazilərdə də su ehtiyatlarından səmərəli istifadə məsələləri tapşırılıb. Eyni zamanda dövlət başçısı bütün işlərin görülməsində əlaqələndirmə amilinə çox böyük önəm verir. Bu məqsədlə keçən ilin noyabr ayında Prezident İlham Əliyev Əlaqələndirmə Qərargahı yaradıb. Su məsələləri ilə bağlı Komissiyaya isə Əlaqələndirmə Qərargahı ilə birlikdə su ehtiyatlarından səmərəli istifadə, su təsərrüfatı obyektlərinin təmiri və bərpası, tikintisi, içməli və suvarma suyu ilə təchizat məsələləri tapşırılıb. Bugünkü səfərdə də məqsəd məhz işğaldan azad olunan ərazilərdə bu məsələlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır”.

Ş. Mustafayev deyib ki, işğaldan azad olunan ərazilərdə digər təbii resurslarla bərabər, kifayət qədər zəngin su resursları mövcuddur: “Təqribi hesablamalara görə, işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetr su resursu var. Bu sudan səmərəli istifadə bizim tələbatı tam ödəməyə imkan verəcək”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, Prezident İlham Əliyev iyun ayının 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarına baş çəkərkən bəyan edib ki, ölkədəki su mənbələrinin xəritəsi hazırlanır: “Hazırda su mənbələrinin xəritəsi üzərində iş gedir. Çalışacağıq ki, qısa müddətdə bunun ilkin layihəsini hazırlayaq təqdim edək. Xəritə elektron formada hazırlanır və çox səmərəli bir sənədə çevriləcək. Biz bu xəritədən sudan səmərəli yararlanmaq üçün istifadə edəcəyik”.