“Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır Müsahibə

“Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır

Bütün köhnə reaktorlar kimi "Metsamor" AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır, Yaponiya "Fukuşima-1" AES-də baş verən qəzadan bu dərsi alıb. Bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) mütəxəssislər qrupunun Ermənistanın "Metsamor" AES-ində aparılan araşdırmalarla bağlı rəyinə münasibət bildirən Tokio Universitetinin dosenti, fizika elmləri üzrə fəlsəfə doktoru, Nüvə Mühəndisliyi və Menecmenti Departamentinin tədqiqatçısı Nejdet Erkan AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib. Müsahibəni təqdim edirik.
- Məlum olduğu kimi, istifadə müddəti başa çatan "Metsamor" AES-dəki reaktorlar yalnız Ermənistanın özü üçün deyil, eyni zamanda, ətraf ölkələrin, o cümlədən Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və İranın əhalisi üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Yaponiyada çalışan bir mütəxəssis kimi bu barədə rəyinizi bilmək maraqlı olardı.
- Ermənistandakı köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən "Metsamor" AES-in ciddi regional fəlakət mənbəyi olması məlumdur. Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bildiyimiz kimi, Ermənistanda yerləşən "Metsamor" AES-də dünyanın ən köhnə reaktorları istifadə edilir. Burada yerləşən reaktorlardan biri 1976-ci ildə, digəri isə 1980-ci ildə fəaliyyətə başlayıb. Hazırda bu reaktorlardan ikincisi fəaliyyətdədir. Düşünürəm ki, xüsusən Yaponiyada yerləşən "Fukuşima-1" AES-də baş verən qəzadan sonra bu cür köhnə reaktorlar dayandırılmalı, onlardan qətiyyən istifadə edilməməlidir. Bütün köhnə reaktorlar kimi, "Metsamor" AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır. Yaponiya "Fukuşima-1" AES-də baş verən qəzadan bu dərsi alıb. Dünyanın ən qabaqcıl texnologiyalarına malik olan Yaponiyada belə köhnə rektorların fəaliyyəti tamamilə dayandırılıb. Tarixi baxımdan yanaşsaq, həmin reaktorlar 1970-ci illərdə inşa edilib. Bu o, deməkdir ki, bu reaktorlar 60-cı illərin ortalarında və ya sonlarında dizayn edilib. Bu, elə bir dövr idi ki, həmin vaxt adi kompüter belə yox idi. Bütün mühəndislik hesabatları əl ilə və ya çox aşağı səviyyəli texnika ilə həyata keçirilmişdi. Daha dəqiq desək, bugünkü yüksək və müasir texnologiyalarla müqayisədə həmin vaxt təhlükəsizliklə bağlı aparılan hesablamalar, istifadə edilən avadanlıq təbii ki, aşağı səviyyədə idi.
Digər tərəfdən, 1988-ci ildə Metsamordan 75 kilometr aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu ildə AES-in fəaliyyəti dondurulub. Ermənistan üzləşdiyi ciddi enerji böhranı ilə əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə ikinci enerji bloku işə salınıb. Bu stansiya birinci nəsil VVGR-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib.
Apardığım araşdırmalar da təsdiq edir ki, Ermənistanda bu reaktorun nə dərəcədə təhlükəli olduğunu başa düşən və onun əleyhinə olan insanlar var. Lakin burada təhlükəsizlik deyil, daha çox dövlətin enerji tələbatı və iqtisadi maraqları ön sıraya çıxır. Yəni, Ermənistan bu AES-ə möhtacdır. Məlum olduğu kimi, Ermənistan özünün enerji tələbatının 40 faizini bu AES-dən alır. Ermənistan rəhbərliyi yarana biləcək çox böyük təhlükəyə baxmayaraq, AES-in ömrünü uzatmağa çalışır və bu məqsədlə də BAEA-nın mütəxəssislər qrupunu ölkəyə dəvət edib. Həmin qrupun hesabatı yaxın iki ay ərzində hazır olacaq. Lakin qrupun apardığı araşdırmalar əsasında mətbuatda gedən məlumatlara əsasən deyə bilərik ki, bu nəticələr nə qədər müsbət olsa da, baş verə biləcək hər hansı təbii və ya qeyri-təbii hadisə bu AES-i çox böyük təhlükə mənbəyinə çevirə bilər. Bunu nəzərə alaraq, mən bir mütəxəssis kimi bu AES-in fəaliyyətinin qısa zamanda dayandırılmasının daha düzgün olacağını düşünürəm.
- Sizin də dediyiniz kimi, atom enerjisindən istifadə bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalır. Bunu həm "Çernobıl", həm də "Fukuşima-1" AES-lərdə baş verən qəzalar da sübut etdi. Belə olan halda BAEA qrupunun "Metsamor" AES-in fəaliyyətinin davam etdirilməsi barədə rəyi nə dərəcədə məqsədəuyğundur?
- Bir daha qeyd edim ki, bir mütəxəssis olaraq mən köhnə reaktorlardan istifadənin qəti əleyhinəyəm. Mənim bu fikrimi Yaponiyada atılan addımlar, yəni, konkret olaraq köhnə reaktorlardan imtina olunması da təsdiq edir. Amma digər tərəfdən, məsələn, Almaniya kimi bir ölkə atom enerjisindən gələcəkdə bir daha heç vaxt istifadə etməyəcəyini bildirsə də, hələ də köhnə reaktorlardan enerji alır. Mən deyərdim ki, bu, daha çox siyasi qərardır. Əgər məsələyə iqtisadi baxımdan yanaşsaq, böyük atom elektrik stansiyalarının inşası çox baha başa gəldiyinə görə dünya bu layihələrdən imtina edir. Xüsusən "Fukuşima-1" AES-dən sonra təhlükəsizlik məsələlərinin ön plana çıxması və əlavə xərclərin artması bu layihələri iqtisadi baxımdan sərfəli etmir. Digər tərəfdən, alternativ enerji mənbələri, ucuz təbii qazla işləyən elektrik stansiyaları bu bahalı layihələri sıradan çıxarır. Lakin bir sıra dövlətlər, o cümlədən Yaponiya da artıq inşa olunmuş AES-lərdəki reaktorlardan istifadə etməyə çalışır, amma bu zaman təhlükəsizliklə bağlı müvafiq tələblər tam nəzərə alınır. Ermənistandakı "Metsamor" AES üçün ən təhlükəli digər məqam isə, fikrimcə, onun seysmoloji cəhətdən çox həssas ərazidə yerləşməsidir. Məsələ burasındadır ki, müasir tələblər zəlzələ baş verən anda reaktorun ani dayandırılmasını nəzərdə tutur və bundan sonra təcili olaraq reaktorun soyudulması vacibdir. Bunu yaponlar "Fukuşima-1" AES-də həyata keçirə bilmədilər. Nəhəng sunami dalğaları buna imkan vermədi. Zəlzələ anında reaktor durdurulsa da, onu anında soyutmaq mümkün olmadığına görə partlayış baş verdi. "Metsamor" AES-də də reaktorun anında dayandırılması mümkün olsa da, reaktorun soyudulması üçün hazırlıq işlərinin hansı səviyyədə olduğunu demək çətindir. Məsələ burasındadır ki, "Metsamor" AES-də reaktor çox köhnə olduğuna görə qəza anında xaricə çıxan radioaktiv maddələrin qarşısını alacaq müvafiq avadanlığı, sızma konteymeti çox zəifdir. Bunu biz "Fukuşima-1" AES-dəki reaktorda da gördük. Buradakı konteymet çox kiçik olduğuna görə lazım olan effekt əldə edilmədi. Yeni nəsil reaktorlarda bu konteymetlər çox böyük düzəldilir. "Metsamor" AES-dəki reaktor da çox köhnə olduğu üçün oradakı konteymetin kifayət qədər böyük olmadığını düşünürəm və bu da onu çox təhlükəli edir.
- Ermənistan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan kimi bir dövlətlə qonşuluqda yerləşir. Bu, Ermənistana öz enerji təminatını həyata keçirmək üçün böyük imkanlar yaradır. Lakin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması onu bu layihələrdən kənarda saxlayır. Belə olan halda, Ermənistan rəhbərliyinin daha düşünülmüş siyasət yeritməsi, qonşularla dostluq münasibətləri qurması ona bu problemin həllində yardım etməzmi?
- Doğru deyirsiniz, dünya çox dəyişib. İqtisadi baxımdan ölkələr biri-birinə daha sıx bağlanıb. Müasir dünya dövlətləri qonşuluqdakı böyük təbii sərvətlərə, enerji mənbələrinə malik ölkə ilə daha xoş münasibətlər qurmağa çalışır. Buna görə də əgər ölkənizin gələcəyini, enerji təminatını düşünürsünüzsə, o zaman qonşularla daha xoş münasibətlər qurmağa çalışmalısınız. Bu, çox mühüm məqamdır. Ermənistanda da yəqin ki, bunu başa düşən insanlar yox deyil. Hazırda bu dövlətin iki mühüm qonşusu ilə - həm Türkiyə, həm də Azərbaycanla heç bir siyasi, iqtisadi əlaqələri yoxdur. Necə deyərlər, özü-özünü təcrid edilmiş bir hala salıb. Buna görə də daha ağıllı yol tutaraq, dünyaya açıq olmaq, qonşularla xoş münasibətlər qurmaq istənilən ölkə üçün daha böyük imkanlar yarada bilər. Bu, həm də Ermənistan xalqının səfalətdən çıxmasına yardım edər. Bu gün Ermənistanın qonşuluğunda sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycan kimi bir dövlət var. Eyni zamanda, Türkiyə kimi böyük bir ölkə var. Əlbəttə ki, Ermənistanın qonşularla daha yaxşı yola getməsi, hazırda yeritdiyi siyasətdən əl çəkməsi lazımdır. Belə olan halda, Ermənistan rəhbərliyi alternativ enerji mənbələri, xüsusən təbii qazla işləyən elektrik stansiyalarının sayını artırmaq istiqamətində müəyyən irəliləyişlərə nail ola bilər.
Lakin reallıq budur ki, Ermənistan təhlükəli "Metsamor" stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar "Metsamor`` AES-in bağlanması ilə bağlı Ermənistandan götürdüyü öhdəliyə əməl etməsini tələb etməli, bu məqsədlə siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar.