“Özümüz deyib, özümüz də eşidirik” Müsahibə

“Özümüz deyib, özümüz də eşidirik”

Elxan Mirhəşimli: “Tədbirlərimizə molla çağırıb şəhidlərimizin ruhuna fatihə verib dururuqsa, deməli, çatışmazlıqlarımız çoxdur

Elxan Mirhəşimli 2002-ci ildən Diaspora fəaliyəti ilə məşğul olur. 2013-cü ildən oğlu ilə birlikdə Niderlandda Azərbaycan Evi təşkilatı yaradıb. Niderlandda Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini, dilini təbliğ edir. Azərbaycanın siyasi problemi olan Qarabağ problemlərinin həqiqətlərini, Xocalı soyqrımının həqiqətlərini, siyasi həqiqətləri Avropada və əsasən də Niderlandda təbliğ edərək Azərbaycan dövlətinin xarici siyasətini Avropada dəstəkləyir. Azərbaycanın milli maraqlarının qorunmasında iştirak edir. 2015-ci ilin fevral ayının 22-də Niderlandda Frisland bölgəsində Bilds bələdiyyəsində "Xocalıya ədalət" konfransını, Niderlanddın Herenven şəhərində "Xocalıya ədalət" fotosərgisi təşkil edib. Brüsseldə, Haaqa Ermənistan səfirliyi qarşısında etiraz mitinqlərinin təşkilində böyük fəaliyyəti olub. Avropada tanınan, nüfuzlu, ciddi mövqeyə və hörmətə layiq diaspor təşkilat sədrlərindən olan Elxan Mirhəşimli həmişə barışdırıcı mövqedən çıxış edib, Avropada bir-biriylə yola getməyən diaspor təşkilatı sədrlərini milli birliyə, həmrəyliyə çağırıb. Bu vaxtadək heç bir qalmaqalda adı hallanmayan E.Mirhəşimli nə Azərbaycan dövlətindən, nə də Avropadakı imkanlı təşkilat sədrlərindən heç bir dəstək almadan dövlət və dövlətçiliyimizin qorunması istiqamətində fəaliyyət göstərib. Öz imkan və nüfuzundan istifadə edərək Azərbaycan həqiqətlərini Avropada yayır, Azərbaycanı, azərbaycançılıq ideologiyasını təbliği edir.

E.Həşimli “Xalq Cəbhəsi”nə müsahibəsində diaspor quruculuğu, çatışmayan cəhətlərimiz, uğurlarımız, uğursuzluqlarımızın səbəblərindən bəhs etdi.

- Exan bəy, Avropa Azərbaycanlıları Konqersinin (AAK) qurultayı yaxınlaşır, hazırlıq görülürmü, yeni sədrin namizədliyi ilə bağlı hansısa fikirlər, təkliflər səsləndirilrmi?

- Qurultay gələn ilin fevralında olmalıdır. Amma hər qurultay öncəsi, 3-4 ay əvvəl hazırlıq işləri aparılır. Namizədlər müəyyənləşir, biz də öz namizədimizi seçirik və qurultayda seçimimizə səs veririk. Yəni qabaqcadan hansı namizədi seçib ona səs verəcəyimizi müəyyənləşdirirk. Qurultaya 3-4 gün qalmış bu seçimi etməkdə çətinlik çəkirik. Amma hələlik qurultaya hazırlıq, namizədlərin müəyyənləşməsi ilə bağlı heç bir söz, söhbət yoxdur.

- Necə fikirləşirsiz, bu dəfə də Sahil Qasımovun namizədliyi üstündə dayanılacaq?

- Artıq başqa namizəd barədə fikirləşmək lazımdır. Sahil bəy 3 il sədrlik müddətini tamamlayıb, nizamnaməyə əsasən. Ola bilər, kimsə yenidən onun namizədliyini irəli sürəcək. Mən ancaq öz fikrimi deyirəm, yeni namizədlərə imkan yaradılmalıdır ki, öz bacarığını, fəaliyyətini göstərsin. Hər zaman yeni fikrə qapılar açıq olmalıdır.

- AAK-dan söz düşmüşkən, Sahil bəyin sədrlik fəaliyyətini necə dəyərləndirərdiz?

- Sahil bəy diaspora fəaliyyətində təcrübəlidir. Hollandiyada diasporanın təşkilatlanmasında böyük əməyi, zəhməti var. Sahil bəy AAK prezidenti seçildikdən sonra, fəaliyyətində bir az canlanma oldu. AAK-a rəhbərlik bu bir vəzifəyə gəlmək deyil, bu bir işdir, kimliyindən aslı olmayaraq, işini milli maraqlara uygun aparmalıdır. Avropada fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlıq etməlidir. AAK-ın bir neçə uğurlu görüşü və tədbiri oldu. Qanedici olması üçün daha böyük uğurlu işlərə imza atılmalıdır. AAK-a president, kimliyindən asılı olmayaraq kim seçiləcəksə, öncə birlik, bərabərlik olmalıdır, bütün təşkilatların dəstəyi olmadan heç kim bu sahədə təkbaşına uğura imza ata bilməyəcək. İstəyimiz Avropada güclü lobbiçilik təşkilatçılığına nail olmaqdır. Bu da həmrəyliyimizdən, birliyimizdən keçir. Birliyə nail olsaq o zaman Avropada siyasətdə söz sahibinə çevrilərik, təsir edə biləcək gücə malik olarıq. Problemlərimiz də həll olar, çatışmazlıqlarımız da. Hə qədər ki, bunları əldə etməmişik, tədbirlər keçirib, özümüz deyib, özümüz də eşidirik. Tədbirlərimizə molla çağırıb şəhidlərimizin ruhuna fatihə verib dururuqsa, deməli, çatışmazlıqlarımız çoxdur. Bu tədbirlərdən Avropa mediasının, ictimaiyyətinin, siyasətinin xəbəri belə olmur. Avropa mediasında Azərbaycan, Qarabag, Xocalı soyqırımı, 1 milyondan çox qaçqınımız, 20 faiz torpaqlarımızın işğalı haqqında yazılara az rast gəlirik. Uğurdan danışmaq indiki zamanda tezdir. Görüləsi işlər çoxdur. Bu mənim şəxsi fikrimdir. Sahil bəylə şəxsi heç bir problemim yoxdur, fikirlərim AAK təşkilatıyla bağlıdır.

- Sizin təşkilat AAK-a üzvdürmü?

- Mən heç bu vaxta qədər AAK-ın nizamnaməsini görməmişəm, kimlər AAK üzvüdür, necə üzv seçilir, kimlər tərəfindən idarə olunur, heç bir məlumatım yoxdur. Elə ən böyük problemlərdən biri də budur. Avropada təşkilat rəhbərisən, amma nizamnamədən xəbərimiz yoxdur. Qurultaylara dəvət edirlər, gəlin səs verməyə, bizim namizədə səs verin. Namizədi kimlər seçdi, nəyə görə dəyər verib seçdi, xəbərimiz də olmur. Komitənin sabiq sədri ilə bu barədə söhbət olmuşdu. Sonuncu qurultaydan sonra bildirdilər ki, ərizə ilə müraciət etməlisən.Sonra da dedilər ki, sözlə müraciət də yetərlidir. Dedim, mən əgər AAK üzvü deyiləmsə, qurultaya niyə dəvət edirsiz. Ona görə də deyirəm ki, Avropada Azərbaycan adından danışanda çoxlarımızın qəbul edilən qərarlardan xəbərimiz olmur. Heç olmasa e-mail ünvanımıza məktublar göndərib bizim də fikirlərimizi öyrənsinlər. Bizim adımızdan işlər görürlər, tədbirlər bitdikdən sonra bu barədə mətbuatdan oxuyuruq. Mən indi özüm də bilmirəm AAK üzvüyəm, ya yox, amma sözlə müraciət etmişdim. Mənim fikrimcə, AAK müstəqil bir təşkilat olmalıdır, Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əməkdaşlıq etməlidir. 2017- ci ilə qədər AAK-ın rəhbərinin kim olduğunu bilmirdim.

- AAK məgər müstəqil təşkilat deyil?

- Kim tərəfindən idarə olunduğunu dəqiq deyə bilmərəm. Təşkilatın sədri Sahil bəy məni bir necə tədbirinə dəvət edib. AAK varsa, bəs mənə dəvətnaməni nədən Diaspora Komitəsi göndərmişdi. Tədbir AAK-ındırsa, dəvət də onun tərəfindən edilməliydi, Diaspora Komitəsi tərəfindən yox. O mənada söyləyirəm ki, müstəqil qurum olmalıdır. AAK Diaspora Komitəsi ilə də əməkdaşlıq etməlidir. Tədbirlər keçirdikdə təşkilat sədrləri ilə məsləhətləşmələr aparmalıdır, bizim də fikir və düşüncələrimizi dinləməlidirlər. Mən indiyədək AAK-da məsləhətləşmənin aparıldığını eşitməmişəm. Güclü bir diaspora və yaxud lobbiçilik qurmaq istəyiriksə, birlik və bərabərlikdən öncə sağlam ruha, sağlam düşüncəyə malik olan insanlara ehtiyacımız var.

- Azərbaycan ictimaiyyətində Avropadakı diaspor təşkilatlarına “şəkərbura, paxlava” adını veriblər. Yəni ancaq bayramdan bayrama görünürlər..

- Düzdür, Avropada təşkilatların əksəriyyəti bayramdan bayrama fəaliyyət göstərirlər. Bayramların keçirilməsi də lazımlıdır. Təşkilatlanma prosesini bitirə bilməyənlər paxlava, şəkərbura ilə dərnəklərini davam etdirirlər, burada tənqid ediləcək heç nə yoxdur. Milli bayramlarımızı da unutmamalıyıq.

- Necə düçünürsüz, Avropada Azərbaycan həqiqətlərini lazımınca yaya bilmişikmi?

- Avropada Azərbaycan həqiqətlərini lazımınca yaya bilsəydik bu bizim böyuk uğurumuz olardı. Səbəbləri fərqli ola bilər, ən əsas informasiya, təbliğat mexanizmimiz yoxdur, mediaya çıxışımız zəifdir.

- Diaspor quruculuğu prosesində maliyyə imkanlarına malik olmaq vacibdirmi?

- Diaspora dedikdə bir çox suallar ortaya çıxır. Avropada artıq təşkilatlanma prosesi bitib. Azərbaycanda siz buna diaspora təşkilatı adlandırırsız. Biz isə sadəcə təşkilat deyirik. Təşkilatlanma prosesi bitdiyinə görə lobbiçilik fəaliyyətinə keçilməlidir. Lobbiçilik fəaliyyətində maliyyə və güclü səlahiyyətli insanlar lazımdır. Pulu kim görsə bir araya gələcək (gülür) ancaq baxır hansi niyyətlə, özunə qazanc əldə etməyə, yoxsa vətəninə qazanc gətirməyə. Bu iş könül işidir, həqiqətən də dövlətini, vətənini sevənlər, heç bir zaman pulun ətrafına yığışmaz.

- Nə tövsiyə edərdiz?

- Küskünlük başqadır, milli iradəyə sahib çıxmaq başqadır. Bütün küskünlüklərə son qoyulmalı, birlikdə təşkilatlarımızın fəaliyyətini gücləndirməli, ermənilərin yalan informasiyasına qarşı birlikdə mübarizə aparılmalıdır. Çünki hər birimizin düşməni də, hədəfi də eynidir. Küskünlük yalnız düşmənimizin işinə yarayar. Birlik, bərabərlik üçün ilk öncə bir-birimizin fikrinə hörmətlə yanaşmağı bacarmalıyıq. Əfsuslar olsun ki, fikirlərimizə hörmət etmirik, tənqidi də təhqir kimi qəbul edirik. Liderlik, "mənəm, mənəm" prinsipi aradan qalxarsa, qarşılıqlı hörmət olarsa, o zaman birlik və bərabərliyə nail ola bilərik. Ümid edirəm ki, biz bu işi bacaracağıq, birliyimizlə.

Cavid