Məleykə Abbaszadə: İşəgötürənlər anlayırlar ki, insanların qeyri-standart məsələləri həll etmək bacarıqları daha vacibdir Müsahibə

Məleykə Abbaszadə: İşəgötürənlər anlayırlar ki, insanların qeyri-standart məsələləri həll etmək bacarıqları daha vacibdir

Dövlət İmtahan Mərkəzi (DİM) ilin əvvəlindən başlayaraq buraxılış, qəbul, magistratura, rezidentura, dövlət qulluğuna qəbul və digər müxtəlif təyinatlı imtahanlar keçirir. İndiyədək həmin imtahanlarda 400 mindən çox şəxs iştirak edib. AZƏRTAC imtahan, müsabiqə proseslərində tətbiq olunan yeniliklər barədə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə müsahibəni təqdim edir.

“Yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçid

-Bu gün əmək bazarında tələb olunan keyfiyyətlərdən biri də kadrların biliklə yanaşı, koqnitiv keyfiyyətlərə malik olmasıdır. Dövlət İmtahan Mərkəzi şagird və abituriyentlərdə bu keyfiyyətləri qiymətləndirməyə nə dərəcədə nail ola bilib?

-Hələ 90-cı illərdə bizə irad tuturdular ki, test vasitəsilə uşaqları əzbərçiliyə öyrədirik. Lakin 1994-cü ildən başlayaraq biz qəbul imtahanlarında təkcə müəyyən bilikləri yoxlayan faktoloji tapşırıqlardan deyil, həm də təhliletmə, ümumiləşdirmə, nəticə çıxarma, proqnozlaşdırma bacarıqlarını ölçməyə imkan verən tapşırıqlardan istifadə edirik. 2009-cu ildən isə biz müəyyən tapşırıqların formasını dəyişdik; yəni abituriyentlərdən təkcə təklif olunan 5 cavab variantından birini seçmək deyil, həmçinin xronoloji ardıcıllıqla işləmək, uyğunluğu müəyyənləşdirmək, yazı işi yazmaq tələb olunurdu. Biz hər il əvvəlki ilin nəticələrini təhlil edərək, ildən-ilə imtahan verənlərin koqnitiv keyfiyyətlərini ölçməyə imkan verən yeni növ tapşırıqlardan istifadə edirdik. Bu, pedaqoji ictimaiyyət tərəfindən hər zaman birmənalı qəbul olunmurdu. Bizi hətta imtahan materiallarının şüurlu şəkildə çətinləşdirilməsində təqsirləndirirdilər. Lakin biz hər zaman hökumət tərəfindən təsdiq edilmiş normativ-hüquqi sənədlərə əsaslanaraq fəaliyyət göstərmişik.

Ölkədə “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidlə əlaqədar islahatlar 2009-cu ildən tətbiq olunmağa başlayıb. Lakin bu proses təkcə imtahanda baş vermir, onun 90 faizi sinifdə, auditoriyada həyata keçirilir və buna, ilk növbədə, müəllimlər hazır olmalı, dərsliklərin məzmunu uyğun gəlməli, həmçinin gündəlik dərslərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi yeni tələblər əsasında aparılmalıdır.

2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olunduqdan sonra vəziyyət dəyişdi. Hazırda, fikrimcə, nəinki pedaqoji ictimaiyyət, həm də işəgötürənlər anlayırlar ki, insanların təkcə nəyisə bilməsi deyil, onların müstəqil şəkildə öyrənmək, bilikləri tətbiq etmək, qeyri-standart məsələləri həll etmək bacarıqları daha vacibdir.

Biz öz tərəfimizdən təhsilalanlara kömək məqsədilə yeni yoxlama-ölçmə materiallarından ibarət vəsait və toplular dərc edir, müəllimlər üçün elmi-metodik seminarlar keçiririk. 2019-cu ildən isə “YouTube” kanalımızda yeni proqram və dərsliklərə uyğun vizuallaşdırılmış dərslər yerləşdiririk. İstənilən müəllim, valideyn, şagird bu dərslərə baxaraq (hər videodərs təqribən 6-10 dəqiqə davam edir), bizim vəsaitlərdəki yeni növ tapşırıqları həll edə bilər. Gələcəkdə üç aydan bir konkret mövzular üzrə elektron sınaq imtahanları keçiriləcək və bununla da şagirdlərin bütün fənlər üzrə müstəqil hazırlığını təmin edən virtual dövrə tamamlanmış olacaq.

İmtahanın yeni modeli şagirdlərin ümumi bilik səviyyəsinə uyğundur

-Qəbul imtahanının yeni modelində orta məktəbin səviyyəsi nə dərəcədə nəzərə alınıb?

-Təbii ki, hansısa normativ aktların qəbulu bütün mövcud vəziyyətin bir anda dəyişməsi demək deyil. Burada çox vacib amil ondan ibarətdir ki, mövcud vəziyyətin müntəzəm şəkildə elmi əsaslarla dəyərləndirilməsi aparılsın, dəyişikliklərin istiqaməti və sürəti müəyyən edilsin. 1994-cü ildən başlayaraq biz bütün imtahanların nəticələrini təhlil edir, ölkə, rayon, məktəblər üzrə statistik araşdırmalar aparırıq. Hər il “Abituriyent” jurnalının 12-ci nömrəsi məhz bu təhlilin nəticələrinə həsr olunur. Yeri gəlmişkən, bu günlərdə 2018-ci ilə dair “Abituriyent” jurnalının 12-ci nömrəsi çapdan çıxıb.

2012-ci ildən biz artıq belə qiymətləndirməni 5-ci sinifdən başlayaraq aparmaq imkanı əldə etdik – bunun üçün hüquqi əsas yarandı. 2013-2019-cu illər ərzində 5-11-ci siniflərdə bütün ölkə üzrə apardığımız monitorinq imtahanlarında minlərlə tapşırıq sınaqdan keçirilib, təhsil standartlarının tətbiqi səviyyəsi qiymətləndirilib. Bu imtahanlar 100 mindən artıq şagirdi əhatə edib.

Beləliklə, yeni təhsil standartları (kurikulum) əsasında təhsil almış ilk şagirdlər 2017-ci ildə 9-cu sinfi bitirəndə biz artıq həm tədris proqramının, həm dərsliklərin bütün zəif tərəflərini bilirdik və buna uyğun imtahan modelini, onun məzmununu işləyib hazırladıq. Yəni imtahanın modeli və məzmunu yalnız hökumət tərəfindən 2010-cu ildə təsdiq edilmiş standartlara əsasən deyil, onların real tətbiqi səviyyəsinə əsasən quruldu. Bu addım Təhsil Nazirliyi ilə razılaşdırılıb və qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Bu il həmin şagirdlər artıq 11-ci sinif üzrə buraxılış imtahanını verdilər. Hazırda nəticələrin elmi təhlili barədə danışmaq tezdir. Lakin ilkin məlumatlara əsaslanaraq deyə bilərəm ki, ana dili və riyaziyyat fənləri üzrə nəticələr gözlədiyimiz kimi, xarici dil fənni üzrə isə gözlənilən nəticədən bir qədər yüksəkdir. Yəni ölçmə materialları (imtahan sualları) şagirdlərin ümumi bilik səviyyəsinə uyğundur. Bu gün “təkcə test olsun, yeni növ tapşırıqlar olmasın” fikrinin irəli sürülməsi heç bir məntiqə sığmır. Yəni illər öncə yeni təhsil standartları (kurikulum) əsasında tədris prosesindən, daha sonra monitorinq imtahanlarından və 2017-ci ildən IX siniflər üçün tətbiq edilən buraxılış imtahanlarından tutmuş builki buraxılış imtahanlarınadək DİM-in fəaliyyəti addım-addım, düşünülərək, əlaqədar qurumlarla razılaşdırılaraq qanunvericilik çərçivəsində həyata keçirilib.

Ali məktəbə qəbulolma şansları

-Müsabiqəyə buraxılış şərtləri əvvəlki ildən nə ilə fərqlənir?

-Ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul qaydalarında müəyyən varislik saxlanılaraq liberallaşma və sadələşmə aparılıb. Belə ki, bu il əvvəlkindən fərqli olaraq, fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtləri asanlaşdırılıb, V qrup və kolleclər üzrə də müsabiqə şərtləri daha aşağı səviyyədə müəyyən edilib.

- Bu il tələbələrin dövlət sifarişi əsasında ali məktəblərə qəbulolunma şansı necədir?

-Bizdə ümumiyyətlə son 5 ildə müsabiqə vəziyyəti elə dövlət sifarişli yerlərin əsasında yaranır. Belə ki, hər il özəl ali məktəblərdə kifayət qədər boş yer qalır. Ötən illə müqayisədə bu il dövlət sifarişli yerlərin sayında çox böyük artım var. Keçən il 12 mindən bir az artıq idisə, bu il müsabiqə şərtlərini ödəyən 20 mindən çox abituriyent dövlət sifarişli yerlərdə oxuya biləcək.

-Ali məktəblərə müsabiqədənkənar qəbul barədə bir qədər ətraflı məlumat verərdiniz.

-Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu sıraya:

-beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalçıları;

-IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatları (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) daxildir.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

- Orta ixtisas təhsili almış gənclərin ali məktəblərə müsabiqədənkənar qəbulunda ixtisas seçimi necə olacaq?

- Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli qərarına əsasən, subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ var. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Onlar ixtisas seçimində DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyənləşdirdiyi keçid balı ilə iştirak edəcəklər. Yəni I, II, III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla, V qrup üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar qəbul imtahanı verən abituriyentlər kimi seçdikləri komissiya üzrə ümumi qaydada qeydiyyatdan keçərək qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

İxtisas seçimi zamanı eyni yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),

2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

Subbakalavrlar ali təhsil müəssisələrinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Ali məktəbə imtahansız qəbul olmaq istəyən subbakalavrlar ümumi qaydada qəbul imtahanlarında da iştirak edə bilərlər. Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən olunacaq və ictimaiyyətə açıqlanacaq.

Qiymətləndirmə sistemi zamanın tələbinə cavab verir, daha çevik və liberaldır

-Bu gün Dövlət İmtahan Mərkəzinin imtahan modelini necə dəyərləndirmək olar?

Hər bir ölkədə mərkəzləşdirilmiş imtahanlar keçirilirsə, orada özünəməxsus sistem, imtahan modeli mövcud olur. İstənilən ölkədə qiymətləndirmə sistemi təhsil sisteminin törəməsi olur, onun bütün xüsusiyyətlərini əks etdirir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul etdiyi ilk qərarlardan biri ölkədə mərkəzləşdirilmiş test imtahanlarının tətbiqi oldu. Bu, inqilabi addım idi. O zaman ilkin mərhələdə dəyişikliklər yalnız prosedur xarakteri daşıyır, imtahanların məzmunu və seçim meyarları isə əvvəlki kimi idi. Şübhəsiz, qəbul prosedurlarının şəffaflığını təmin etmək üçün bu mürəkkəb məsələnin həllinə başlamış təşkilatın İT mütəxəssislərinin peşəkarlığını və fədakarlığını qeyd etmək lazımdır. Lakin o zaman milli qiymətləndirmə sisteminin qurulmasına, rəqabətli seçim məqsədinə nail olmağa imkan verən imtahanların məzmun baxımından dəyişdirilməsinə, bir sözlə, ali və orta məktəb arasında “körpünün” qurulmasına hələ çox var idi. Hətta ali məktəb müəllimləri test üsulu ilə qəbul olunmuş I kurs tələbələrinə bəzən inamsız, bəzən isə qərəzli münasibətini gizlətmirdilər.

Ölkədə elmi əsaslara söykənən şəffaf və ədalətli seçimin təmin olunması problemi faktiki olaraq təhsil sistemindən ölkənin sosial, bəzən isə siyasi həyatına keçirdi. O çətin günlərdə yeni qəbul sisteminin qorunub saxlanılmasında həlledici rolu ulu öndər Heydər Əliyevin siyasi dəstəyi oynadı. O, hər zaman bizim işimizlə maraqlanır, yenilikləri dəstəkləyir və görülmüş işlərə ədalətli qiymət verirdi.

Fikrimcə, Azərbaycanda qiymətləndirmə sistemi tam şəkildə 1999-cu ildə quruldu. 2000-ci ildə təşkilatımız Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın üzvlüyünə qəbul olundu. 2007-ci ildə Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut tərəfindən dərc olunmuş “Corrupt schools, corrupt universities: what can be done” adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət qiymətləndirilib.

Bu gün milli qiymətləndirmə sistemimiz keçid dövrünü yaşayır, və bu keçidin əsası 2006-cı ildə qoyulub. Belə ki, Nazirlər Kabineti tərəfindən 2006-cı ildə Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli kurikulum), 2009-cu ildə ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası, 2010-cu ildə ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) təsdiq edilib.

Bugünkü qiymətləndirmə sistemi zamanın tələbinə cavab verir, daha çevik və daha liberaldır.

Apellyasiya müraciətlərinin xeyli hissəsi bu və ya digər şəkildə güzəşt edilməsi xahişindən ibarətdir

-İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətləri çox olur?

-9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin sayını (189 mindən çox) nəzərə alsaq, apelyasiya müraciətlərinin sayı bir o qədər çox deyil. Onların da əksəriyyəti ya əsassızdır, ya da şagirdlərin cavablarla tanış olmaması ilə bağlıdır. Müraciətlərin xeyli hissəsi bu və ya digər şəkildə güzəşt edilməsi xahişindən ibarətdir. Belə müraciətlərdə valideynlər, adətən hansısa ailə problemini əsas gətirərək, balı az olan övladlarının müsabiqəyə, yaxud növbəti mərhələyə buraxılmasını xahiş edirlər. Təbii ki, onlara verilən cavabda müraciətin təmin olunmadığı bildirilir.

Xatırladım ki, 2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird iştirak edib. İmtahanların nəticələri aprel ayında elan olunub. Hər iştirakçının DİM-in saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına baxmaq imkanı var. Lakin cavab vərəqinə baxanların sayı çox azdır. Məsələn, martın 3-də imtahan vermiş 37341 nəfərdən 16435-i, 10-da imtahan vermiş 39533 nəfərdən 7800-ü, 17-də imtahan vermiş 32948 nəfərdən 6878-i, 31-də imtahanda iştirak etmiş 7759 nəfərdən 848-i öz cavab vərəqinə baxıb. Apellyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29 faizi) müraciət edib. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15 faizi) qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yol verdikləri səhvlər izah edilib. 7 şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət edib, amma araşdırma zamanı məlum olub ki, onlar müraciət etdikləri fənn üzrə heç nə yazmayıblar. 14 şagird ərizə yazmasına baxmayaraq apellyasiyada iştirakdan imtina edib və ya apellyasiyaya gəlməyib. Bununla belə, onların da ərizələri araşdırılıb və müvafiq qərarlar verilib.

Magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar 204 bakalavr Apellyasiya Komissiyasına müraciət edib. Komissiya üzvləri onların suallarına aydınlıq gətirib və yol verdikləri səhvləri izah ediblər. Bundan əlavə, bəzi proqramlarda açıq formalı hesablama tapşırıqlarının cavabını tapıb yuvarlaqlaşdırmada səhvə yol verənlər üçün cavab onların xeyrinə həll edilib.

-Magistraturaya ixtisas seçimində hansı yeniliklər var?

-Keçənilki plan yerləri ilə müqayisədə bu il yeni ixtisaslar yaranıb, bəziləri isə ləğv olunub. İxtisaslar barədə tam məlumat və seçim cədvəli “Magistr” jurnalının 4-cü sayında dərc olunub. AMEA-nın magistraturasına qəbulun ikinci mərhələsində test imtahanından əvvəl əlavə olaraq müsahibə də keçirilirdi, lakin qurumun rəhbərliyinin müraciəti əsasında bu ildən etibarən müsahibə mərhələsi ləğv olunub və qəbul test imtahanı nəticəsinə əsasən aparılır.

2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə 8203 plan yeri ayrılıb. Bunlardan 3101-i dövlət sifarişli, 5102-si isə ödənişlidir. Plan yerlərindən 5824-ü Azərbaycan bölməsi, 673-ü rus bölməsi, qalan 1706-sı hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb. Magistraturaya qəbul 75 proqram üzrə aparılıb. Proqramlar üzrə müsabiqə vəziyyəti fərqlidir. Məsələn, 1 saylı proqramda 96 yerdir, ixtisaslaşma seçiminə 106 nəfər buraxılıb. Lakin 4 saylı proqramda İxtisaslaşma seçiminə buraxılanların sayı 21, plan yeri isə 40-dır.

Namizədin gəlməməsi səbəbindən baş tutmayan müsahibələr dövlətin maddi resurslarının itkisi deməkdir

-DİM, həmçinin dövlət qulluğu vəzifələrinə qəbul üçün test imtahanı və müsahibələr keçirir. Qurumun saytında bəzən yazılır: “Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır”. Bu, nə ilə bağlıdır?

-Dövlət qulluğuna qəbulun müsahibə mərhələsində iştirak üçün sertifikat əldə edən hər kəs öz təhsilinə, iş stajına uyğun olaraq ərizə vermək hüququna malikdir. Bir şəxs bir çox yerlərə ərizə verə bilər. Hətta bir nəfərin 100-dən çox müsahibəyə yazıldığı hallar olub. 2018-ci ildə DİM tərəfindən dövlət qulluğunun müxtəlif vəzifələri üzrə 14 minədək müsahibə təşkil edilib və onlardan yalnız 7 mini baş tutub. Hər bir müsahibəyə 1 DİM əməkdaşı, 1 müstəqil ekspert və 1 dövlət orqanının nümayəndəsi cəlb olunur, orta hesabla 30 dəqiqə vaxt ayrılır. Təşkil edilmiş, lakin namizədin gəlməməsi səbəbindən baş tutmamış 7 min müsahibənin vaxtını 3 əməkdaşın iş saatlarına vursaq dövlətin nə qədər maddi resurs itkisinə məruz qaldığını hesablaya bilərik.

DİM-in nəşrləri valideynlər üçün də faydalıdır

-Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi test topluları növbəti il üçün nə dərəcədə faydalıdır?

-Bizim çap materiallarımız hər il yenilənir və yenilənmədə biz keçirilmiş imtahanların nəticələrini, çətinlik törədən mövzuları, bölmələri, tədris proqramlarında, dərsliklərdə edilən dəyişiklikləri nəzərə alırıq. Təhlillər təkcə qəbul deyil, buraxılış, magistr imtahanlarına da aiddir. İmtahan nəticələrinin statistik təhlili bütün vəsaitlərdə öz əksini tapır. Statistik təhlil bizə “yaralı” nöqtələri müəyyənləşdirməyə imkan verir. Buraxdığımız vəsait və toplular təkcə imtahana hazırlaşanlar üçün deyil, həm də müəllimlər və valideynlər üçün faydalıdır. Belə ki, müəllimlərə hər dəfə əlavə material lazımdır, valideyn isə övladının bilik səviyyəsini yarımillik, illik ölçmə materialları vasitəsilə evdə yoxlaya bilər.

-DİM-in saytında materiallardan birində belə bir fikir var: “Artıq indidən 2020-25-ci illərdə həyata keçiriləcək imtahanların məzmununu müzakirəyə çıxaran onlarla ekspert şuraları var və onlar da saat kimi işləyir!”. Bu barədə bir qədər məlumat verərdiniz...

-DİM çoxşaxəli fəaliyyətində ekspert və mütəxəssislərlə daim əməkdaşlıq edir. Hər bir sahə üzrə tapşırıqların yaradılması, proqramların yazılması üzrə mütəxəssislər, ekspertlər toplaşır, elmi-metodik seminarlar keçirilir. Builki imtahanlar bitən kimi onun nəticələri müzakirə ediləcək. Hələ ki, ekspertlər yeni dərslikləri təhlil edirlər. DİM-in metodik seminarları, müzakirələri açıqdır və hər bir mütəxəssis, ekspert gəlib müvafiq sənədini təqdim etməklə orada iştirak edə bilər.

Dövlət İmtahan Mərkəzi müxtəlif təyinatlı imtahanlar keçirir və onların əhatə dairəsi genişlənməkdə davam edir. Məsələn “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetnin 22 may 2019-cu il 237 nömrəli qərarına əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Biz hazırda müvafiq nazirliklərlə, həmçinin mütəxəssis qrupları ilə birgə imtahanların keçirilməsi və məzmununun formalaşdırılması ilə əlaqədar görüşlər keçirir və müzakirələr aparırıq.

IAEA-nın konfransında 170-dək məruzə dinləniləcək

-Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) sentyabr ayında Bakıda keçiriləcək “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda konfransına hazırlıq işləri nə yerdədir?

-Bu konfransı biz ikinci dəfə təşkil edəcəyik. İlk dəfə bu tədbiri 2007-ci ildə keçirmişik. Hazırda konfransda iştirak etmək üçün 50-dək ölkədən 249 nəfər qeydiyyatdan keçib, onlardan 169-u məruzə ilə çıxış edəcək. Qeydiyyat davam edir. Konfrans özünümaliyyələşdirmə prinsipi ilə təşkil olunsa da ona maraq böyükdür. Tədbir çərçivəsində vorkşoplar (təlim) təşkil olunacaq ki, burada dinləyici kimi iştirak edənlər belə müvafiq sahəyə aid yenilikləri öyrənmək imkanı qazanacaqlar.

Konfransın əsas spikerlərindən Amra Seybik El-Reys Kolumbiya Universitetinin Müəllimlər Kollecində təhsil siyasəti və sosial təhlil üzrə dosent, təhsildə gəlir-xərclər üzrə araşdırmalar mərkəzində layihə rəhbəridir. O, Rusiya, Avrasiya və Şərqi Avropa regionları üzrə Harriman institutunda fakültə üzvü kimi fəaliyyət göstərir. O konfransda “Azərbaycanın iqtisadi inkişafında təhsilin və qiymətləndirmənin rolu: İmkanlar və çətinliklər” mövzusunda çıxış edəcək.

Digər spiker professor Piter Tims 2011-ci ilə kimi CEM mərkəzinin direktoru olub. Monitorinq, qiymətləndirmə, nailiyyət göstəriciləri, uşaqların oxu bacarıqları Piter Timsin əsas tədqiqat sahəsidir. Konfransda onun məruzəsi “İlkin qiymətləndirmənin üstünlüyü: İbtidai təhsildə potensialın və inkişafın ölçülməsi”dir.

Üçüncü spiker professor Neytin Kuncel Marvin D.Dunette və Sənaye-Təşkilat psixologiya Universitetinin professoru, ASPM və Sənaye Təşkilatının üzvüdür. O isə “Təhsilin qiymətləndirilməsində proqnozlar və proseslər” mövzusunda çıxış edəcək.

Konfransda “Qiymətləndirmənin qərar qəbuletmə prosesində istifadəsi”, “Qərar qəbuletmədə qiymətləndirmənin etibarlılığı və validliyi/məqsədəuyğunluğu”, “Daha yaxşı qərar qəbul etmək üçün qiymətləndirmə üsulları”, “Daha yaxşı proqnozlar üçün əlavə dəyər ölçülərinin yaradılması”, “Qiymətləndirmənin verilənləri və qərar qəbuletmə məsuliyyəti” və digər mövzularda müzakirələr təşkil ediləcək, fikir mübadiləsi aparılacaq.

Dövlət İmtahan Mərkəzinin kollektivi konfransın təşkilinə tam hazırdır və bizim əməkdaşlar tərəfindən konfransa 14 məruzə təqdim olunub.

-Ətraflı müsahibəyə görə təşəkkür edirik.