“Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir” Müsahibə

“Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir”

2-6 dekabr tarixlərində İstanbulda Türk Konseyinin III Gənclər Festivalı keçirilib. Festivalda Konseyə üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, quruma yeni müşahidəçi üzv qəbul edilən Macarıstanın da nümayəndə heyəti iştirak edib. Festivalda Konseyin baş katibi Bağdad Əmriyev, Dünya Etnospor Federasiyasının rəhbəri Bilal Ərdoğan, quruma üzv dövlətlərin Gənclər və İdman nazirliklərinin yüksək vəzifəli nümayəndələri, Sivil Toplum Quruluşlarının rəhbərləri iştirak edib.
Mötəbər toplantıda iştirak etmiş Türk Konseyinin Gənclər Platformasının Baş Assambleyasının üzvü olan Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Festivalla bağlı müsahibəsini oxucularımıza təqdim edirik.
- Elməddin müəllim, əvvəlcə, Türk Konseyinin Gənclər Platforması haqqında bilgi verməyinizi istərdik.
- Azərbaycan nümayəndə heyətinin üzvü olaraq Tarix və mədəniyyətlə bağlı konfransda çıxış edərək ortaq mənəvi dəyərlərimizi yetərincə mənimsəmək və təbliğ etməklə müasir çağrışlara cavab verən formada bütün platformalarda birgə fəaliyyət göstərməyimizin hər bir türk dövlətinin milli maraqlarına uyğun olduğunu vurğuladım. 2018-ci ildən başlayaraq Konseyin gənclər platformasının yaradılması ilə bağlı həyata keçirilən çalışmaların uğurla nəticələndiyini deyə bilərik. Naxçıvan və Türkistan toplantılarından sonra 2019-cu ilin sentyabrında Bakıda Türk Konseyinin Gənclər Platformasının (GP) Baş Assambleyasının təsis iclası keçirildi və 3 il müddətinə Azərbaycan nümayəndəsi GP-ya rəhbər seçildi. lll Gənclər Festivalının keçirilməsi mühüm hadisə idi. Türk dünyasının müxtəlif ərazilərində yaşayan gənclərin ortaq dil, tarix və mədəniyyətə söykənərək birgə gələcək inşa etməsi və konsaldasiyası üçün mövcud imkanlardan səmərəli istifadəni hədəfləyən festival çərçivəsində önəmli tədbirlər keçirildi. 2009-cu ilin oktyabrın 3-də dövlət başçılarının qərarı ilə Naxçıvanda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması müstəqil türk dövlətləri arasında inteqrasiya prosesinin sürətləndirilərək mövcud potensialdan daha səmərəli şəkildə istifadəyə imkan verən və ortaq gələcəyin arxitekturasını müəyyən edən yeni mərhələnin əsasını qoydu. Başda cənab Prezident İlham Əliyev və Türkiyənin cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla Türk Konseyinə üzv olan dövlətlərin liderlərinin həyata keçirdiyi praqmatik, dəqiq strategiyaya malik siyasət nəticəsində bu gün türk dövlətlərinin vahid güc kimi formalaşaraq dünyanın geosiyasi mənzərəsində mövqeyinin qüvvətlənməsi və ciddi aktora çevrilməsi prosesini müşahidə etməkdəyik. 20-ci əsrin bəlli dövründə siyasi əlaqələri kəsilsə də könül və mədəniyyət bağları heç zaman qırılmamış türk xalqlarının bu gün mövcud olan müstəqil dövlətlərinin bütün sahələrdəki resurslarının birləşdirilməsi zamanın və tarixin tələbidir. Dünyanın əsas güc mərkəzlərinin qloballaşma adı altında xalqların milli dəyərlərini deqradasiyaya uğratmaq üçün yüz milyonlarla dollar vəsait xərcləyərək siyasi, iqtisadi və mədəni sahədə güclü təzyiq göstərir. Bunların qarşısını güclü bir şəkildə almaq, eyni zamanda mövcud çoxçeşidli problemlərin həlli ilə bağlı vahid mövqedən çıxış etmək baxımından Türk Konseyi qədim tarixə və zəngin mədəniyyətə malik olan türk xalqlarının dövlətlərinin uğurlu əməkdaşlıq modelidir. Əlbəttə ki, bu əsnada əhalisinin önəmli bir qismi olan gənclər arasında inteqrasiya prosesini sürətləndirmək, ortaq milli dəyərlərin təbliği və dünyanın gələcək inkişafında türk dövlətlərinin öncül mövqeyinə əlverişli zəmin formalaşdırmaq üçün Gənclər Platformasının təsisi mühüm əhəmiyyətə malikdir. 1,5 trl ÜDM-ə, 150 mln.artıq əhaliyə malik türk dövlətlərinin konsaldasiyası onların dünyadakı nüfuzunun və gücünün daha da artması deməkdir. Bu istiqamətdə gənclərin də üzərinə mühüm vəzifələr düşür.
- Festival çərçivəsində hansı qərarlar qəbul edildi?
- III Gənclər Festivalı çərçivəsində tarix, mədəniyyət və gənclər siyasəti ilə bağlı faydalı konfrans və digər maraqlı tədbirlər təşkil olundu, müzakirələr keçirildi və 2020-ci ildə görüləcək işlərlə bağlı ideya və təkliflər dinlənildi. Azərbaycan nümayəndə heyəti hər zamankı kimi Türk Konseyinin gənclər platformasının fəaliyyətində fəal şəkildə iştirak etdi. Azərbaycan təmsilçilərinin gənclər platformasının avanqard qüvvəsi olduğunu hamı qəbul edir. 200-dən artıq nümayəndənin iştirak etdiyi Festivalın istər tarix və mədəniyyətlə bağlı, istərsə də dövlət gənclər siyasəti ilə bağlı konfrans və panellərində aktiv şəkildə iştirak edərək ölkəmizi yüksək səviyyədə təmsil etdik. Festivalın mədəniyyət gecəsində Azərbaycanın rəqs qrupunun iştirakı xüsusi ilə böyük coşqu və maraqla qarşılandı. Tarix və mədəniyyətlə bağlı konfransda mən də çıxış edərək ortaq mənəvi dəyərlərimizi yetərincə mənimsəmək və təbliğ etməklə müasir çağrışlara cavab verən formada bütün platformalarda birgə fəaliyyət göstərməyimizin hər bir türk dövlətinin milli maraqlarına uyğun olduğunu vurğuladım.
- Türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi baxımıdan bu kimi tədbirlərin hansı təsirləri var?
- Doğudan batıyadək böyük bir coğrafiyada yaşayan türk xalqlarını bu gün narahat edən çoxsaylı problemlər var. Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması da, uyğurların milli mənsubiyyətinə görə hüquqlarından məhrum edilməsi, qətlə yetirilməsi də, Quzey Kıprısın embarqo altında qalmaqda davam etməsi də, deportasiya olunmalarından 70 ildən çox vaxt keçməsinə rəğmən ahıskalıların bərabərhüquqlu vətəndaş kimi doğma torpaqlarına qayıdışına imkan verilməməsi də, İran türklərinin ana dili və digər bir sıra hüquqlarının təmin olunmaması da yalnız müstəqil türk dövlətlərinin deyil, bütün türk dünyasının ortaq problemidir. Türk dövlətlərinin ayrılıqda bu problemlərin öhdəsindən gəlməsi real görünmür. Ona görə də vahid güc olub böyümək və hər kəsin hesablaşmağa məcbur olacağı siyasi, iqtisadi və hərbi platformaya çevrilmək zəruridir.