Baş infeksionist: “Rayonlarda vəziyyət gərgindir..." Müsahibə

Baş infeksionist: “Rayonlarda vəziyyət gərgindir..."

Baş infeksionist Cəlal İsayev ölkədəki son epidemioloji vəziyyət haqqında Teleqraf.com-un suallarını cavablandırıb.
- Doktor, karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur. Buna münasibətiniz necədir?
- Karantin rejiminin uzadılması doğru qərardır. Düzdür, son günlər yoluxmalarda stabilləşmə var, yoluxma sayı azalmağa doğru gedir, sağalma yoluxmanı üstələyir. Müsbət dinamika var və bunun saxlanması üçün karantin rejiminin davam etməsi vacibdir.
Gələcək nəticələrin təsiri imkan verə bilər ki, bəlkə də karantin rejimi müəyyən qədər yumşaldılsın. Bu nöqteyi-nəzərdən karantin rejiminin davam etdirilməsi məqsədəuyğundur.
- Avqust ayında koronovirusla vidalaşa bilərikmi?
- Bunu heç kim deyə bilməz. Çünki koronavirus infeksiyası haqqında proqnoz vermək çox çətin məsələdir. Mən Avropa mənbələrindən bir məlumat oxudum, koronavirusun son dövrlər təsiri müəyyən qədər zəifləyib. O da bir müşahidədir, hələ dəqiq təsdiqini tapmayıb. Ona görə də belə şeylərdən arxayın düşmək olmaz.
- Karantin rejimi uzadılır, insanlar bu il dincələ bilmədilər. Bu, qış mövsümündə aqressiyaya, stressə səbəb ola bilərmi?
- Düzgün fikirləşək, niyə aqressiyaya səbəb olsun ki? Bunu etməyə məcburuq. Xaricdə düşmənimiz ermənidirsə, bütün dünyanın daxili düşməni koronavirus infeksiyasıdır. Hazırda bu virusla mübarizə aparırıq və mübarizənin əsas şərtləri sosial məsafə gözləmək, maska taxmaq, gigiyena qaydalarına əməl etmək, kütləvi yerlərdən uzaq qalmaqdır.
Bunlara əməl etsək, yoluxma halları azalar, müxtəlif səviyyədə olan ağırlaşma halları, ölüm sayı aşağı düşər. Bu baxımdan görülən tədbirlər çox vacibdir. Biz hamımız buna düzgün yanaşmalıyıq. Burada aqressiyaya səbəb olacaq nəsə yoxdur, nə də fikirləşməyək ki, hüquqlarımızı əlimizdən alırlar. Xəstəlikdən qorunmaq üçün tətbiq olunan qaydaları aqressiyayaya səbəb kimi qəbul etmək olmaz.
- Artıq 5 aydır evdə qalırıq, günəş şüası vasitəsilə qəbul olunan D vitaminindən məhrumuq. İnsanlar apteklərdə olan D vitamini tabletləri alıb qəbul edə bilərlərmi?
- D vitamini qəbul etmək olar, amma bunu gərək yoxladasan ki, bu vitaminə ehtiyac varmı? Hər halda profilaktik olaraq insanlara D vitamininin verilməsi məsləhətdir.
- Necə düşünürsüz, rayonlara gediş-gəlişin açılması nə zaman mümkün olacaq?
- Hazırda rayonlarda vəziyyət gərgindir. Durumu qiymətləndirib sonra bu qərarı qəbul etmək olar. Əvvəl fikirləşirdik ki, bəlkə insanları buraxaq, getsinlər, Bakı şəhəri boşalsın. Amma görürsən ki, bölgələrdə xəstələnmə hadisələri artır, o artım fonunda bu addımı atmaq risklidi. Hər halda bu mexanizm işlənməli, xəstələnmə hadisələri təyin edildikdən sonra qərar qəbul olunmalıdır.
- Ötən günlərdə ordumuza dəstək, şəhidlərimizi anmaq məqsədilə yürüş təşkil olundu. Buna münasibətiniz necədir? Kütləvi toplanma yoluxma hallarına təsir edəcəkmi?
- İnsanlar ordumuzu dəstəkləmək üçün yürüş etdilər. Təəssüf ki, oradakı insanların heç biri maska taxmamışdı. Onların arasında yüzlərlə virusu gəzdirən ola bilər. Belələri ətrafdakıları yoluxduracaqlar.
Yoluxanların bir qismində kliniki formada əlamətlər meydana çıxacaq, digər qismində isə əlamətsiz keçən formalar baş verəcək. Bu da ətrafdakı digər insanların yoluxmasına səbəb olacaq. Bu nöqteyi-nəzərdən heç də yaxşı hal deyildi.
Doğrudur, hamımız deyirik ki, ordumuzun, dövlətimizin gördüyü siyasi xətti dəstəkləmək üçün toplaşmışıq. Digər tərəfdən ikinci düşmənimizə şərait yaradırıq ki, xəstələnmə hallarının artmasına səbəb olsun.