Qüdrət Həsənquliyev: “Qanunu bilməmək insanları məsuliyyətdən azad etmir” Müsahibə

Qüdrət Həsənquliyev: “Qanunu bilməmək insanları məsuliyyətdən azad etmir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsi

- Qüdrət bəy, bəzi şəxslər iddia edirlər ki,Milli Məclisin binasının qapısı açıq olduğundan,heç kim aksiya iştirakçılarının binaya girməsinə mane olmadığından, aksiya iştirakçıları binaya girməyə təhrik edildiyindən, xüsusilə DTX-nın genaralı Rauf Xələfov bunu etdiyindən ora daxil olan şəxslər məsuliyyət daşımır. Deyilənlər doğrudursa, qanunvericiliyə görə həmin şəxslər məsuliyyətdən azad olunmalıdırmılarmı?

- Əvvəla Konstitusiyanın 71- ci maddəsinin 9- cu hissəsinə görə heç kəs Qanunla nəzərdə tutlmayan hərəkətlərin icrasına məcbur edilə bilməz. Əgər aksiya iştirakçılarını kimsə içəri keçməyə məcbur etsəydi, onlar bundan imtina etməli idilər. Çünki qanunsuz olduğunu bilirdilər. Cinayət əməlinin kiminsə təhriki ilə törədilməsi təqsirkarı məsuliyyətdən azad etmir.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39- cu maddəsində cinayət təqibini istisna edən edən halların dairəsi dəqiq müəyyən olunub. Orada kiminsə təhriki ilə cinayət törədən şəxsin məsuliyyətdən azad olunması nəzərdə tutulmur.” Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə görə əməliyyatçı tərəfindən şəxsin qanun pozuntusuna təhrik edilməsi qadağan olunur. Əgər belə bir hal baş verirsə, o zaman həmin şəxs cinayətlərin cəminə görə, yəni həm törədilən cinayətdə iştirakçılığa görə, həm də səlahiyyət həddini aşmağa görə məsuliyyətə cəlb edilir. Amma bu hal qanunu pozan şəxsi məsuliyyətdən azad etmir. Əgər kimsə evinin, yaxud avtomobilinin qapısını açıq qoyubsa və sənə ora daxil olmağa müqavimət göstərmirsə sən ora girməlisənmi? Məgər vəzifəli şəxs onlara deyirdi ki, mən filankəsəm və mənim səlahiyyətim var ki, sizləri içəri buraxım. Bundan başqa içəri keçib nə edəcəksiniz? Milli Məclisin vəzifəli şəxslərinin orada olma ehtimalı olmadığı gecə saatlarında ora daxil olmağın ciddi qanun pozuntusu olduğunu inanmıram ki, kimsə bilməsin. Həm də qanunu bilməmək insanları məsuliyyətdən azad etmir. Ona görə də Milli Məclisin binasına qanunsuz daxil olan və əmlaka ziyan vuran şəxslərin məsuliyyətə cəlb olunmasında heç bir qanunsuzluq yoxdur. Həmin fakt üzrə başlanmış cinayət işinin istintaqını Respublika Prokurorluğu aparır. Əgər hansısa dövlət orqanının əməkdaşı öz vəzifəsini layiqincə yerinə yetirməyibsə və ya səlahiyyət həddini aşıbsa, onların da məsuliyyətə cəlb olunma məsələsinə baxılacaq, təxribatçılarla əlbir olub olmaması araşdırılacaqdır. Amma dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanın əməkdaşının aksiya iştirakçıları arasında olması hələ həmin şəxsin insanları hansısa qanunsuzluğa təhrik etməsi anlamına gəlmir. Əməliyyatçıların aksiya iştirakçıları arasında olmaması əhali arasında təəccüb və hiddət doğurardı və daha ağır cinayətlərin və təxribatların baş verməsinə yol açardı.