Dəyər Kurtaslanoğlu: Pandemiya təhlükəsindən qurtarmaq üçün ən ümdə şey sabaha ümiddir Müsahibə

Dəyər Kurtaslanoğlu: Pandemiya təhlükəsindən qurtarmaq üçün ən ümdə şey sabaha ümiddir

“Procter and Gamble (P&G) şirkətinin Qafqaz və Mərkəzi Asiya Respublikaları üzrə baş direktoru Dəyər Kurtaslanoğlunun “APA-Economics”ə müsahibəsi:

-P&G şirkəti Azərbaycanda hansı humanitar layihələrdə iştirak edir və iştirak etməyi planlaşdırır?

P&G şirkəti 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində biz insanların rəğbətini qazanmağa nail olmuşuq. Bu gün, demək olar ki, hər evdə bizim ən azı 1 məhsulumuz var. Bizə göstərilən bu rəğbətin səbəbi təkcə məhsullarımızın keyfiyyəti deyil, həm də P&G-nin bir qurum olaraq cəmiyyətin bir parçasına çevrilməyi bacarmasıdır. P&G Azərbaycan cəmiyyətə investisiya ilə geri dönən yaxşı bir korporativ vətəndaşdır. Bu gün və gələcək nəsillər üçün daha çox istehlakçının həyatına təsir göstərmək və yaxşılaşdırmaq üçün çalışırıq. Təhsil, səhiyyə və idman sahələrində inkişafa töhfə verən tərəfdaşlıq əlaqələri qururuq və əhəmiyyətli layihələr həyata keçiririk. Azərbaycana gəldiyimiz ilk illərdən Pampers brendi altında indiyədək 1 milyondan artıq ananı əhatə etmiş “Bilikli ana, sağlam körpə” proqramına və Always brendinin dəstəyi ilə 600 minədək yeniyetmə (11-13 yaşlı) məktəbli qızı əhatə etmiş maarifləndirici proqrama start verilib və bu layihələr hazırda da davam edir.

Sağlam nəsillərin yetişdirilməsini qarşıya məqsəd qoyaraq, idman və idmançıların hər zaman yanında olmağı özünə borc bilən “Procter and Gamble” 2012-ci il London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə Azərbaycan Milli Olimpiya Komitəsi ilə məğrur tərəfdaşlığın əsasını qoyub. Eyni məqsədlə, 2015-ci ildə “Anam üçün!” kampaniyası ilə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olub və "Hər bir uğur arxasında anaların əvəzsiz dəstəyi var" deyə bəyan edib.

Şirkətin daha bir dəstəyi 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına olub və belə genişmiqyaslı tədbirdə komandamızın birinci olmaq sevincini bizimlə birgə yaşayıb.

Bizim üçün çox sevindiricidir ki, cəmiyyət bizi sosial layihələrə açıq bir şirkət kimi tanıyır, ideya və təkliflərlə bizə müraciət olunur. Uğurlu layihələrimizdən biri – ucqar dağ kəndlərində uşaqların məktəbə daşınması üçün təşkil edilən “Məktəb avtobusu” layihəsi məhz ictimai təşkilatdan gələn təklif idi.

-Hansı şirkət və cəmiyyətlərlə bu sahədə əməkdaşlıq edilir?

Biz sosial layihələrimizin həyata keçirilməsi zamanı həm tanınmış şəxslər, həm ictimai təşkilatlar və dövlət qurumları, həm də özəl şirkətlərlə sıx əməkdaşlıq qurmağı bacarırıq. Əməkdaşlıqda üstünlük verdiyimiz cəhət tərəfdaşlarımızın P&G dəyərlərini qəbul edib, qorumasıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, AFFA, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti kimi dövlət və ictimai təşkilatlarla cəmiyyətə faydalı əməkdaşlığımızı qeyd edə bilərəm.

-İri qlobal şirkətlərdən biri olan P&G COVID-19 pandemiyasını necə qarşıladı?

Pandemiya elan olunan kimi P&G-nin ilk addımı əməkdaşlarının təhlükəsizliyi barədə düşünmək oldu. İş yerlərində təmasın maksimum məhdudlaşdırılması, məsafədən – onlayn iş rejiminə keçilməsi üçün addımlar atıldı. Biz bunu Bakı ofisində də tətbiq etdik. Amma milyonlarla insan P&G məhsullarına ehtiyac duyur və xüsusilə, təmizlik və şəxsi gigiyena məhsullarına tələbatın artdığı bir vaxtda istehsal və yayım prosesi də davam etdirilməli idi.

Ümumiyyətlə, Procter & Gamble pandemiya dövründə ictimai ehtiyacları dəstəkləmək üçün atdığı təcili addımları - 3 əsas istiqamətə ayırıb:

Əməkdaşlarının sağlamlığının qorunması və iqtisadi cəhətdən təminatı – pandemiyanın elan edildiyi ilk günlərdən şirkət əməkdaşlarının evdən onlayn, işdə isə məsafə saxlamaqla çalışmasına şərait yaradıb.

İnsanların daha çox ehtiyac duyduğu məhsulların fasiləsiz istehsalı və istehlakçılara çatdırılması – pandemiyanın elan edildiyi ilk günlərdə də, karantin günlərində də insanlar hər zaman alış-veriş etməyə alışdıqları bütün satış nöqtələrində P&G təmizlik və gigiyena məhsullarını rahat şəkildə əldə edə biliblər.

Pandemiya ilə ön cəbhədə mübarizə aparan bütün insanları və qurumları dəstəkləmək – şirkət həm tibb işçilərinə, həm karantində saxlanılanlara, həm də pandemiyanın zərərlərini yaşayışında hiss edənlərə öz dəstəyini təqdim edib.

-Pandemiyadan zərər çəkənlərə və xüsusilə ön cəbhədə mübarizə aparanlara hansı dəstək verildi?

Qeyd edim ki, pandemiyadan zərər çəkənlərə dəstəyimiz hələ də davam edir. İyul ayınadək pandemiyanın təsiri ilə ehtiyac altına düşmüş şəxslərə, karantində saxlanılanlara və pandemiya ilə mübarizə aparan tibb personalına ianə olaraq 250 min manat dəyərində məhsul çatdırmışıq. . Yardım Procter & Gamble şirkətinin Avropada COVID-19 pandemiyası əleyhinə fəaliyyətinin tərkib hissəsidir. Karantində olan şəxslərə və karantin üçün nəzərdə tutulmuş məkanlara çatdırılması üçün ayrılan məhsullar – P&G brendlərinə məxsus yuyucu toz, şampun, diş məcunu, ülgüc, diş fırçası və qadın bezləri - İcbari Tibbi Sığorta Agentliyinə təhvil verilib. Pandemiyanın ehtiyaca saldığı şəxslərdən 30 min nəfərə Procter&Gamble şirkəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə “Ümid 2020” Gigiyena Bağlaması paylayıb. “Bir damın altında ümidlə sabaha!” – şüarlı bu fəaliyyətdə P&G müştərisi olan hər kəsin payı var. P&G brendlərinin reklam kampaniyalarının siması olmuş və olan tanınmış şəxslər də şirkətin bu addımına qoşulublar.

İyul ayında bu yardımı davam etdirmək üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə əlavə olaraq 170 min manat vəsait ayırıb. Bu ay müştərilərimizin yardımda daha yaxından iştirakı üçün “1 məhsul=1 ümid” kampaniyasına başladıq. İyul ayının satışlarının nəticələrindən asılı olaraq, biz ianəmizə 40 min manat da əlavə etdik və bu məbləğlə daha 1500 ailəyə “Ümid” bağlamaları paylayırıq. Beləliklə, “Bir damın altında ümidlə sabaha!” kampaniyamızla 9000 ailənin - 36 min nəfərin həyatına toxunmuş oluruq. Ümumilikdə isə pandemiya dövründə ianə məbləğimiz 460 min manata çatmış olur.

-Pandemiya dövründə bir çox şirkətlərin satışları azalıb və ya azalmaqda davam edir. Bəs P&G şirkətində vəziyyət necədir?

Təbii ki, pandemiya bütün dünya ölkələrinə və bütün bizneslərə təsirsiz ötüşməyib. Bununla belə, insanların təməl ehtiyaclarını ödəyən məhsul və xidmətlər var ki, onların istehsalı hər bir şəraitdə vacibdir. Ərzaq, gigiyena, təmizlik məhsulları kimi məhsullara insanlar bütün şəraitlərdə ehtiyac duyurlar. Xüsusilə də, virus infeksiyası vasitəsilə yayılan xəstəliklə mübarizə zamanı gigiyena və təmizlik vasitələrinə tələbatın azaldığını söyləyə bilmərik. Lakin fəaliyyət göstərdiyi cəmiyyət qarşısında məsuliyyət duyan bir şirkət kimi, biz belə bir vaxtda bu məhsulların satışla yanaşı, ianələrə də yönəldilməsinə diqqət edirik. Çünki məhsullarımıza ehtiyac duyan elə insanlar var ki, pandemiyanın yaratdığı çətin vəziyyətdə bizim məhsulları əldə edə bilmir və biz bu günlərdə onlara dəstək göstəririk.

-Dəyər bəy, ianə bağlamalarınızın “Ümid” adlandırılması nə ilə bağlıdır?

Biz əminik ki, dünyamızı bürüyən pandemiya təhlükəsindən qurtarmaq üçün ən ümdə şey sabaha ümiddir. Eyni səma altında yaşadığımız dünyada ümidlə sabaha baxmaq üçün əlbir olmaq, bir-birinin qayğısına qalmaq vacibdir. Pandemiyanın zərər vurduğu şəxslərə ümidlərini itirməməyi və bu günlərin keçəcəyini bildirməyimiz lazımdır.

-Dəyər bəy, səmimi söhbətiniz üçün sizə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq!

Çox sağ olun! Biz də tezliklə pandemiya təhlükəsinin dünyamızdan qalxacağına və insanlarımızın normal həyata dönəcəyinə ümid edirik!