Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nın qətnamələrinə, ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə həllini tapmalıdır Müsahibə

Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nın qətnamələrinə, ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə həllini tapmalıdır

Avropa Parlamentinin Bolqarıstandan olan üzvü İlhan Kyuçyukun Trend-ə özəl müsahibəsi

- Azərbaycan və Bolqarıstan arasında əlaqələrin və əməkdaşlığın hazırki durumunu necə dəyərləndirirsiniz?

- Bolqarıstan 1992-ci ilin yanvar ayında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrin sırasında olub və həmin vaxtdan etibarən iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın uzun bir tarixi mövcuddur. Eyni zamanda iki ölkənin parlamentləri arasında da səmərəli əməkdaşlıq edilir.

Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşıdır və bizim enerji, turizm, kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə əməkdaşlıq üçün geniş potensialımız var. Bu əməkdaşlıq həm Bolqarıstan, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün faydalıdır. Avropa Parlamentinin üzvü kimi mən bu istiqamətdə əlimdən gələni edirəm.

Son illər ərzində mən Azərbaycan Parlamenti ilə Avropa Parlamenti arasında qarşılıqlı əlaqələri hərtərəfli inkişaf etdirmək və gücləndirmək istiqamətində çalışıram, çünki bu iki təsisat arasında əməkdaşlıq gələcək siyasi əməkdaşlıq və iqtisadi inteqrasiya üçün vacib əhəmiyyət kəsb edir.

- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropanın enerji sahəsində etibarlı strateji tərəfdaşlarından biri kimi Avropanın enerji təhlüksizliyinin təmin edilməsinə öz töhfəsini verir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin uğurla istismara verilməsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermiş oldu. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dünyada ən böyük enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzərin qaz resurslarını tezliklə Avropaya çatdırmaqla onun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək. Bu layihə Qərbi Balkanlara doğu genişlənmək potensialı və regionun təmiz enerji nəqlinə dəstəyi sayəsində Avropanın modern enerji arxitekturası ilə çox yaxşı uyğunluq təşkil edir.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlısınız. Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu münaqişənin həlli ilə bağlı sizin də fikirlərinizi bilmək istərdik.

- Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsindən və regiondakı vəziyyətdən yaxşı xəbərdardır. Hesab edirəm ki, Aİ-nin bütün Şərq Tərəfdaşlığı ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə sadiqliyi Aİ-nin həmin ölkələrlə bağlı uğurlu xarici siyasəti üçün açar rolunu oynayır.

Bu mənada biz son aylarda regionda gərginliyin artmasından narahatlığımızı ifadə edirik və çalışmalıyıq ki, Şərq Tərəfdaşlığı ölkələrində mövcud münaqişələr beynəlxalq qanuna, o cümlədən BMT Xartiyasına və ATƏT Helsinki Yekun Aktına, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uğun şəkildə həllini tapsın.

Dövlət sərhədləri boyunca hərbi fəaliyyəti genişləndirməklə üçüncü ölkəni münaqişəyə cəlb etmək cəhdləri olduqca təhlükəlidir və region üçün faciəvi nəticələrə səbəb ola bilər. Biz bu münaqişənin dayanıqlı sülh yolu ilə həllinin yalnız substantiv və mənalı danışıqlar vasitəsi ilə mümkün olmasını hesab edirik və həmçinin bildiririk ki, sülh danışıqlarını pozmağa yönəlik heç bir təxribatçı bəyanatlar və fəaliyyətlər olmamalıdır.