"V Qurultayı Şuşada keçirə bilərik" - Müsahibə Müsahibə

"V Qurultayı Şuşada keçirə bilərik" - Müsahibə

Teleqraf.com-un suallarını Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili cavablandırıb. Müsahibəni təqdim edirik.

– Toğrul bəy, il ərzində xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

– İlk növbədə qeyd edim ki, Vətən müharibəsinin ön cəbhəsinin qəhrəmanları hərbçilərimiz olsalar da arxa cəbhənin qəhrəmanları bizim media nümayəndələrimiz, QHT-lərimiz, o cümlədən diaspor nümayəndələrimiz oldular. Mən hər zaman öz çıxışlarımda, yazılarımda, paylaşımlarımda Azərbaycan diasporunu arxa cəbhənin qəhrəmanları kimi təqdim edirəm. Çünki doğrudan da Azərbaycan diasporu mümkün olmayan hər şeyi mümkün etdi. Erməni diaspor və lobbisinin gücü ilə bağlı bir mif var idi. Artıq vəzifədən uzaqlaşdırılmış bəzi dövlət məmurları illərdir Azərbaycanda bizim beynimizə erməni diasporunun güclü olması fikrini yeridir, Azərbaycan diasporunun zəif olmasına eyham vururdular. Ancaq Azərbaycan diasporu bu 44 günlük Vətən müharibəsində erməni diasporunun güclü olmasına dair mifi darmadağın etdilər.

Sübut olundu ki, Azərbaycan diasporu erməni diasporundan qat-qat güclüdür və öz sözünü dedi. Azərbaycan diasporu müharibə zamanı bacardığından da artığını etdi. İstər ordumuza dəstək aksiyaları, istər qələbə aksiyaları, Qarabağ həqiqətləri ilə bağlı keçirdikləri aksiyalar, konfranslar, istərsə də xarici parlamentarilərlə görüşlər deməyə əsas verir ki, Azərbaycan diasporu 2020-ci ildə özünün ən şanlı, məğrur dövrünü yaşadı. Azərbaycan və dünya tarixinə düşən 44 günlük zəfərdə Azərbaycan diasporunun da, xaricdə yaşayan soydaşlarımızın da öz şərəfli missiyaları oldu.

– Zəhmət olmazsa, il ərzində özünüzün göstərmiş olduğunuz fəaliyyət barədə də məlumat verərdiniz...

– Bildiyiniz kimi, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar xaricə səfərlər edə bilmədik, tədbirlərdə az iştirak etdik. Ancaq ilin əvvəllərində xaricdə Anadolu Yayıncılar Dərnəyinin təşkilatçılığı ilə keçirilən, o cümlədən Türkiyə Prezidentinin iştirak etdiyi tədbirlərə dəvət aldıq. Azərbaycandan dəvət alan yalnız “Yeni Çağ” media qrupu, “Azərbaycan-Türkiyə evi” və biz idik. Həmin tədbirə qatıldıq, təltif olunduq. O cümlədən, mediadakı dostlarımızla bərabər Şimali Kipr Türk Respublikasında keçirilən türk dünyası media qurultayında iştirak etdik.

Bu tədbirlər 2020-ci ilin əvvəllərində - yanvar-mart aylarında keçirilib. Çünki bundan sonra artıq yollar bağlandı, kütləvi tədbirlərdə iştirak qadağan olundu, ancaq biz istər Tovuz hadisələri, istərsə də Vətən müharibəsi dövründə dayanmadan fəaliyyət göstərdik. Təkcə mənim özümün Türkiyə mediasını çıxmaq şərtilə 50-dən çox xarici media qurumunda məqalələrim dərc edildi, xarici televiziyalara müsahibələrim oldu. Türkiyə televiziyalarında Qarabağ həqiqətləri ilə bağlı 31 müsahibəm yayımlandı, həmçinin 21 məqaləm dərc olundu. Düşünürəm ki, bunu uğurlu fəaliyyət saymaq olar. Çünki Azərbaycanda az sayda şəxslər var idi ki, xarici mediada məqalələri çap olunurdu.

Biz pandemiya dövründə Diaspor İnformasiya Mərkəzi olaraq xaricdəki soydaşlarımızın, iş adamlarımızın dəstəyi ilə ölkə Prezidentinin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq 623 ailəni 50 manat məbləğində ərzaq yardımı ilə təmin etdik. O cümlədən, Vətən müharibəsi başlayandan indiyədək yenə də xaricdə yaşayan soydaşlarımızın dəstəyi ilə ön cəbhədə olduq. Onlara isti geyimlər, eytiyac duyulan generator və digər lazımi əşyalar çatdırdıq. Təbii ki, əsgərlərimizin heç nəyə ehtiyacı yox idi, dövlət onları hər şeylə təmin edirdi, ancaq xaricdə yaşayan soydaşlarımızın təkidli çağırışına qoşulduq.

Biz ümumilikdə 7 dəfə cəbhə bölgəsinə səfər etmişik. O cümlədən, bu yaxınlarda – dekabrın 24-də cənab prezidentin doğum günündə xaricdə yaşayan iş adamı, soydaşımızın Xəzər Qarayevin dəstəyi ilə Azərbaycanda 60-dan çox şəhid və qazi ailəsinə yenə də ərzaq zənbili göndərdik. Yəni bu proses dayanmadı. Həm pandemiya, həm də Vətən müharibəsi dövründə bacardığımızı etdik və bununla da fəxr edirik ki, gələcəkdə də övladlarımızın üzünə, gözlərinin içinə baxa biləcəyik. Onların atası olaraq biz də bu 44 günlük savaşda evimizdə oturub nələrsə etməyə çalışdıq, gizlənmədik. Eləcə də cəbhəyə də getdik. Təəssüf ki, hərbi komissarlığa müraciət etdikdə yaşla əlaqədar döyüşlərə aparmadılar. Ancaq biz də çalışdıq ki, arxa cəbhədə də olsa hansısa işlər görək.

– Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfə vermiş diaspor təşkilatlarının üzvlərinə “Diaspor fəaliyyətindəki xidmətlərinə görə” medalını təqdim edib. Bu istiqamətdə də fikirlərinizi bilmək istərdik...

– Bəli, burada təkcə xaricdə yaşayan diaspor nümayəndələri yox, xaricdə yaşayan soydaşlarımız, Azərbaycana dəstək verən başqa ölkə vətəndaşları, o cümlədən xarici media nümayəndələri, həmçinin Azərbaycanın bir çox qurumlarının rəhbərləri mükafatlandırılıb. Elə sizi də təbrik edirəm. “Teleqraf Holdinq” də təşəkkürnamə alan media qurumlarından biri oldu. Holdinqiniz diaspor siyasətinə öz dəstəyini daim verir.

Dekabrın 26-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin təşkilatçılığı ilə onlayn konfrans keçirildi. Konfransda xaricdə yaşayan 500-ə yaxın soydaşımız iştirak edirdi. Orada ölkə rəhbərinin sərəncamı ilə təsis olunan “Diaspor fəaliyyətindəki xidmətlərinə görə” medalına ölkə rəhbərliyi adından layiq görülənlərin siyahısı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən açıqlandı. O cümlədən, fəxri fərman və təşəkkürnamələr verildi.

92 nəfər medala layiq görüldü, 200 nəfərdən çox insana fəxri fərman və təşəkkürnamə verildi. Sizi əmin edirəm ki, medallara layiq görülənlərin 80 faizi uzun illərdir Azərbaycan diasporunun inkişafında rol oynayan, bu yolda canlarını qoyan şəxslərdir. Amma çox təəssüf ki, onlar uzun illər Prezident Administrasiyasına başçılıq etmiş Ramiz Mehdiyev və onun komandasının xoşunun gəlmədiyi şəxslərdir. Bu insanlar hər zaman medallardan, təşəkkürnamələrdən kənarda qalmışdılar. Bu günlərdə həmin şəxslər təltif olundular.

– Ancaq deyəsən bəzi şəxslər bu mükafatlardan imtina edir. Bu barədə nə düşünürsünüz?

– Bilirsinizmi, bu imtina edən şəxslərin şəxsi fikirləridir. Çünki biz azad, demokratik cəmiyyətdə yaşayırıq. Bu mükafatlar dövlətin onlara verdiyi bir qiymətdir. Zənnimcə, kimsə dövlətin verdiyi mükafatdan imtina edirsə, bu, Azərbaycan dövlətinin ona verdiyi mükafatdan imtina etmiş kimi qəbul olunur. Etiraf edirəm ki, həmin şəxslərin bəziləri dostlarımdır, yaxın münasibətim var. Ancaq mən bunu çox sərt şəkildə qınayıram. Çünki o təşəkkürnamə alan şəxslərin əksəriyyəti illər öncə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalına və digər mükafatlara layiq görülən şəxslər idi.

Hamının eyni ildə eyni medalı alması mümkün deyil. Ay qardaşım, ay bacım, sən “Tərəqqi” medalı almısansa, çəkil dur qıraqda, almayanlar da alsın. Bunlar deyir ki, yox, hər medaldan biz almalıyıq. Bu bilirsinizmi nəyə bənzəyir? Jurnalistlərə ev verilməsi məsələsinə. Evi olan da ev davası edirdi, etməyən də... Bunlar da medal davası edirlər. Vaxtilə “Tərəqqi” medalına layiq görülən diaspor nümayəndələrimiz də “Diaspor fəaliyyətindəki xidmətlərinə görə” medalının davasını döyürdülər. Hətta ən gülməlisi bilirsinizmi nədir? Bəzi diaspor nümayəndləri kənarda qalıb, bəzi jurnalistlər, Azərbaycanda fəaliyyət göstərən media qurumlarının əməkdaşları Diasporla İş üzrə Dövlət Komitəsi ilə medal davası edirlər. Bununla bağlı bir yazı yazacağam. Azərbaycan dövlətindən ev, “Tərəqqi” medalı, əməkdar jurnalist adı alan, cənab prezident tərəfindən ayrı-ayrı evlə təmin olunan bir ailənin iki üzvü bu gün Diasporla İş üzrə Dövlət Komitəsi ilə medal davası edir. Yəni şəxsi maraqlar naminə bu medallara, təşəkkürnamələrə kölgə salmağa çalışırlar.

Bir məqamı da qeyd edim ki, məndə olan məlumata görə, medal alan heç bir diaspor nümayəndəmiz öz medalından imtina etməyib. Sözsüz ki, daha yaxşısını Diasporla İş üzrə Dövlət Komitəsi bilər. İmtina edən 4 və ya 5 nəfər var ki, onlar təşəkkürnamədən imtina ediblər. Həmin şəxslərin də üçü, yaxud ikisi illər öncə cənab prezident tərəfindən “Tərəqqi” medalına layiq görülmüş şəxslər idi. Bunların da davası bir daha deyirəm medal davası idi. Mən onlara deyirəm ki, bəli, sizin xidmətləriniz var, siz Azərbaycanın ən ali ordenlərinə layiq insanlarsınız. Amma dalbadal bütün medalları siz alası deyilsiniz ki... Həm də bu medal bir illik deyil. Gələn il də medallar, təşəkkürnamələr veriləcək. Ara-sıra yenə də olacaq. Yəni bu, çox absurd və gördükləri işlərə kölgə salan əməldir. Necə yəni imtina edirəm? İmtina edirsən, əcəb edirsən. Burda nə var ki? Yəni dövlətin verdiyi təşəkkürnamədən imtina etmək sənin özünün şəxsi işindir. Etsinlər.

Bəzi diaspor nümayəndələri var ki, bir özləridir, bir möhürləri. Nə ofisləri, nə fəaliyyətləri var... Heç nələri yoxdur. Onlar bu məsələləri müzakirəyə çıxarmağa başlayıblar. Onların içində bəziləri var ki, dələduzdurlar, dolandırıcıdırlar, alverçidirlər, pis-pis əməllərin sahibidirlər. Mən imtina edənləri demirəm. Bu məsələləri çox müzakirəyə çıxaranları nəzərdə tuturam. Onlar bu gün dövlətin verdiyi mükafatları müzakirə etməyə başlayıblar. Gedin bir özünüzə baxın, yaxud demirsiniz ki, layiqsiniz, hesabat verin...

– Qarşıdan gələn 2021-ci illə bağlı planlarınız nədən ibarətdir?

– Planlarımız çoxdur. Post-pandemiya dövründə görəcəyimiz ilk iş Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycan-Moldova-Türkiyə gənclər və media forumunun keçirilməsidir. Bununla bağlı böyük bir layihəmiz var. Bu forumda Moldova rəsmiləri də iştirak edəcək. Hətta Moldova Prezidenti və Qaqauziya Muxtar Ərazi Quruluşunun başçısı ilə görüşlərimiz nəzərdə tutulub. Digər böyük layihələrimiz də var.

İnşallah, layihələrimizlə bağlı ilk olaraq zatən hər zaman bizə dəstək verən “Teleqraf Holdinq”in xəbəri olacaq. Bir şad xəbəri də deyim. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun diaspor nümayəndələri ilə keçirdiyi görüşdə belə bir fikir səsləndirildi ki, Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Mən düşünürəm ki, 2021-ci ildə dünya azərbaycanlıları üçün bundan gözəl xəbər ola bilməz. Çünki hər zaman həsrətində olduğumuz, adını dilimizə ürək ağrısı ilə aldığımız Şuşa şəhəri artıq 2021-ci ildə dünya azərbaycanlılarının qurultayına ev sahibliyi edəcək və dünyada yaşayan azərbaycanlılar Şuşada – öz Vətənlərində bir araya gələcəklər.

– Bu xəbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov onlayn konfransda bildirdi?

– Bəli, konfransda bildirdi. Hələlik bu təsdiqlənməyib. Ancaq dedi ki, nəzərdə tutulub.