İstiqlal - bir millətin namusu və ən böyük sərvəti Ədəbiyyat

İstiqlal - bir millətin namusu və ən böyük sərvəti

Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı

4-cü yazı
Ceyhun Hacıbəylinin mühacirət dövrü həyatını qısaca belə xarakterizə etmək olar: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu mübarizə 1919-cu ildən başlayıb, 1962-ci ilədək - vəfatına qədər fasiləsiz davam edib. C.Hacıbəyli irsinin mühacirət dövrü yaradıcılığına ilk təşəbbüs göstərənlər AMEA - Ədəbiyyat İnstitutunun əməkdaşı, folologiya elmləri namizədi Bayram Ağayev və həmin İnstitutun dissertantı Mirzəbala Əmrahov olublar. Mirzəbala Əmrahov "Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığı" adlı tədqiqat işi üzərində işləyərkən Ceyhun Hacıbəylinin seçilmiş əsərlərininin bir qismini dilimizə çevirərək nəşr edib.
C.Hacıbəyli mühacirətdə də sevimli qəhrəmanını - Hacı Kərimi unutmayıb, həmin hekayələrin bir neçəsini fransız dilinə tərcümə edib və "Baş tutmayan ziyarət" adlı daha bir hekayəni fransız dilində qələmə alıb ( ARDƏİA, fond N-649,siyahı N-1, saxlama vahidi 3). Mirzəbala Əmrahovun dilimizə çevirdiyi bu irihəcmli hekayədə Hacı Kərim tamamilə başqa görkəmdə qarşımıza çıxır. Bundan xeyli əvvəl - hələ yazıçı Vətəndə ikən qələmə aldığı hekayələrdən fərqli olaraq burada o, hələ "Hacı" titulunu qazanmamışdır, sadəcə Əbdül Kərimdir, bu adı almaq üçün ilk cəhdini edəcəkdir.. .Arşın mal taciri 50 yaşa yenicə qədəm qoymuşdu. Və bu zaman Əbdul Kərim müsəlmanlığın 5-ci, ən çətin dəyərli şərtini - Məkkə ziyarətini həyata keçirməyi qərara alır. Yazıçı Əbdül Kərimin dini və mənəvi tələbatın şübhə altına almadan bu ziyarətin zəruriliyini ortaya çıxara biləcək digər ehtimallarla da oxucunu tanış edir: "Hacı" titulunun sayəsində hər hansı bir tacir öz mövqeyini rahatca möhkəmləndirər, ən ciddi rəqiblərə, o cümlədən hazırda cüzi səylə əldə etdikləri "məşədi", "kərbəlayi" titulları ilə bütün müştəriləri ələ alan tacirlərə sinə gələ bilər". Əbdül Kərim hazırda ona "Bəlkə, sən qiymətdə aldadırsan" - sualı ilə müraciət edən müştəriyə əzəmətli səslə "Müqəddəs Kəbə belimi qırsın, əgər mən sizə insafsız qiymət deyirəmsə", yaxud "Əgər yalan deyirəmsə, ziyarət etdiyim müqəddəs Məkkə məni yerimdəcə ildırımla vursun" - deyə bilmirdi . İndi Əbdül Kərim ən yaxşı halda yazıq görkəmlə hər kəsin işlətdiyi bayağı, duzsuz, təsirsiz andlardan istifadə edirdi: "Yalan deyirəmsə, uşaqlarım ölsün", "Meyidini görüm, səni qəbrə qoyum, əgər...". Bəzən belə ikibaşlı və çox mənalı ifadələr nəinki müştərinini ürəyincə olmur, onu cəlb etmir, əksinə Əbdül Kərimi çıxılmaz vəziyyətə salır: "Elə öz meyidini gör. Özünü qəbirə qoy" - deyə uzaqlaşan alıcı yaxınlıqdakı Məşədi Qasım və ya Kərbəlayi Əhmədin dükanına tərəf gedirlər". Ceyhun Hacıbəyli Əbdül Kərimin Məkkə arzusunun bu amillərdən də də yarana biləcəyi ehtimalını düşünməyi sanki oxucunun yadına salır.
Məkkə səfərinə hazırlıq zamanı səbirlə, təmkinlə hərəkət etməyə üstünlük verir. Uzaq, isti bir ölkəyə səfərə çıxan Əbdül Kərim "şər deməsən, xeyir gəlməz"- məşhur zərb məsəlinə riayət edərək ilk növbədə vəsiyyətini hazırlayır. Daha sonra duaların ərəbcə kamilləşdirilməsinə səy edirvə, hazırlığın son mərhələsində - dost-tanışdan, qohum-əqrəbadan, günahlarının bağışlanılması istəyir.
Nəhayət, bütün hazırlıqlar başa çatırdıqdan sonra zəvvarlarla birlikdə Əbdül Kərim səfərə başlayır. Həmişə obrazlarda gərginliyi, dramatizmi, həyəcanı daha da qabartmağı və bu duyğuları oxuculara da siyarət etdirməyi sevən C.Hacıbəyli yenə ənənəsinə sadiqdir. Oxucu intizarla hadisələrin sonrakı inkişafını gözləyir: Yolda hansı hadisə ola bilər ki, ziyarət baş tutmasın? Axı hekayənin adı bu səfərin axıra çatmayacağından xəbər verir ! Qatar növbəti stansiyada dayananda Əbdül Kərim dəstəmaz almaq və namaz qılmaq üçün yerə enir: "Gözəgörünməz və hər yerdə olan Allahın qarşısında diz çöküb səylə ərəbcə duaları oxumaqda ikən, bir zəng səsi, arxasınca vağzal rəisinin fitini eşitdi. Qatar yavaş-yavaş tərpəndi və yola düşdü, öz Tanrısı ilə səmimi ünsiyyətdə olan kişinin bunlardan xəbəri olmadı".
Yazıçı Əbdül Kərim və vur-tut iki-üç epizodik obrazla çox möhtəşəm və bənzərsiz bir hekayə yazmağa müvəffəq olub. Dini dəyərləri yüksək qiymətləndirən, həmişə islamın böyük təəssübkeşi kimi çıxış edən Ceyhun Hacıbəyli hekayənin əvvəlində görünür, Əbdül Kərimin müqəddəs ziyarətə getmək istəyinin əsl mahiyyətini, "Hacı" titulundan sonrakı arzu və niyyətlərinin məğzini oxucu ilə bölüşdüyündən bu səfərin başa çatmasına qəsdən əngəl törədir: Həcc ziyarətinə pak niyyətlə, təmiz dualarla, halal pulla getmək lazımdır. "Hacı" titulundan sui-istifadə edərək varlanmaq, təkəbbürlü davranmaq günah və yolverilməzdir. Əsərin başlıca ideyası budur və günümüzdə də çox aktualdır.
C.Hacıbəylinin fransız dilində qələmə aldığı "Müəzzinin lənəti" adlı irihəcmli hekayəsi (Ceyhun Hacıbəylinin seçilmiş əsərləri, Bakı, "Elm", 2006, tərtibçi və "Ön söz"ün müəllifi Mirzəbala Əmrahovdur) Sovet rejiminin din siyasəti və onun kəskin tənqidi baxımdan diqqəti çəkir. Hekayənin makinada yazılmış əsli ARDƏİA-nin Ceyhun Hacıbəyliyə aid 649 nömrəli fondunda mühafizə edilir. Hekayənin mövzusu Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk dövrlərinə təsadüf etsə də, əsərin
XX əsrin50-ci illərin ortalarında - soyuq müharibənin alovlandığı illərdə qələmə alındığı qənaətindəyik. Mübaliğəsiz demək olar ki, həm mövzu, həm ideya, həm də sənətkarlıq baxımından bu hekayə nəinki Ceyhun Hacıbəyli yaradıcılığında, eləcə də ümumən Azərbaycan, o cümlədən mühacirət nəsrində bənzərsiz bir əsərdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərindən bəhs edən çox sayda müxtəlif janrlarda qələmə alınmış bədii nümunələr mövcuddur. Köhnəliklə yeniliyin, "ələmlə nəşənin" mübarizəsi, dindarlarla Allahsızların qarşıdurması, məscidlərin bağlanması, mollaların, din xalimlərinin əzablı günləri, gənclərin, komsomolçuların yeni şüar və çağırışlardan eyforiyaya qapılması, qadınların hüquq bərabərliyi uğrunda mücadiləsi sovet yazıçılarının qələmə aldığı əsərlərdə dövrün ruhuna və tələbinə uyğun bədii əksini tapmışdır. Həmin əsərlərdə bir qayda olaraq "yeni həyat" qurucuları, dövrün qəhrəmanlar tərənnüm olunur, "köhnələrin" süqutu təsvir edilirdi. "Müəzzinin lənəti" hekayəsi "qırmızı kafirlər"in müəzzinlə mübarizəsindən bəhs edir. Əslində problem daha dərin, mürəkkəb və qəlizdir. Məsələ burasındadır ki, bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə ateist övladı üz-üzə qoymuşdur. Məzmunu real həyatdan - Azərbaycanda sovet hakimiyyəti quruculuğunun ilk illərində bir kənddə baş verən hadisədən götürülüb.
Əsərdə cərəyan edən hadisələr yalnız ata ilə oğulun yox, bütün cəmiyyətin fəlakəti, faciəsi kimi ümumiləşdirilmişdir. Hekayənin finalında minarənin uçması, ata ilə oğulun uçqunun altında qalaraq faciəli şəkildə can verməsi əslində bütün rejimin gələcək aqibətinə bir işarədir. Fikrimizcə, "Müəzzinin lənəti" hekayəsi:
- sovet hakimiyyətinin ilk illərinin Azərbaycan ailəsinə, cəmiyyətinə gətirdiyi milli- mənəvi naqisliklərin parlaq bədii təcəssümüdür;
- Allahsızların, ateistlərin, bütövlükdə sovet din siyasətinin iç üzünü açan, ifşa edən nadir sənət nümunələrindəndir;
- insanları bataqlığa, çirkaba sürüyən, Moskva nökərlərinin - yerli partiya rəhbərlərinin dar düşüncəli, saxta və yalançı, eyni zamanda iddialı və təkəbbürlü simasını üzə çıxaran qiymətli sənət əsəridir;
- övladları valideynlərə, dini, milli-əxlaqi dəyərlərə, adət-ənənələrə hörmət və məhəbbət ruhunda tərbiyəyə səsləyən, təşviq edən qyimətli irsdir;
-bu hekayə Ceyhun Hacıbəylinin Sovet imperiyasının tez-gec süqut edəcəyi ilə bağlı qəti qənaətinin, sarsılmaz əqidəsinin ,inamının, iradəsinin bənzərsiz bəddi ifadəsidir.
Yazıçının fransız dilində qələmə aldığı "Nejdanovun işi" adlı hekayəsinin (Ceyhun Hacıbəylinin seçilmiş əsərləri, Bakı, "Elm", 2006, tərtibçi və "Ön söz"ün müəllifi Mirzəbala Əmrahovdur) süjeti, kompozisiyası sadədir. Müəllim Nejdanov kənd məktəbində şagirdlərinə kolxoz haqqında inşa yazdırır. "Yemişbaş və dəcəl" Ublyudkovdan başqa hamı tapşırığı icra edir, o isə bu mövzuda inşa yazmayacağını qətiyyətlə və həyasızcasına bəyan edir, onu tənbeh edən müəllimin üzünə çımxırmaqdan da çəkinmir. Nejdanovun iş yoldaşları Ublyudkovun müəllimə qarşı sarsaq iddiaları -inşa yazmaqla sirlərmizi kapitalistlərə bildirmiş oluruq- itthamı qarşısında susur, geri çəkilir. Məsələ böyüyür. Məhkəmə cinayət məcəlləsinin bir neçə- terror aktı, dövlətin təhlükəsizliyinə qəsd, casusluq, təxribat maddəsi üzrə Nejdanovu ittiham edir və müəllimə... ölüm hökmü kəsir. Yuxuda qorxudan, həyəcandan tribunalın qərarından çarpayıdan yerə yıxılan Nejdanov var-gücü ilə bağırır: "Yaşasın Stalin!" O, dəhşətli yuxusunu arvadına danışmaq istərkən mənzilə iki nəfər milis daxil olur və bildirirlər ki, "vətəndaş müəllim" onlarla şöbəyə getməlidir. Bədbəxt Nejdanovun yuxusu çin olur.
Hekayə sənətkarlıq baxımından mükəmməl işlənməsidir. Süjet, kompozisiya elə qurulmuşdur ki, oxucu nəfəsini dərmədən, gözlərini sətirlərdən çəkmədən olayların gedişatını izləyir, hadisələr sürətlə bir-birin əvəz edir, dialoqlar canlı, dinamikdir. Hekayə qəhrəmanlarının adları xarakterlərinə, xasiyyətlərinə uyğun seçilib. Müəllim Nejdanovun başına gözlənilməz işlər gəlir, şagird Ublyudkov bicin-gicin birisidir, ilk partiya təşkilat katibi Rotozeyev, ağzıyarıq, lalay və boşboğazdır, vəkil Robkik qorxaq, qətiyyətsiz və iradəsizdir.
Əsərdə ötən əsrin 30-cu illərində, həmçinin İkinci Dünya Müharibəsindən sonra Stalin repressiya rejimindən heç kimin sığorta olunmamasından, "casusların və xalq düşmənlərinin" ən ucqar əyalət məktəbləri, kolxoz və sovxozlarda göstərdiyi "təxribat işlərindən", "vətənpərvər və sayıq" sovet vətəndaşlarının onları "ifşa etməsindən" bəhs olunur, rejimin və kommunist ideologiyasının, sovet məhkəmə sisteminin çürüklüyü və antihumanist mahiyyəti bütün çılpaqlığı ilə açılır.
"Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı" adlı irihəcmli hekayəsi Azərbaycan və rus dillərində Münhendə nəşr olunan "Azərbaycan" jurnalında dərc edilib. Əsərdə ötən əsrin otuzuncu illərində, həmçinin İkinci Dünya Müharibəsindən sonra Stalin repressiya rejimindən heç kimin sığorta olunmamasından, "casusların və xalq düşmənlərinin" ən ucqar əyalət məktəbləri, kolxoz və sovxozlarda göstərdiyi "təxribat işlərindən", "vətənpərvər və sayıq" sovet vətəndaşlarının onları "ifşa etməsindən" bəhs olunur, rejimin və kommunist ideologiyasının , sovet məhkəmə sisteminin çürüklüyü və antihumanist mahiyyəti bütün çılpaqlığı ilə açılır.

Abid Tahirli