Dənizdən güc alar yeli Gürgənin... Ədəbiyyat

Dənizdən güc alar yeli Gürgənin...

Məxtumqulu Fəraqi - XVIII əsr türkmən realist ədəbiyyatının banisi

1-ci yazı

Məxtumqulu Fəraqi (1730 (31) - 1780) XVIII əsr türkmən realist ədəbiyyatının banisi, böyük mütəfəkkir şairi, mövzu və formasına görə yeni ədəbiyyatın yaradıcısı kimi şöhrət qazanıb. Məxtumqulu Fəraqi 1730-cu ildə şair ailəsində anadan olub. Məxtumqulu şairin adıdır. Lakin bununla yanaşı şeirləri Məxdumqulu, Maxdımqulu, Maxtımqulu, Məhtimqulu adı ilə də çap olunub. Fəraqi isə şairin təxəllüsüdür. O, mənşə etibarilə Ətrək bölgəsində yaşayan Gərgəz tayfasına mənsubdur. Şeirlərinin birində səslənən “əsli gərgəz, yurdu Ətrək” ifadələrində Fəraqinin tayfa mənsubiyyətinə tam aydınlıq gəlir. M.Fəraqinin uşaqlığı saf və mənzərəli təbiətə malik Gürgəndə keçib. M.Fəraqi Gürgənin füsunkar təbiətini belə təsvir edir:

Önündə uca dağ, başında duman,
Dənizdən güc alar yeli Gürgənin,
Buludlar oynayar, çaylar kükrəyər,
Axar boz, bulanıq seli Gürgənin.

Onun atası Dövlətməmməd Azadi (1695-1760) klassik türkmən ədəbiyyatının tanınmış şəxslərindən biri olub. O, “Behiştnamə” və “Vəzi-Azadi” adlı iki məşhur poemasında dini və əxlaqi görüşlərini geniş təbliğ edib. M.Fəraqi ilk olaraq atasının işlədiyi məktəbdə oxuyub və ondan dərs alıb. O, təhsilini başa vurduqdan sonra təsərrüfat işlərində çalışıb. Bir müddət məşğuliyyətini zərgərlik sahəsində davam etdirib. Lakin M.Fəraqinin oxumağa olan böyük həvəsi onu mədrəsə təhsili almağa sövq edib. O, əvvəlcə Buxara, sonra isə Xivə şəhər mədrəsəsində təhsil alıb. Bu mədrəsələrdə onun hansı tarixlərdə oxuduğu dəqiq bilinmir. Lakin yaradıcılığından məlumdur ki, o, yüksək təlim-tərbiyə keyfiyyətinə görə seçilən Xivə şəhərinin “Şirqazı” mədrəsəsində üç il oxuyub və təhsilini tamamladıqdan sonra doğma elinə qayıdıb.

Qonaq olub üç il yedim duzunu,
Gedirəm, əlvida, gözəl “Şirqazı”!
Sevdim sərt qışını, gülgün yazını
Gedirəm, əlvida, gözəl “Şirqazı”!
Haqqın dərgahına bağlıdır belim,
Səndə təlim aldım, açıldı dilim,
Yolumu gözləyir elatım-elim,
Gedirəm, əlvida, gözəl “Şirqazı”!

Məxtumqulu Fəraqinin həyatı daha çox mübarizə, kədər və möhnət içində keçib. Onun Mənli adında bir qızı sevməsinə baxmayaraq qızın atası Məxtumqulunun kasıblığına görə bu sevgi qarşısında sədd çəkib, qızını varlı bir oğlana verib:

Ayrıldım qönçə gülümdən,
O saçları sünbülümdən,
Xoş avazlı bülbülümdən,
Şirin göftardan ayrıldım.
Dağları var, başı çənli,
Buz bulaqlı, tər çəmənli Eli-Göklən, adı
Mənli Nazlı dildardan ayrıldım.

Bundan sonra Fəraqi dul qadınla evlənib və bu qadından 2 oğlu olub. Lakin şairin hər iki oğlu uşaq yaşlarında vəfat edib. Şair oğlanlarının ölümündən təsirlənərək “bəxtini qara”, “ciyərini para-para”, “ürəyini yara” edən bu dərdin ağırlığını və dözülməzliyini şeirlərinin birində belə ifadə edir:

Sorağında gözüm giryan,
Edərəm naleyi-əfqan
Oğul dərdi məni hər an
Sərgərdan, avara etdi.

Məxtumqulu Fəraqi türkmən tayfalarının birliyi uğrunda mübarizə aparıb, bu məqsədlə danışıqlar aparmaq üçün bir sıra ölkələrə səyahət edib. Onun Hindistana getmək naminə atasından icazə istəməsi, əfqan hökmdarı Əhməd şahla görüşmək arzusu, türkmənlərin görkəmli siyasi xadimi Çovdur xanla danışıqlar aparması bilavasitə türkmən xalqını yadelli təcavüzlərdən qorumaq və xalqın birliyini təmin etmək məqsədi daşıyırdı. Şairin istər Əhməd şaha, istərsə də Çovdur xana ithaf etdiyi şeirlərində xalq birliyi, vətənpərvərlik ideyası əsas yer tutur. M.Fəraqi müxtəlif dövrlərdə Nadir şaha (1746) və Xivədə Nurəli xana (1767) qarşı türkmənlərin qaldırdığı üsyanlarda iştirak edib. M.Fəraqinin qardaşları da türkmən xalqının birliyi, azadlığı uğrunda mübarizənin önündə gedib və canlarını bu yolda fəda ediblər. Qardaşlarının vaxtsız itkisinin şairdə doğurduğu acı təəssüratlar “Gəlmədi” şeirində öz əksini belə tapr:

Xəbərsiz, ətərsiz getdi Abdulla,
Hamı gedib-gəldi, bunlar gəlmədi,
Məmmədsəfa getdi köməkləşməyə,
Yola salan gəldi, bunlar gəlmədi.

M.Fəraqinin iranlılara qarşı mübarizə dəstələrində iştirak etməsi və əsir düşməsi bir sıra mənbələrdə təsdiqlənir. Tale elə gətirib ki, M.Fəraqi ölkə daxili siyasi proseslərin gərginliyi ucbatından müəyyən zamanlarda doğma vətənindən kənarda yaşayıb.
M.Fəraqi 1780-ci ildə vəfat edib, Şimali Xorasanın Ağ Toğay ərazisində yerləşən qəbirstanlıqda atası Dövlətməmməd Azadinin məzarı yanında dəfn olunub.
Xalq və klassik şeir ənənələri zəminində inkişaf edən XVIII əsr türkmən ədəbiyyatı (Dövlətməmməd Azadi və Nurmühəmməd Qərib Əndəlibin simasında) Məxtumqulu Fəraqi yaradıcılığı ilə yeni tarixi inkişaf mərhələsinə qədəm qoyub. Məxtumqulu XVIII əsr klassik türkmən ədəbiyyatında realist şeirin əsasını qoyub. Tədqiqatçılar haqlı olaraq onun sənətinin realist təsvir üsulu və dil-üslub xüsusiyyətlərinə görə M.P.Vaqif və A.S.Puşkin yaradıcılığı ilə müqayisə edirlər.
Nəticə etibarı ilə demək olar ki, M.P.Vaqif Azərbaycan ədəbiyyatında, A.S.Puşkin rus ədəbiyyatında kimdirsə, müəyyən istisnalar nəzərə alınmazsa Məxtumqulu da türkmən ədəbiyyatında eyni funksiyanı yerinə yetirən görkəmli sənətkardır.
M.Fəraqi yaradıcılığı əsasən türkmən həyatı ilə bağlıdır. Bu sənətdə türkmən xalqının həyat tərzi, məişəti, dünyagörüşü və s.cəhətlər öz əksini tapa bilib. Onun sənəti geniş mövzu dairəsi ilə seçilir. M.Fəraqinin ictimai-siyasi, fəlsəfi, məhəbbət, didaktik, tərcümeyi-hal xarakterli və s. şeirlərində türkmən xalqının həyatı və tarixi ilə tanış olmaqla bərabər həm də bu xalqın mənəvi-əxlaqi, psixoloji düşüncəsinin səviyyəsini də müəyyənləşdirmək mümkündür.
M.Fəraqinin həyatı XVIII əsr türkmən ictimai-siyasi proseslərinin ən gərgin və acınacaqlı dövrünə təsadüf edir. Tayfa və feodal çəkişmələrinin, ölkələrarası müharibələrin türkmən xalqının həyatına vurduğu ağır zərbələr bir vətəndaş kimi Məxtumqulunu narahat edib, onun qəlbini ağrıdıb, yaradıcılığında bir haray, etiraz motivinə çevrilib. Şairin ictimai-siyasi şeirlərində əsas hədəf və tənqid obyekti zəmanə eybəcərlikləridir.

Haray, dostlar, ömür-gün
Keçdi, deyib ağlaram.
Ağlım getdi başımdan
Çaşdı, deyib ağlaram.
Tərs dövran etdi zaman,
Gəzir dillərdə yalan,
Zülm, nifaq, ey cahan,
Coşdu, deyib ağlaram.

Buna görə də şair şərin xeyrə, əyrinin düzə, gücün haqqa qalib gəldiyi cəmiyyətə qarşı barışmaz mövqedə dayanır. Zəmanədə yaxşı ilə pisin bir-birinə qarışmasını heç cür qəbul etməyən Məxtumqulu bunlara qarşı etiraz səsini ucaldır:

Dərd görmüşəm diyarımdan, dövrümdən,
Xeyir hansı, ehsan hansı bilinməz.
Zalımların cəfasından, cövründən,
İslam hansı, iman hansı bilinməz.
Məxtumqulu, can mehmandır, bədən leş,
Pisə pis ol, mərd igidə de qardaş,
Bu əyyamda baş ayaqdır, ayaq baş,
Yaxşı hansı, yaman hansı bilinməz.

Həyatından məlumdur ki, Məxtumqulu mənsub olduğu doğma xalqının azad, xoşbəxt, müstəqil olması naminə əlinə silah alaraq mübarizə meydanlarına atılıb, vətənini müdafiə edib, qəsbkarlara qarşı ölüm-dirim savaşına girməkdən çəkinməyib. Ümumiyyətlə, şairin yaradıcılığında müharibə və daxili çəkişmələr kəskin şəkildə pislənilir. Ölkəsinin, xalqının müharibə fəlakəti ilə üzləşməsi nəticəsində kənd və şəhərlərin xarabazara çevrilməsi, insan talelərinin faciələrə düçar olması hallarının tənqidi Məxtumqulu lirikasında geniş yer alır. Şair vətənin düşmən tapdağı altında olması, soydaşlarının yurdlarından dərbədər düşməsi ilə bağlı təəssüfləri poetik fikrin ən təsirli ifadəsində özünə yer tapır:

Mərd igidlər düşdü eldən dərbədər,
Kimə ağız açsın indi bu ellər,
Hanı bizim o gül, çəmən, bülbüllər,
Gözlərimi örtən qana neyləyim?
Əsir gördüm qələmi mən, sözü mən,
Gurlayır qul dolu bazar səhərdən.
El namusu hanı?
Geyib ruh kəfən
İnlər tənha, gəlib cana, neyləyim?

Müharibələr, feodal qarşıdurmaları nəticəsində M.Fəraqi də vətəndən didərgin düşüb və bir müddət vətən həsrəti ilə qürbətdə acınacaqlı həyat yaşayıb. Şair cəhənnəm əzablı qürbətdə “namərdə, zalıma möhtac olmamaq”, “əslinə qovuşmaq” naminə güc və qüvvət payı almaq üçün tanrıya üz tutur:

Kərəm eylə, yarəb, qüdrətli sübhan,
Qərib-qəmgin keçən halıma mənim
Özüm peşimanam, ağlım da heyran,
Başımdakı qeylü-qalıma mənim.

M.Fəraqi “Ceyhun ilə bəhri Xəzər” arasında yaşayan, özünün tarix və mədəniyyətini yaradan türkmənlərin bu günkü həyat tərzi, gələcək arzularını özündə əks etdirən silsilə şeirlərində sevgi yanğısı dolu hisslərinin tərənnümü dayanır. Bu şeirlərin bir çoxunda şairin romantik duyğuları diqqəti daha çox cəlb edir. Belə ki, daim müharibə və tayfa davalarından gileylənən, onlara etirazını bildirən Məxtumqulu bu qrup şeirlərində türkmənlərin birliyindən, qardaşlığından, xoş iqbalından, qəhrəmanlığından, yurdunun gözəl mənzərələrindən və s. ürək dolusu söhbət açır. Əslində bu cür yanaşmasında şair xalqı ilə bağlı özünün gələcək arzu, istək və ümidlərinin bədii tərənnümünə meydan verir:

Birləşib, həmrəydir könüllər, başlar,
Qıy vursa, əriyər torpaqlar, daşlar.
Bir süfrəyə gələr çörəklər, aşlar,
Qardaşlıqdır xoş iqbalı türkmənin.
Qəmdən uzaq olar, qəlbi dağlanmaz,
Yıxar dağı-daşı, yolu bağlanmaz.
Başqa bir elatda könlü saxlanmaz,
Maxdımqulu, susmaz dili türkmənin.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor