Dövlətməmməd Azadi: klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biri Ədəbiyyat

Dövlətməmməd Azadi: klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biri

1-ci yazı

Türkmən ədəbiyyatında xalq yaradıcılığı nümunələri geniş yer tutur. Tarixi-siyasi proseslər səbəbindən türkmənlər Kiçik Asiyadan Hindistana qədər bir əraziyə səpələnib, lakin dillərini, adətlərini, milli kimliklərini unutmayaraq bu ərazilərdə yaşayıblar. XVI əsrdə həm Türküstan, həm də Əfqanıstan və Hindistanda türkmən ədəbiyyatı nümunələri yaranmaqda davam edib. Məlum olduğu kimi, Babirin qoşunları sırasında türkmən əsilli insanlar çox olub. Babir Şeybani xana məğlub olduqdan sonra Əfqanıstan və Hindistana üz tutmuş və orada böyük monqol hakimiyyətinin əsasını qoymuşdu. Bu zaman Babir qoşunları sırasında olan türkmən əsilli şairlər yaradıcılıqlarını davam etdirmiş və orta əsrlər türkmən ədəbiyyatına böyük töhfələr vermişlər. Bu sırada əsas yerdə dayanan şairlərdən biri də Bayram xan (1500-1561) olmuşdu. Bayram xanı bir sıra mənbələrdə bir şair olaraq özbək ədəbiyyatı nümayəndəsi kimi göstərirlər. Amma nəzərə almaq lazımdır ki, Bayram xanın atası Seyfəli bəy Bədəxşanda yaşayan Baharlı türkmən nəslindəndir. Bayram xan Babir türk dövlətinin başçısı Humayun xanın sarayında çalışıb. Humayun xanın vəfatından sonra taxta çıxan Əkbər şahın zamanında Bayram xana daha çox etimad göstərilib. Bayram xan 1561-ci ildə Həcc ziyarətinə gedərkən yolda bir əfqan tərəfindən öldürülmüş, cəsədi Məşhəd şəhərində dəfn edilmişdi. O, Nəsimi və Nəvai yaradıcılıqlarından təsirlənib, fars və türk dillərində divan yaradıb. Əsərləri daha çox aşiqanə tərzdə yazılıb. XVII əsr klassik türkmən ədəbiyyatının inkişafı ənənəvi mövzu və ideyalar üzərində davam edib.
Nurməhəmməd Əndəlib (1660-1740), Dövlətməmməd Azadi (1695-1760), Məxtumqulu Fəraqi (1730 (31)-1780), Abdulla Şahbəndə (1720-1800), Şeydayi (XVIII əsr), Qurbanəli Məğrubi (1735-1810) və s. sənətkarlar XVIII əsr klassik türkmən ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşdirilməsində böyük xidmətlər göstərmişlər. “Və- zi-Azadi”, “Behiştnamə”, “Cabir Ənsar” adlı poemaların, o cümlədən çoxsaylı məsnəvi, qəzəl, mürəbbe və rübailər müəllifi olan Dövlətməmməd Azadi türkmən ədəbiyyatında ilk dəfə milli birlik ideyasını ortaya atıb, dövlətin ədalətli idarə olunmasını millətin yeganə nicat yolu hesab edib.
Məxtumqulu Fəraqi yaradıcılığı ilə klassik türkmən ədəbiyyatında realist şeirin əsası qoyulub. Onun sənətində XVIII əsr türkmən ictimai-siyasi həyatı əksini tapıb. Nurməhəmməd Əndəlib yaradıcılığında folklor motivləri, dastan janrı üstünlük təşkil edir. Əndəlib yaradıcılığının klassik şərq ədəbiyyatı və milli folklora bağlılığı onun fərdi üstünlüyü kimi dəyərləndirilir. XIX əsr türkmən ədəbiyyatı Seyidnəzər Seyidi (1767-1830), Qurbandurdu Zəlili (1798-1852), Məmməd Vəli Kəminə (1770-1840), Molla Nəpəs (1810-1862), Dostməhəmməd (1815-1865), Annaqılınc Möhtaci (1824-1884), Miskin Qılınc (1845¬1905), Dövlətməmməd Balqızıl (1854-1912) və s. kimi sənətkarların simasında yeni inkişaf mərhələsinə qədəm qoydu. S.Seyidinin “Görülsün indi” şeirində vətən, el, torpaq, qohum-qardaş həsrəti ilə fəryad edən, vətən üçün ölməyi şərəf bilən şairin poetik duyğuları əksini tapır. XIX əsr türkmən ədəbiyyatında məhəbbət mövzusu aparıcı olsa da, burada ictimai-siyasi səciyyəli şeirlər də yer alırdı.
Klassik türkmən ədəbiyyatında nəsr və dramaturji ənənə olmayıb.
XX əsrdən başlayaraq türkmən ədəbiyyatında nəsr və dram əsərləri yaranmağa başlayıb. Türkmənistanda sovet hakimiyyətinin qurulması ilə hər iki janrın inkişafı üçün əlverişli şərait yaranıb. Sovet hakimiyyətinin qələbəsindən sonra Türkmənistanın ilk mətbu orqanı olan “Türkmənistan” və bir müddət sonra “Dehqan”, “Gənc kommunist”, “Qızıl əsgər” qəzetlərinin və “Toxmaq” satirik jurnalının çap olunması ölkədə ədəbi prosesin inkişafına böyük təsir göstərib. XX əsrin əvvəllərində yazıçı və şairlərin ictimai-siyasi proseslərdə fəal iştirak etmək meylləri onları dövrü mətbuatla daha sıx əlaqələndirdi. Mətbuatda yeni cəmiyyət quruculuğuna, xalq düşmənləri ilə mübarizəyə həsr edilmiş əsərlərə üstünlük verilirdi. Kor Molla (1872-1934), Durdı Qılıc (1880-1950), Bayram (1871-1948), Molla Murt (1870-1930), Nurmu- rad Sarıxanov (1906-1944) və s. yazıçı və şairlər ədəbiyyata sovet ideoloji prinsipləri daxilində daha çox məfkurə təbliğ edən müəlliflər kimi daxil oldular. Qadın hüquqsuzluğuna həsr edilmiş Berdi Kerbabayevin “Qızlar aləmi” (1927), A.Alamışevin “Sona” (1928) poemaları, köhnə dünya ilə yeni sosialist həyat fərqlərini əks etdirən Aman Kəkilovun “İrəliyə”, Əkbər Ruhinin “Komsomol” poemaları, o cümlədən Ağaxan Durdıyevin “Xoşbəxtlər” povesti, Berdi Kerbabayevin “Qəti addım” romanı, “Aysoltan” povesti məhz yeni sovet cəmiyyətinin tələblərinə uyğun əsərlər kimi xarakterikdir. Onu da qeyd edək ki, B.Kerbabayevin “Qəti addım” əsəri türkmən ədəbiyyatının ilk tarixi romanı hesab olunur. XX əsrin 20-30-cu illərində B.Kerbabayev, A.Durdıyev, A.Qarrıyev və başqaları türkmən ədəbiyyatına ilk dram əsəri yazan müəlliflər kimi daxil olub. Hüseyn Muxtarovun “Allanın ailəsi”, “Kimdir müqəssir?” əsərləri ilə türkmən dramaturgiyası yeni mərhələyə qədəm qoyub.
Böyük Vətən müharibəsi illərində və ondan sonrakı dövrlərdə türkmən ədəbiyyatında müharibə və quruculuq mövzusu əsas yerlərdən birini tuturdu. Orazqulu Annayev, Amandurdu Canmuradov, Rəcəbmurad, Ata Durdıyev və başqalarının yaradıcılığında vətənə sevgi, düşmənə nifrət, xoşbəxt gələcəyə inam və s. güclü idi. Ata Durdıyevin “Müharibənin adi günü” povestində bir topçu batareyasının timsalında cəbhədə döyüşcülərin göstərdikləri igidliklər təsvir olunur. Əsərdə türkmən Ko- mekov, azərbaycanlı Məmmədov və digər xalqların nümayəndələrinin birliyi və onların düşmənə qarşı apardığı mübarizə yüksək şəkildə təzahürünü tapır.
Müasir mərhələdə türkmən ədəbiyyatında poeziya daha aktiv və aparıcı mövqe tutur. Müasir türkmən şeirində Azərbaycana bağlılıq və Azərbaycan sevgisi xüsusi mövzuya çevrilib. Aycamal Ömərovanın “Azərbaycan”, Anna Kovusovun “Gəncə”, Allahverdi Xayıdovun “Azərbaycan”, Əvəzmurad Babayevin “Günəşli Azərbaycan” və s. yaradıcılıq nümunələrində Azərbaycana rəğbət bəslənilir, Azərbaycanın təbii gözəllikləri, onun keçmişi və bu günü tərənnüm olunur.
Dövlətməmməd Azadi klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Arxiv və ayrı-ayrı sənədlərdə onun həyat və yaradıcılığı barədə məlumatlar olduqca azdır. Lakin şairin tərcümeyi-halı, yaradıcılığı ilə əlaqədar fikirlərin formalaşmasında həmin sənədlərlə yanaşı, özünün və oğlu Məxtumqulunun əsərlərindən, o cümlədən haqqında mövcud olan xalq rəvayətlərindən geniş istifadə edilib. Dövlətməmməd Azadi 1695-ci ildə Gərgəz tayfasının rəhbəri, zəmanəsinin savadlı və mütərəqqi fikirli insanı, həm də şairi kimi tanınan Məxtumqulu Yonaçinin ailəsində dünyaya göz açıb. Dövlətməmməd onun adı, Azadi isə təxəllüsüdür. Azadinin atasının adını daşıyan üçüncü oğlu Məxtumqulu Fəraqi şeirlərinin birində bu barədə belə yazır:

Rəsulullah qoymuş adın Azadi,
Atam Dövlətməmməd molla haqq üçün.

O, Ətrak-Gürgen mahalında həm də Qarrı molla adı ilə də tanınıb. Dövlətməmməd Azadi ilk təhsilini doğulduğu kənddə alıb, mədrəsə təhsilini isə Xivədə başa vurub. Ehtimal olunur ki, Məxtumqulu Fəraqi də Xivədə atasının oxuduğu eyni mədrəsədə təhsil alıb. Xivə mədrəsəsində oxuduğu illərdə dəqiq və humanitar elmlərə yiyələnib, ərəb, fars və cığatay dillərini dərindən mənimsəyə bilib. Mədrəsə təhsilini tamamladıqdan sonra doğma kəndinə qayıdıb və orada məktəb müəllimi işləyib. Azadinin ərəb və fars dillərini bilməsi onun Şərq ədəbiyyatının tanınmış simaları olan Nizami, Sədi, Hafiz, Ö.Xəyyam, Füzuli, Nəvai və s. yaradıcılıqları ilə yaxından tanış olmasına imkan verib. Digər tərəfdən bu dillərin köməyi ilə o, İslam dini və mədəniyyətinə aid mənbələri də mənimsəyib. Təbii ki, bütün bunlar Dövlətməmməd Azadinin dünyagörüş və yaradıcılığına təsirsiz ötüşməyib, yaradıcılığındakı Şərq ənənəviliyinin təzahüründə məhz bu təsirin əhəmiyyətli rolu olub. Onunla bağlı rəvayətlərdə göstərilir ki, Dövlətməmməd Azadi öz həmyaşıdlarından ağlına, fərasətinə və savadına görə xüsusi şəkildə fərqlənib, elm öyrənməyə həmişə səy edib. O, öz övladlarını da elmli görmək istəyib, onların təhsil alması üçün heç nəyi əsirgəməyib. Bu fikirlərin təsdiqini biz Dövlətməmməd Azadinin şair oğlu Məxtumqulu Fəraqinin “elm öyrədən ustad, qibləm pədərdir” misralarından aydın görə bilərik.
Məxtumqulu Fəraqinin “Atamın” adlı şeirində Dövlətməmməd Azadi ilə bağlı bir çox suallara cavab tapmaq mümkündür. O, var-dövlətə baş əyməyən, bu dünyada “axirət axtarışlarında olan”, dindar və pak əməl sahibi kimi tanınan atasının obrazının belə təqdim edir:

Könlünü dövlətə-vara əymədi,
Bu cahanın badəsinə dəymədi,
Əski şal geyindi, atlas geymədi,
Axirət eviymiş qəsdi atamın.
Dedi: Dünya fani, ömrə vəfa yox,
Gündüz oruc, axşam namaz, səfa yox,
Xalislərə, müxlislərə mehri çox,
Peyğəmbər dostudur, dostu atamın.

Ümumiyyətlə, Dövlətməmməd Azadi ilə bağlı tərcümeyi-hal xarakterli məlumatlara Məxtumqulu Fəraqinin şeirlərində çox rast gəlmək mümkündür. “Can eylədi”, “Tərk eyləmə bu məkanı”, “Abdulla”, “Şirqazi”, “Haqq üçün” və s. şeirlərində Fəraqi şahid olduğu, gözü ilə gördüyü hadisələri qələmə alıb. Ona görə də Azadinin həyatının ayrı-ayrı detalları, ailə faciələri və s. barədə bu tipli nümunələrdən əldə olunan məlumatları dəqiq və inandırıcı hesab etmək olar. Bu şeirlərə istinadən Azadinin bir oğlunun itkin düşdüyünü, digər bir oğlunun vaxtsız öldüyünü, qızı və gəlininin eyni gündə vəfat etdiyini, şairin ömrünün son illərinin gərgin və əzablı keçdiyini söyləmək olar. Kifayət qədər etibarlı mənbə rolunu oynayan bu şeirlərdə bir övlad kimi Məxtumqulu Fəraqinin hiss və həyəcanlarını da görməmək mümkün deyil. Məsələn, “Can eylədi” şeirində Fəraqi ata itkisindən doğan kədər və üzüntülərini belə ifadə edir:

Dörd yanımı sel bürüyüb, qalmışam yalqız, mənəm
Atam-Azad köçüb getdi, qalmadı Kəbəm-anam,
Mat olub, ötməz daha, bağ içrə əsirdir sinəm
İbrahimtək nar içrə mərdi-mərdan sərmənəm,
Bizi oda salıb fələk, narını reyhan eylədi.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor