Heç hənanın yeridir Ədəbiyyat

Heç hənanın yeridir

Şəmi üfürəndə onun şöləsi hara gedir? Moris Meterlink Bir neçə ay əvvəl hörmətli filosoflarımızın birindən “Epizodik baxış: din və fəlsəfə” adlı məqaləmə nəzər yetirməyini xahiş etdim. O, adı çəkilən məqaləni müfəssəl yox, bir az dioqanal, bir az da perpendikulyar üsulla yanımdaca oxumağa başladı. Bu şəkildə oxunuş mətnin mahiyyətinə varmaq üçün kafi sayıla bilməzdi, amma necə olsa da, fəlsəfə elmləri doktoru idi, özü üçün nələrisə əxz etməyi bacardı. Onu da xatırladım ki, yazdığım məqalənin dili çətin idi. Başqalarının əqidəsinə açıq-aşkar zidd çıxmağım hiss olunmasın deyə fikirlərimi asan anlaşılmayan xüsusi terminlərin arxasında gizlətmişdim ki, mövqeyimdən hali olmaq nadanlar üçün əlçatan olmasın. Xanım filosof sevdiyim müəlliflərdən idi, özünəməxsus yanaşma tərzi ilə diqqət mərkəzimdə həmişəlik özünə yer eləmişdi. Mənim elmi dərəcəm və bu sahədə fəaliyyətim olmadığına görə xanıma təqdim etdiyim yazı, yəqin ki, məqalə üçün nəzərdə tutulan texniki tələbləri ödəmirdi. Məqalənin yazılış qaydası haqqında dəyərli məsləhətlər versə də, vaxtımı şeir yazmağa həsr etməyimi tövsiyə etdi. Başa düşdüm ki, gözəyarı oxumaqla məqsədimi tam mənimsəyə bilməyib, qeyd etdiyim kimi, mətnin yazılışına çətin üslub seçmişdim. Mövzunu işıqlandırmaqda məqsədim, əlbəttə, bu birinci abzastdakı qeydlərim deyil, alimin sonuncu cümləsidir ki, məni düşünməyə vadar edib: “Nə qədər sadə yazsam da, oxumurlar”. Bəli, oxumurlar, çünki indi kitab oxumaq dövrü deyil, həm də oxunmamağın səbəbi üslubun çətinliyi, yaxud sadəliyi yox, adamların üstündə gəzdikləri dünyada sanki olmaması, bir addım uzağı görmək istəməməsi, virtuallaşmasıdır. Insanlar adi halda gündə bir şəxslə görüşə bilirdilərsə, internet vasitəsilə bu rəqəmi yüzə də çatdırmaq olur. İnternetdən faydalılıq naminə istifadə edənlər xaric, belələrinin kitab oxumağa vaxtı hardandır?! İndi keçid edim əsl mətləbə. O mətləbə ki, mənə fikirləşmək imkanı bəxş edib. Mən o anlarda nə düşündüm? Düşündüm ki, fəlsəfəni sadə yazmaq olmaz. Sadə yazılan fəlsəfə oxucunu düşündürə bilmədiyi üçün oxunanların immanent qavranmasına səbəb olacaq, yəni yalnışlıq baş verəcək. Fikrimi bəzi misallarla belə izah edim, məsələn, dialoq zamanı biri o birindən soruşur: “Heç hənanın yeridir?” Məhşur “O olmasın, bu olsun” filmində hərfi mənada işlədilən bu cümləni biz indi atalar sözü kimi işlədirik, həm də hərfi mənasından uzaq. Həmin filimdən və bizim atalar sözlərimizdən xəbərsiz olan birisi bu cümlənin sətiraltı mənasını başa düşmədiyinə görə onu, şübhəsiz ki, eşitdiyi kimi qəbul edəcək. Istəyirəm, ikinci misalımda oxucunun diqqətini müəllifi olduğum “Kəhraba idim” adlı kitabda dərc olunan “Rəngli çətirlər” şeirimdən sonuncu üç misraya yönəldim: ... Nə fərqi yaydır, qışdır? Zaman da bir yağışdır! Hərdən rəngli çətirlər dayanır aramızda... Adi oxucu bu sətirlərdə çətiri elə çətir kimi də anlayacaq, amma mən çətirin insanla yağış arasında dayanma xüsusiyyətinə müraciət edərək özümlə zaman arasında tez-tez baş verən örtüyə – zamansızlığa işarə etmişəm. Göründüyü kimi dərk etməyə çalışmadan, zamansızlığın nə olduğunu bilmədən, bu misraların yaratdığı əhatəyə daxil olmaq mümkün deyil. Deməli fəlsəfədə sadə üslub fərdə xidmət etdiyi üçün fərdiliyin yox edilməsini əngəlləyəcək. Əgər oxucu anlamaq üçün hər cümlənin üzərində düşünməyə məcbur olmursa, əldə etdiyi Platonun heç saydığı bu görünənlər dünyası ilə əlaqəli bilik olacaq , lakin fəlsəfənin işi görünənlərin fonunda görünməyənləri dərk etmək qabiliyyəti aşılamaqdır. Fəlsəfə idrakı hərəkətə gətirməlidir ki, insan baxmağı yox, görməyi öyrənsin. İnsan görməyə başlayanda fəlsəfi suallar burulğanına düşür. Bu sualların çəngindən yaxa qurtarmaq isə idraki qabiliyyət beyindən getməyənə qədər mümkün deyil. Məsələn, Moris Meterlinkin suallarından biri kimi: “Şəmi üfürəndə onun şöləsi hara gedir?”

Göyərçin Kərimi