Tatar ədəbiyyatı – 3-cü yazı Ədəbiyyat

Tatar ədəbiyyatı – 3-cü yazı

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

İsmayıl Qaspiralının ölüm xəbəri təkcə Krımda deyil, bütün türk dünyasında, o cümlədən Azərbaycanda da kədər hissi ilə qarşılanmış, ölümündən iki gün sonra xatirəsinə həsr olunmuş şeirlər müxtəlif qəzet və jurnallarda davamlı olaraq dərc olunmağa başlamışdı. Əlabbas Müznibin “Qiymətli atamız İsmayıl bəy Qasprinskinin vəfatı münasibətilə” (“Bəsirət” qəzeti, 13 sentyabr, 1914), “Sevgili atamız İsmayıl bəy” (“Dirilik” jurnalı, 16 sentyabr, 1914), Məhəmməd Hadinin “Kəbəyi-müəllayi-ür- fanın qurbanı böyük İsmayıl bəy” (“İqbal” qəzeti, 14 sentyabr, 1914), Əmin Abidin “Dühayi-əzimimiz İsmayıl bəy Qasprinskinin vəfatı münasibətilə” (“İqbal” qəzeti, 17 sentyabr, 1914), Əli Səttarın “Ustadi-əzim İsmayıl bəy Qasprinskinin ruhu əğdəsinə ithaf’ (“İqbal” qəzeti, 17 sentyabr, 1914), Əlipaşa Səbur Hüseynzadənin “Ustadi-əzəm İsmayıl bəy Qasprinskinin ruhuna ithaf’ (“İqbal” qəzeti, 18 sentyabr, 1914), Əhməd Cavadın “Qasprinski üçün” (Gəncə, 22 sentyabr, 1914), Ziya Axundza- də Lənkəraninin “İsmayıl bəyin ruhuna” (“İqbal” qəzeti, 26 sentyabr, 1914), Molla Mahmud Çakər Naxçıvaninin “Ustadi-erşadımız böyük İsmayıl bəy” (“İqbal” qəzeti, 30 sentyabr, 1914), Hüseyn Cavidin “İsmayıl bəy” (“Məktəb” jurnalı, 21 oktyabr, 1914) şeirlərində İsmayıl bəy Qaspiralının ölümünə təəssüf edilməklə yanaşı, bir millət fədaisi kimi xatırlanır, əməlləri yüksək qiymətləndirilir, adının əbədiyaşar olacağına ümidlər bəslənilir. Məsələn, Məhəmməd Hadi onun ölümündən üç gün sonra “İqbal” qəzetinin 14 sentyabr 1914-cü il tarixli sayında dərc etdirdiyi “Kəbəyi-müəllayi-ürfanın qurbanı böyük İsmayıl bəy” adlı şeirində İ.Qaspiralmm millət yolunda xidmətlərinə yüksək dəyər verir, fikirlərinin milləti parlaq gələcəyə aparacağına inam nümayiş etdirir:

Verdin həyat bizlərə, öldün özün sənin,
Millət göz açdı, gərçi yumuldu gözün sənin.
Həp ruhdur ki, şəkli-soxənində sözün sənin,
Topraqlara bürünsə də parlar yüzün sənin.
Sən söndün isə jikirlərin bərqərardır,
Tabəndə qəlblər sanaparlaq məzardır...
...Xəlq anlasın deyə o tənin bəyanını,
Çox zəhmət ilə xəlq edərək “Tərcüman”ını,
Vəkf eylədin bu qövmə cavanlıq zamanını,
Göstərdin iştə fikri həqiqətfəşanını!
Sən söndün isə jikirlərin bərqərardır,
Tabəndə qəlblər sanaparlaq məzardır...

Hüseyn Cavid “İsmayıl bəy” şeirində (“Məktəb” jurnalı, 21 oktyabr, 1914-cü il) İ.Qaspiralının xidmət və ideyalarının türk millətinin həyatında oynadığı rolu poetik şəkildə belə mənalandırıb:

Ismayıl bəy, o bir böyük türk idi,
Bir günəşdi Krım üfüqlərindən,
Parlayıb ətrafı nura qərq etdi.
Yıldızlar yaratdı şəfəqlərindən.
Ismayıl bəy türkyurduna şan verdi,
Öksüz-ölgün millətinə can verdi...
...İsmayıl bəy ölməz, yaşar, həpyaşar,
Tarixlərdə, könüllərdə dillərdə.
Böyük ruhu yüksək göylərdən aşar
Böyük adı yad olunur hər yerdə!
İsmayıl bəy türkyurduna şan verdi,
Öksüz-ölgün millətinə can verdi...

İsmayıl Qaspiralının bütün ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti bir konsepsiya olaraq millətinin taleyi ilə bağlanmış, mənsub olduğu millətin gələcəyi ilə bağlı “nə etməli” sualına cavab tapmaqda əhəmiyyətli rol oynamışdı. 63 illik mənalı ömrünün 33 ilini türk-islam dünyasının vacib problemlərinin həllinə həsr edən, “dildə, fikirdə, işdə birlik” ideyasının reallaşmasına var gücü ilə çalışan İsmayıl Qaspiralının bədii-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği və tətbiqi dayanır.
İsmayıl Qaspiralı yaradıcılığının şah əsəri olan “Tərcüman” mənsub olduğu türk xalqının ictimai-siyasi və mədəni həyatında dirçəliş rolunu oynamaqla yanaşı, görkəmli şəxsiyyətin irəli sürdüyü “dildə, fikirdə, işdə birlik” ideyalarının reallaşmasında güclü təsir vasitəsinə çevrilmişdi. Böyük ideyalar carçısı İ.Qaspiralı mütərəqqi fikirlərin həyata keçməsində, heç şübhəsiz, bədii ədəbiyyat və publisistikanı daha əhəmiyyətli hesab edirdi. İ.Qaspiralıya görə hər bir milləti millət kimi tanıtmaqda din və ədəbiyyatın rolu əvəzolunmazdır. Bu mənada İ.Qaspiralının ədəbiyyatsız xalqları “vəhşi tayfa” adlandırması təsadüfi görünmür. “O, belə hesab edirdi ki, bədii əsər hər şeydən əvvəl geniş xalq kütləsinin arzu və istəklərinin ifadəçisi və düşüncələrinin tərcümanı olmalıdır” (Xeyrulla Məmmədov).
İsmayıl Qaspiralı türk dünyasının böyük şəxsiyyəti, ideoloqu olmaqla yanaşı, ilk növbədə nasir və publisist kimi məşhurdur. Onun yaradıcılığında roman və hekayələri mühüm yer tutur.
İsmayıl Qaspiralı Avropa və Afrika ölkələrini səyahət edən eyni bir qəhrəmanın macəraları əsasında silsilə romanlar yazmış, bunları “Tərcüman” qəzetində çap etdirmişdi. “Firəngistan məktubları”, “Darürrahat müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi” və “Molla Abbas Franseviyə təsadüf : Gül Baba ziyarəti” əsərləri eyni qəhrəmanın Molla Abbasın iştirak etdiyi müxtəlif romanlar silsiləsidir. Silsiləyə daxil olan ilk əsər “Firəngistan məktubları”dır. Roman 1887-1889-cu illərdə “Tərcüman” qəzetində “Molla Abbas” imzasıyla dərc edilmiş, az vaxt keçmədən ayrıca kitab halında çap olunmuşdu. Qeyd etdiyimiz kimi “Firəngistan məktubları” əsərinin baş qəhrəmanı Daşkəndli Molla Abbasdır. Onun vətənindən Fransaya gəlməsi, oradan İspaniyaya getməsi, başına gələn əhvalatları hekayə etməsi əsərin məzmununu təşkil edir. Əsərdəki hadisələr bilavasitə Molla Abbasın dili ilə nəql olunur. Əsərin əvvəlində Molla Abbas özü və səfərinin məqsədi haqqında belə məlumat verir: “Daşkənddən səfərə çıxanda iyirmi iki yaşında idim. Atamdan qalmış mal və sərvətlə nə qədər dolaşsam da yetərli idi. Özüm harda, vətən və yurd orda olacaq kimi tək başına bir gənc idim. Səyahət, elm və bilik üçün nə qədər uzaqlarda olsam da ardımca baxıb qalacaq yox idi. Orenburqdan keçib Moskvaya gəldim. Burada gördüklərim və Ka- zanlı tanışlarımdan anladığım məlumata görə Firəngistan qayət könlümə düşdü, bu ölkələri görməyə həvəs etdim. Bir də ki, əski kitabda Avropada zamani ərəb və türkdən qalmış əzizlər və ziyarətlər olduğunu bilib, bunları ziyarət etməyə murad etdim. Bu halda Ades (Odessa) şəhərinə gəldim”. Molla Abbasın səfər zamanı məqsədinə uyğun olaraq Macarıstanda “Gül Baba” (Macarıstanda XVI əsrdə Osmanlı türklərindən qalmış bir bəktaşi şeyxinin türbəsi), Fransada “Qırx əzizlər” adlı (732-ci ildə İslam ordusunun Fransadan geri çəkilərkən şəhid olmuş əsgərləri üçün tikilmiş məqbərə. Hazırda onun mövcud olub-olmaması məlum deyil.) müqəddəs ocaqları ziyarət etməsi barədə əsərdə məlumat verilir. Romanda Molla Abbasın Odessada teatr tamaşasına baxarkən firəng qızı Jozefin ilə tanışlığı və ondan Fransa haqqında məlumatlar alması bilavasitə baş qəhrəmanda hələ Avropanı görmədən Avropa təəssüratlarının yaranmasına, onun Avropaya olan meylinin artmasına böyük təsir göstərir. Molla Abbasda şərq yox, Avropa marağının güclənmə səbəbi də əsərdə bu tanışlıqla əlaqələndirilir: “Bir həftə keçdi. Bu günləri həp firəng qızı ilə keçirdim. Firənglər və Firəngistan haqqında mənə məlum etdiyi əhvalatlara görə firəng qövminin diqqətəlayiq və təəccüblü olduğuna şübhəm qalmadı. Belə ki, Jozefinlə tanış-biliş olunca islam ölkələrini ziyarət etməzdən əvvəl yabançı ölkələri gəzib, görüb, anlamağa qayət həvəsli oldum”. Göründüyü kimi, Molla Abbasın bir tərəfdən kazanlı tanışlarından, digər tərəfdən də firəng qızından Avropa haqqında eşitdikləri onun bu diyara getmək həvəsini nəinki artırmış, eyni zamanda “firəngin diqqətəlayiq və təəccüblü” cəhətlərinə meylini gücləndirmişdi.
Hadisələrin inkişafı zamanı biz Molla Abbasın Jozefınlə nigah bağladığının şahidi oluruq. Molla Abbas dünyaya gələcək övladlarının müsəlman kimi tanınmasını vacib şərt hesab edir. Molla Abbasın bu fikrini müəllif əsərdə milli və islami məqsəd kimi dəyərləndirir. Lakin əsas məqsəd Molla Abbasın Avropaya doğru səyahəti zamanı keçdiyi ölkələrdə gördüyü hadisələr və onlara münasibətində açıqlanır.
Rusiya, Ukrayna, Polşa, Qalitsiya, Almaniya, Macarıstan torpaqlarından keçərkən Molla Abbasın keçirdiyi hisslər, bu ölkələr haqqında onda yaranan təəssüratlar olduqca orijinal təsirə malikdir. Xüsusən alman və macar elm, təhsil, mədəniyyəti onda heyrət doğurur. Zəngin kitabxanaların, modern təhsil sisteminin olmasını müəllif qəhrəmanının dili ilə cəmiyyətin inkişaf təməli kimi səciyyələndirir. İ.Qaspiralıya görə “elm, mərifət günəş işığı kimidir. Cümlə aləmə aydınlıq və qüvvət verir.” Əslində bu fikirlərdə öz maarifçi görüşlərini əks etdirən İ.Qaspiralı xalqların tərəqqisi-ni elm və təhsildə görərək millətinin də bu yolu tutmasını arzulayır. Əsərdə Molla Abbasın Vyana şəhərində görkəmli türkoloq Vamberi ilə görüşü maraqlı tərzdə təqdim olunur. Müəllif Vamberinin Türküstanda tarixi abidələri tədqiq etmək marağının və ora gəlişinin bir səbəbini də məhz onun özünün və mənsub olduğu macar xalqının türk əsilli olması ilə bağlayır. Düzdür, əsərdə Vamberinin Türküstana getməsinin başqa bir səbəbi də açıqlanır: “Rəvayətə görə Vamberi dərviş qiyafəsinə girib Türküstanı dil kəşfi üçün dolaşmamış. Bu adamı bu tərəfə ingilis höküməti yollamışdır. Bu səyahət zamanı ruslar Ağməscid və Evliyata qalalarını alıb Kokand və Daşkənd tərəfə gəlməkdə imişlər. İngilislər qısqanclıq və daha ziyadəsi Hindistanda malik olduqları ölkələrdən qorxub Rusiyanın Türkistana irəliləməsindən xoşlanmayıb Türküstan durumunu anlamaq istəmişlər. Bir türlü şübhə olmamaq üçün ingilis casusu yollamayıb, venqriyalı Vamberini yollamışlar. Vamberi İrandan, Xivədən keçib Buxaraya yetmişdir.” Əsərdə səslənən bu fikirlərdə müəyyən tarixi faktların sadalanması ilə yanaşı, türk mənəvi-mədəni tarixinin qədimliyinin təsdiqi də dayanır. Bir qədər əvvəldə adlarını sadaladığımız Avropa ölkələrində Molla Abbasın türk tarixi abidələrini axtarması, həmsöhbət olduğu şəxslərdən bu günkü qərb mədəniyyətinin əsasında dayanan bir sıra İslam mənəvi dəyərlərinin mövcudluğu ilə əlaqədar məlumatlar eşitməsi türk-müsəlman təsirinin təkcə Şərqə yox, həm də Qərbə nüfuzundan xəbər verir. Əsərdə Molla Abbas çox hadisələrlə üzləşir. O, Parisə gəldikdən sonra Jozefini boşayır. Müsyo Şalon adlı tanınmış bir şəxslə tanış olur. Onun qızı Marqaritaya fars və türk dillərindən dərs keçir. Avropa mədəniyyəti, təhsil sistemi, əxlaq, ailə və məişət tərzi barədə bu şəxslərlə söhbətlərində Molla Abbas Şərqin nə qədər geri qaldığını açıq-aşkar duya bilir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor