Tatar ədəbiyyatı – 7-ci yazı Ədəbiyyat

Tatar ədəbiyyatı – 7-ci yazı

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

İ.Qaspiralının həm bədii, həm də publisistik yaradıcılığında qadına münasibət bir problem kimi xüsusi və əhəmiyyətli yer tutur. İ.Qaspiralının “...Alemi-insaniyətin yarısı kadınlar olduğu halda maişet, rahat, seadet ve mesudiyeti insaniye nazarından kadınların ne kadar ehemiyetli oldukları anlaşılıyor” deməklə problemin aktuallığına diqqəti yönəldə bilir. O, 1903-cü ildə “Tərcüman” qəzetində çap etdirdiyi “Qadınlar” başlıqlı yazısında qadınların vəzifələri, Şərq və Qərb qadınlarının müqayisəsi, qadınların hüquqları və s. ilə bağlı fikirlər söyləmiş, ən vacib məsələlərinin təhlilinə yer ayırıb. Qaspiralı belə hesab edir ki, əgər qadın dünyaya uşaq gətirirsə, onu qucağında böyüdürsə, ona döşündən süd verirsə, bu insanlar onun vasitəsilə dil öyrənib ədəb-kamala çatırsa və s. nəyə görə onun hüquqları tapdanmalı, cəmiyyətdəki hüquqları aşağı olmalıdır. Buna görə də 14 milyonluq Rusiya müsəlmanları və ümumən dünya müsəlmanları içərisində yaşayan qadınların hünər və mərifətlərinin yüksək olmasına baxmayaraq, onların ictimai fəaliyyətlərinin və sosial hüquqlarının mövcud vəziyyəti İ.Qaspiralını narahat etməyə bilməzdi. “Hər evə bir qadın necə lazımsa, hər qadına da elm o cür lazımdır” deyən dahi şəxsiyyət qadınların ilk növbədə təhsilli olmasının vacibliyini qeyd edir, cəmiyyətin formalaşmasında, nicatında və tərbiyəsində savadlı qadının rolunu yüksək qiymətləndirirdi. Çünki İ.Qaspiralının nəzərincə təhsili vətərbiyəsi olmayan qadın onun üçün vacib olan üç vəzifəni - qadınlıq, analıq və rəfiqəlik şərtlərini yerinə yetirə bilməz, nəticədə tərbiyə verəcəkləri bisavad qalar, dünya və insan ömrü fəna olar.

Maraqlı odur ki, İ.Qaspiralı qadının üç vəzifəsindən danışarkən kişilərin də üç vəzifəsi olduğunu qeyd edir (kocalık, babalık, refiklik). O belə hesab edir ki, həm atanın, həm ananın vəzifələri eynidirsə, demək onların cəmiyyətdəki hüquqları da eyni olmalıdır. Ona görə ki, “kadınlığa girmiş, yaki ana olmuş bir kadın kocasının yoldaşıdır, refikasıdır. Dünyada beraber çalışıp, beraber yaşayacaklar. Beraber evlat yetiştirecekler. Bu halde kadın-koca bir vücut haline girer, ikisi bir insan, ikisi bir bina, bir hane olmuş olup, ikisinin fayda ve zararı, kıvancı və kaygı- sı birleşir. Çalışmak, yemek, yaşamak hep beraberdir.”

Əgər İsmayıl Qaspiralının roman və hekayələrində qadın problemi bədii yanaşmada həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-fəlsəfi və ictimai- siyasi münasibət bildirilir. Ancaq hər iki halda böyük şəxsiyyətin narahatçılıqları ifadə olunur, ruhuna hakim kəsilən milli duyğuların təzahürü özünəməxsus tərzdə diqqəti cəlb edir.

“Dünyada ne kadar er kişi var ise o kadar da kadın-kız vardır” deyən İ.Qaspiralı qadın problemi konteksində daha vacib və əhəmiyyətli cəhətləri diqqətə çatdırır. Əlbəttə, İ.Qaspiralmm bu tezisi bir neçə baxımdan əhəmiyyət daşıyır. Əvvəla biz burada təxmini olaraq XIX əsr qadın və kişi say nisbətinin dünya mənzərəsi ilə tanış oluruq. Lakin görkəmli ədibin dünyada qadın və kişilərin bərabər sayda olmasını təqdim et-məkdə məqsədi başqa olmuşdur. O, say baxımından qadınla kişilərin bərabərliyinə rəğmən cəmiyyətin formalaşmasında qadının kişilərdən üstün mövqedə olmasını diqqətə çatdırır. İ.Qaspiralı bu cür yanaşması ilə insanların tərbiyə və formalaşmasında qadın rolunun səviyyəsini müəyyənləşdirir və belə bir qənaətlə çıxış edir ki, bir şəhər və vilayətin qadınları cahildirsə, ümumiyyətlə həmin şəhər və vilayətin əhalisinin yarısı cahil olar. Ona görə də ədibin “bir qızın tərbiyəsi iki oğlan tərbiyəsindən əfsəldir” qənaəti tərbiyə və təhsil məsələsində qadının rolunun əhəmiyyət dərəcəsini müəyyənləşdirən göstəriciyə çevrilir. Ədibin qadınla əlaqədar düşüncə və görüşləri ictimai-siyasi həyatımızda xüsusi bir mərhələ kimi diqqəti cəlb edir. Bu gediş əslində İ.Qaspiralının Şərqdə qadın hüquqsuzluğuna qarşı etirazı kimi qiymətləndirilməlidir. Yəni o, demək istəyir ki, əgər qadınla kişilərin sayı bərabərdirsə, lakin qadınlar cəmiyyətin formalaşmasında kişilərdən öndə dayana bilirsə, ictimai yükün böyük bir hissəsi onların çiyinlərindədirsə onda nəyə görə qadın köləliyi, qadın hüquqsuzluğu hökm sürsün?

Maraqlıdır ki, İ.Qaspiralı qadın azadlığını onların hüququ kimi təsəvvür edir. Lakin bununla yanaşı o, azad yaşamağı onların hüquqları kimi təqdim etsə də, bu hüquq uğrunda mübarizə aparmağı isə onların borcu hesab edir. O, bütün qadınlara üz tutaraq onları “biz qadınıq, bizim cəmiyyətdə nə rolumuz ola bilər” düşüncəsindən uzaq olmağa çağırır. “Biz kadınız, “bizde ne iş ve ne ehemiyet vardır”1 deyü hata etmeyinüz. Dünyanın ve beni ademin tam yarısı olduktan maqda (olmanın dışında) bazı huzusata er kişilerden daha böyük derecede bulunuyorsunuz.

İ.Qaspiralı qadına adi insan deyil, insanlığa böyük şöhrət və hörmət gətirmiş tərbiyəçi insan kimi baxır. Bu ideya onun əksər bədii əsərlərində hakim mövqe tutur. O, “Firəngistan məktubları”, “Darürrahat müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi”, “Arslan qız” romanlarında, “İvan və Süleyman”, “Hacının fərasəti”, “İki imam” və s. hekayələrində bir sıra cəhətlərlə yanaşı, müsəlman mühiti fonunda qadın probleminə də toxunub. İlk növbədə onu qeyd etməliyik ki, adları çəkilən əsərlərdə qadına münasibət, cəmiyyətdə qadının rolu və s. məsələlər İ.Qaspiralını daim düşündürən problem kimi əksini tapmışdır. Müəllif Jozefinin, Marqaritanın (“Firəngistan məktubları”) və (“Darürrahat müsəlmanları”), Malikənin (“Qadınlar ölkəsi”), Gülcamalın (“Arslan qız”), Süleymanın anasının (“İvan və Süleyman”), “Hacının fərasəti”, “İki imam” əsərlərindəki qadın obrazlarının simasında şərq qadınının mövcud şəraitini təhlil etmiş, onların dünyagörüşünün, hadisələrə baxışını səciyyələndirə bilmiş, millətin tərəqqi etmək yollarının nədən ibarət olduğunu açıqlayıb.

Bildiyimiz kimi “Firəngistan məktubları” əsərinin baş qəhramanı Daşkəndli Molla Abbasdır. Onun vətənindən Fransaya gəlməsi, oradan İspaniyaya getməsi, başına gələn əhvalatları nəql etməsi əsərin məzmununu təşkil edir.

Müəllif bu obrazın simasında öz ideyalarına ifadə edir, onu müxtəlif insanlarla görüşdürməklə, müxtəlif ölkələrə aparmaqla türk-islam cəmiyyəti üçün xarakterik olan cəhətləri ya birbaşa, ya da Qərblə müqayisədə nəzərə çatdırır. Əsərdə Molla Abbasın firəng qızı Jozefin və Marqarita ilə əlaqələri, onlarla həmsöhbət olması digər məsələlərlə yanaşı, qadın problemlərinin ortaya qoyulmasında əhəmiyyətli rol oynayır. Molla Abbasın ilkin olaraq Odessada Jozefinlə tanışlığı Avropanı görmədən onda Avropa təəssüratlarının genişlənməsinə xidmət göstərir. Yazıçı bu yol ilə məqsədli olaraq baş qəhrəmanın şərq-qərb müqayisə təəssüratlarını genişləndirir. Təbii ki, bu proseslərdə diqqəti cəlb edən məsələlərdən biri də qadın problemidir. Maraqlıdır ki, yazıçı Molla Abbasın diqqətini Qərb qadınının iki cəhətinə yönədir. Bu sırada birinci olaraq qərb qadınının cəmiyyətdə özünü sərbəst aparmasıdırsa, ikincisi isə qərb qadının savadlı olmasıdır. Jozefin və Marqarita Molla Abbasın nəzərində şərq qadınının alternativi yox, tam əksidir. Hər iki qadının dünyagörüşü, bu və ya digər məsələlərə aktiv münasibəti Molla Abbasın nəzərində Şərqdən fərqli olaraq yeni bir qadın tipinin yaranmasına səbəb olur. Elmi, savadı günəş işığı hesab edən İ.Qaspiralı məhz Qərb qadınının fərqli görüntüsünü onun savadlı olması ilə əlaqələndirir. Müəllif əsər boyu qadınla bağlı bir çox məsələlərə ictimai həyat problemləri konteksində aydınlıq gətirsə də, qadının ailə-məişət müstəvisində də nüfuzunu diqqətdən kənarda saxlamır. Məsələn “Firəngistan məktubları” romanında Molla Abbasın Jozefinlə ailə qurduqdan sonra adi çay süfrəsi arxasında ər-arvad qarşılıqlı münasibətində “bərabər tərəfdaşlığın” təsviri şərq qadını ilə müqayisədə qərb qadınının azad, rahat, xoş, zövq-səfa həyatı əks olunur: “İki yahşi adam hüzurunda şart ve söz edip birbirimizi alacak olduk. Dua okuduk. Huda hayırlı eyleye idi. Duadan son şahitleri suyladık (ağırladık). Jozefin çay ve tatlılar koydu, ben alıp verdim. Frenk adetince erler kadınlara hayli sırada yardım ve hizmet etmek nezaketden imiş. N’işlemeli, Frenk kızı alğac (alınca) bazi ziyansız adetlerine katlanmak gerek.”

Müəllif “Darürrahat müsəlmanları” romanında Marqaritanın simasında qadın üçün örnək ola biləcək bir çox mətləblərdən söz açır. Əsasən bu obrazın elmə, təhsilə olan marağı, cəmiyyətdəki mövqeyini elmi əsaslara uyğun tənzimləmə səriştəsi İ.Qaspiralının maarifçi görüşlərinin təbliği kimi xarakterizə oluna bilər. Böyük ədib dünyanı gəzdikcə, millətlərin halı ilə tanış olduqca belə bir qəti fikrə gəlir ki, türk-müsəlman insanlarının, eyni zamanda qadınının gələcək səadət yolu təhsil və elmdədir. Yəni, o, Jozefin, Marqarita obrazlarının timsalında yaxşı olan cəhətləri şərq - müsəlman dünyasına transfer etməklə şərq qadının cəmiyyətdə hansı mövqe tutmasını, öz hüquqlarının nədən ibarət olmasını, cəmiyyətin isə öz növbəsində qadın qarşısında hansı vəzifələri yerinə yetirəcəyini ifadə etməklə insanların gözünü açır. Bu tərzin bədii ifadəsi “Sudan məktubları” romanında da yer alır. Əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa imperializminin Şərq istilası, Şərqdə milli-azadlıq hərəkatının güclənməsi, xalqların öz müqəddəratlarını həll etmək uğrunda mübarizəsi və digər məsələlər əksini tapır. Lakin İ.Qaspiralı maarif və tərbiyəni bütün məsələlərin mərkəzində saxladığı üçün “Sudan məktubları”nda öz idealına uyğun olaraq yeri gəldikcə tərbiyə və mədəniyyət məsələlərinə də toxunur və Molla Abbasın baxışları timsalında fikirlərini ortaya qoyur. Heç şübhəsiz, qadına münasibət və cəmiyyətdə qadının rolu İ.Qaspiralını daim düşündürdüyündən o, qadının bütün fəaliyyət dairəsini, ruzigarını təkcə yaşadığı mənzil divarları arasında deyil, geniş ictimai həyat dairəsində təhlilə cəlb edir, çıxış yolunun nədən ibarət olduğunu diqqətə çatdırırdı. Çünki yaşadığı müsəlman mühiti, üzvü olduğu cəmiyyət qadına İslam ehkamları münasibətləri daxilində baxmağı tələb edirdi. İ.Qaspiralı “Sudan məktubları” əsərində İslam ölkələrinin qadınları ilə Avropa qadınlarını müqayisə etməklə fərqləri sadalayır və qadını cəmiyyətin aparıcı insanı kimi görmək istəyir.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor