Tatar ədəbiyyatı – 9-cu yazı Ədəbiyyat

Tatar ədəbiyyatı – 9-cu yazı

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

9-cu yazı

İ.Qaspiralının bədii yaradıcılığı ilə publisistikası arasında müəyyən bir paralellik mövcuddur. Onun publisistikasının mövzu dairəsi olduqca genişdir. Rusiya müsəlmanlarının modernləşmə problemləri, ortaq dil idealı, Rusiya və Avropa ilə əlaqəli məsələlər İ.Qaspiralı publisistikasının baş mövzusudur. Düzdür, onun publisistik yaradıcılığında ədəbiyyat və sənət məsələləri də az yer tutmur. Lakin mənsub olduğu millətin problemlərinə ictimai-siyasi kontekstdə yanaşma və onun həlli yollarını göstərmək marağı İ.Qaspiralı publisistikasında əhəmiyyətli dərəcədə diqqəti cəlb edir. İ.Qaspiralı hər şeydən əvvəl millətini düşünən, onun xoşbəxtliyini arzulayan yazıçı-publisist, görkəmli ictimai xadim olmuşdur. Buna görə yüzilliklər dönəmindən bəri Rusiyanın təsiri altına düşmüş türklərin (Ryazan, Kazan, Astraxan, Sibir, Güney Qafqaz, Orta Asiya və s. türklərinin) assimliyasiyaya düçar olmaması, tərəqqi etməsi bir ədib, bir millət atası kimi onu daim düşündürüb. “Baxçasaray məktubları” (1881), “Rusiya müsəlmanları” (1881), “Rus- Şərq anlaşması” (1896), “Rusiyanın İslam siyasəti” (1910), “Qadınlar” (1903), “Zamanımızın məsələləri” (1906), “Müsəlmanlar konqresi” (1909) və s. kimi proqram səciyyəli əsərlərində mənsub olduğu millətin bu günü və gələcəyi barədə, belə demək mümkünsə, araşdırmalar aparıb, bu nəticələri əsasən “Tərcüman” qəzeti vasitəsilə oxuculara çatdırıb. İ.Qaspiralmm “Rusiya müsəlmanları” və yaxud da “Rusiyada əhli-İslam” adı ilə çap etdirdiyi publisistik əsərinə 1881-ci ilin 01 iyun tarixində yazmış olduğu izahatda məqsədini belə açıqlayır: “Bu yazıların məqsədi vətənimizin və mədəniyyətimizin yaxşılığı üçün Rusiya müsəlmanlarının gələcəyinin nə olacağı məsələlərini müzakirə etmək və bu məsələlərin araşdırılmasa başlamaqdır”.
İ.Qaspiralı Rusiya himayəsində olan türklərin ağır sosial həyat tərzi, müdhiş bir cəhalət, yoxsulluq, ətalət girdabından qurtulmasının vacib şərti kimi mədəni tərəqqini ön plana çəkir. Düzdür, İ.Qaspiralı Rus hökümətində bir qanun altında hakim rus milləti ilə bir torpaqda müsəlmanların necə yaşamağı, necə rəftar etməyi və əvəzində türklərin onlara necə münasibətdə olmaları və s. ilə bağlı sosial, eyni zamanda siyasi suallar qoyur, bunları cavablandırmağa çalışır. Zamanı üçün bu cür köklü məsələlərin ortaya çıxmasını da, eyni zamanda onların həllini tapmamasını da Rusiya ərazisində yaşayan türklərin mədəni-mənəvi, milli-sosial problemlərini həll edə biləcək siyasət proqramının olmaması ilə bağlayırdı: “Rusiya müsəlmanlarının arasında mədəniləşmənin yayılması kimi yüksək bir idealdan ilham alan, ciddi olaraq müəyyənləşmiş düzənli şəkildə davam edən bir siyasətin olmaması bu günə qə-dər özünü hiss etdirir. Bu həm bizim Rusiya müsəlmanları üçün, həm də məmləkətimiz üçün bir çox acı sonluqlar doğurub”. Maraqlıdır ki, İ.Qaspiralı 500 il əvvəl rusların qələbəsi ilə bitən Kulikova döyüşündən sonra türk ellərinin bir-birinin ardınca hərb yolu ilə Rusiyanın tərkibinə daxil edilməsi faktını təsdiqləyir, bu “ittifaqın” ortaya çıxardığı bir çox fəsadlardan bəhs açır. Lakin İ.Qaspiralıda türk ellərinin hərb yolu ilə Rusiyaya qatılmasına kəskin etiraz və barışmazlıq müşahidə edilmir. Maraqlıdır ki, o, ruslarla müsəlmanlar arasında yaranmış münasibətlərin pozulmasına xidmət göstərən Avropa siyasətçilərinin ideologiyasına etiraz edir. Və burada böyük bir siyasətin olduğunu dilə gətirir. İ.Qaspiralı onların bu siyasətini türklərə qayğı və diqqəti kimi yox, öz mənafelərini həyata keçirmək üçün apardığı anti-türk siyasətin tərkib hissəsi kimi qiymətləndirir. Çünki onun gəldiyi qənaətə görə “vəhşiləşən Avropanın Şərqə amansızcasına necə zülm etdiyinə nəzər saldıqda, Şərqin Qərbdən bir xeyir gözləməsi əhəmiyyətsiz görünür”. İ.Qaspiralı türk insanlarının təhsil, ticarət və s. məqsədlə Qərbə deyil, Rusiyaya üz tutmalarını təbii hesab edir, bunu bir ərazidə iki millətin uzunmüddətli qarşılıqlı yaşayışının tələbi şəklində qiymətləndirir. Görkəmli qələm sahibi öz xalqının müstəqilliyini arzulasa da, ruslarla türklərin 500 illik əlaqələrinin nəticəsi olaraq iki xalqın mədəni yaxınlaşması faktını təsdiqləyir və bunu təqdir edir. 1896-cı ildə yazıçının “Tərcüman” qəzetində dərc olunmuş “Rus-Şərq anlaşması” adlı əsərində maraqlı bir fikir diqqəti cəlb edir. İ.Qaspiralı adını çəkmək istəmədiyi türk yazıçısının aşağıdakı fikirlərini oxuculara təqdim edir: “Adını söyləmək haqqım olmayan mümtaz türk yazarlarından biri mənə belə demişdi: “Osmanlı nəyin bahasına olursa-olsun öz müstəqilliyinə qovuşmalıdır, amma bunu itirəcəyi uğursuz zaman gələrsə, mən xalqımın başqa bir dövlətin deyil, Rusiyanın hakimiyyətinə girməsini istərəm. Belə düşüncəmin səbəbi rus sevgisi deyil. Mən osmanlıyam, amma ruslarla birgə yaşamanın daha yaxşı, daha asan olacağını düşünürəm. Onlar bizə yapıca və kültürcə Batı xalqlarından daha yaxındır”.
Böyük türkçü, “dildə, fikirdə, işdə birlik” ideyasının reallaşması yolunda böyük xidmətləri olan, bütün mənalarda xalqını sevən, dilini, mədəniyyətini dünyaya təbliğ edən İ.Qaspiralının məsələlərə bu cür yanaşması səbəbsiz deyildi. Hər şeydən əvvəl ona görə ki, bu məsələdə İ.Qaspiralı real şəraiti qiymətləndirirdi. O, “zamanında tək və qüdrətli olan türk-tatar boylarının dağınıq halda tədricən Rusiyanın hakimiyyəti altına girdiyini və onun ayrılması mümkün olmayan bir parçası halına gəlməsini” yaxşı başa düşürdü (hətta qəbul etmədiyi təqdirdə belə). Məlumdur ki, artıq XIX əsrdən başlayaraq Avropada Osmanlıya qarşı böyük bir siyasət anti-türk siyasəti həyata keçirilirdi. Bu siyasət təkcə Osmanlı siyasi qurumuna qarşı deyil, həm də Osmanlı türkünə qarşı yönəldilən bir siyasət idi. Heç şübhəsiz, həmin siyasət Rusiyada dövlət səviyyəsində türklərə qarşı aparılan “aziat”, “vəhşi millət” təbliğatından sərt və amansız olsa da, müəyyən mənada onunla üst-üstə düşürdü. Lakin İ.Qaspiralının fikirlərində Avropaya nisbətən ruslara “məhəbbəti” XIX əsrin sonu və XX əsrin əvvəllərində mövcud şəraiti düzgün qiymətləndirməsi kimi başa düşülməlidir. Təbii ki, Avropa siyasətinin türk dövləti və türk millətinə qarşı düşmən təbliğatı qarşısında rusların öz himayəsində olan türklərə ögey münasibəti arasındakı fərq, o cümlədən türklərin hakim rus siyasi dövlət qurumunda yaşamaları Qaspiralını ruslara qarşı daha ehtiyatlı yanaşmağa vadar edirdi. O, bu yolla bir tərəfdən Rusiyada və Osmanlıda yaşayan türklərdə Avropaya nifrət oyadır, digər tərəfdən şəraitə görə məcburi gediş olaraq türk-rus milli münasibətlərinin pozulmasının qarşısını alır, əksinə, bu münasibətlərin yaxşılaşmasına zəmin hazırlayırdı. Bu mənada o, türklərin Rusiyada etibar qazanmasını artırır, hakim rus ideologiyasında anti-türk meyllərin qismən də olsa azalmasına çalışırdı. Qeyd edək ki, bir qədər sonra Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi Nəriman Nərima-novun da ruslara qarşı münasibətdə təxminən bu cür mövqedə olması təbii idi və onun bu gedişini Rusiya hakimiyyəti təsiri altına düşmüş xalqının gələcək taleyi naminə ehtiyatlı davranmasının nəticəsi kimi qəbul etmək lazımdır.
Lakin millətini daim savadlı, mədəni görmək istəyən İ.Qaspiralı rus-müsəlman mədəni əlaqələrində bir çatışmazlıq görürdü. Məlumdur ki, Rusiya ərazisində yaşayan xalqların həm rus, həm də dünya mədəniyyətlərinə qovuşma prosesi tarixən rus dili vasitəsi ilə həyata keçirilib. Buna görə də İ.Qaspiralı zamanı üçün türklərin geniş dairədə rus dilini bilməməsini onların rus və dünya ədəbiyyatı və düşüncəsindən təcrid olması kimi xarakterizə edir və bundan dərin təəssüf hissi keçirir. Bu mənada adını demək istəmədiyi türk yazarından gətirdiyi sitatda müstəqillik olmayacağı təqdirdə türk millətinin ruslarla (hələlik E.Q.) bir olmaq istəyi əbədi olaraq hansısa yad bir xalqın boyunduruğuna çevrilməyin yox, məhz əsrlərlə qonşu və sıx mədəni əlaqədə olduğu bir xalqın dilinin köməyi ilə dünya mədəniyyətinə qovuşmaq istəyinin göstəricisidir. Daha doğrusu, yazıçının bu mövqeyi yad bir təsir altında yaşamaq meylinə deyil, rus dilinin əlaqə imkanlarının böyüklüyü nəticəsində Rusiya ərazisində yaşayan türklərin XIX əsr şəraitində hələlik bu dil vasitəsilə Avropa mədəniyyətini mənimsəmək, bu mədəniyyətə qovuşmaq məntiqinə uyğundur.
Yazıçı-publisistin 1909-cu ildə “Tərcüman” qəzetində dərc etdiyi “Müsəlmanlar konqresi” yazısında (İ.Qaspiralının bundan əvvəl 1907-ci ilin avqust ayında bu başlıq altında başqa bir yazısı İstanbulda “Sirati-Müstəqim” dərgisində çap olunub.) bilavasitə proseslərin içində olduğu zaman müşahidə etdiyi, səyahətlər zamanı gördüyü problemlərdən bəhs açılır. Özünün də qeyd etdiyi kimi, səyahətləri zamanı millətinin erməni və yəhudilərlə müqayisədə “geridə, dalda və aşağıda” qalmasından məyus olmuş, narahatçılıq hissi keçirmişdi. O, Misir xristianlarının “təməddünü”, Cəzayir yəhudilərinin öz vəziyyətlərini yaxşılaşdırmaq, inkişaf etdirmək naminə Fransa maliyyə qurumlarına “əl uzatmaları” müqabilində müsəlmanların xurma ağacı altında, “dəvə ayağında” səadət gözləmələrinə təəssüf edir, bu gün Qaşqar, Buxara və Qərbdə yaşayan müsəlmanların hətta bir araya gətirildikdə belə “fikir, məqsəd, hərəkət etibarilə fikirsiz, mətləbsiz, hərəkətsiz qalacaqlarından” son dərəcə məyus olur. Türk-islam dünyasının digər millətlərə nisbətən geri qalmasının səbəbləri və bu gerilikdən qurtarmağın yolları İ.Qaspiralını daim düşündürüb. Maraqlıdır ki, o, millətinin gələcək tərəqqisinə böyük inam bəsləyir. Məhz millətinin “ölü millət” deyil, “qəflətdə yatan millət” olması düşüncəsi onda belə bir fikir oyadır ki, əgər millət ölü deyilsə, qəflət yuxusundadırsa, o millətin yuxudan oyanıb tərəqqi etməsi mümkündür. Onun millətin tərəqqisi naminə gələcək inamı da bilavasitə bunlarla bağlı idi.
İ.Qaspiralı “Müsəlmanlar konqresi” adlı yazısında bu cəhəti belə əks etdirir: “Fəqət təcrübədən əldə etdiyim sosial inancıma görə millət (müsəlman millətləri - E.Q.) hərəkətə gətirilməz dərəcədə deyildir. Mənə ümid verən cəhət də budur. Bu etiqadıma binaən “milləti-mərhumə” (ölü millətE.Q.) adı və klişesini (ştampı E.Q.) qəbul etmirəm. Zənnimcə, “Milləti-qafilə” (qafil millət) və “milləti-məzlumə” (zülmə uğramış millət) demək daha doğru olar. Qəflət və zülmə uğramaq keçicidir. Bunlar ilə mücadilə insanların ixtiyarında və gücündədir”.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor