Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı - 2-ci yazı Ədəbiyyat

Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı   - 2-ci yazı

“Dağlar” şeirində ictimai-siyasi motiv daha güclüdür. Bu səbəbdən şeirdə ictimai-siyasi tərz təbiət abidəsi olan dağların vəsfindən, gözəlliklərin tərənnümündən önə keçir. Şeirdə dağlar daha çox tarixi proseslərə, siyasi gərginliklərə, müharibələrə və s. hadisələrə şahid obraz simasında təqdim olunur. Bu şeirin alt qatında Çengiz Dağcı sətiraltı mənada yaşadığı dövrün siyasi proseslərindən doğan fəlakətləri də ifadə etməyə çalışıb:

Bir zaman kalbinye sarıldı tuman
Okürdi, ağladı, boran, yel, tufan.
Ulısız, ulısız şerefli dağlar,
Keçmişnin eykeli güneşli dağlar.

Gənclik illərindən başlayaraq Çengiz Dağcının qəlbi hürriyyət atəşi ilə yanmış, ruhuna Türküstan ideyaları hakim kəsilib. Şairin 1941-ci ildə cəbhədə olarkən yazdığı “Veriniz atamın qılıncın mənə” şeri milli ideyaların əksi baxımından xarakterikdir. Burada şair azadlıq atəşi ilə yanan, əlində qılınc tutaraq döyüş meydanına atılan igid bir türk qəhrəmanı təsiri bağışlayır:

Qalbimde huriyyet ateşiyana,
Beriniz atanın qılıçın mana!
Atımnı sureyim qanlı meydana,
Beriniz atanın qılıçın mana!
Beriniz! Tökülgen qanğa qan içün,
Günahsız yurtumda ölen can içün,
Keçmiş ve gelecek nam ve şan içün
Beriniz atamnın qılıçın mana!

Çengiz Dağcının 1944-cü ildə yazdığı “Ulduz” şeirində kədər, dərd, qürbət, iztirab, həsrət motivləri əsas yer tutur. Çox güman ki, şeir şairin Almaniyanın müxtəlif şəhərlərində olduğu zaman yaşadığı ağrı-acılardan doğan təəssüratlar nəticəsində qələmə alınıb. Çengiz Dağcı şeirdə ulduzu müraciət obyekti kimi seçir. Ulduz həyatın, işığın, ağ günün rəmzidir. O, eyni zamanda şairin tale ortağıdır. Şeirdə şairlə ulduzun həyatında bir paralellik görünür. Şair şeirdə ulduzu özünə həm də dərd ortağı kimi seçir. Ona “dərdli ulduz” deyə müraciət edərək daim parlamasını, yanmasını, ətrafa işıq saçmasını arzu edir. Şeir qürbətdə yaşayan şairin haraylarını, onun dərd, kədər, arzu və istəklərini əks etdirmək baxımından xarakterikdir:

Mahzun yıldız, dertliyıldız, sönmey tur!
Sönme, yıldız, azaçıq yal alayıq.
Belki artıq küneş doğar, sönmey tur,
Sönme, yıldız, yolumızı bulayıq.
Dertli yıldız, men de, men de dertliyim,
Sen sönersin dert ortağın qalacaq
Sen sönersin, yıldız, menim gönlüme
Gece-kündüz qaranlıqlar dolacaq.
Bizden başqa barmı dersin, ey yıldız,
Gece doğıp yer yüzünü körmegen?
Bizden başqa barmı dersin, ey yıldız
Cefa körip, yer sefasın sürmegen?

“Ulduz” şeiri vətəndən ayrı düşən şairin qəriblik harayının və qəriblik kədərinin ifadəsi baxımından Çengiz Dağcı poeziyasında əhəmiyyətli yerlərdən birini tutur.
Şairin 1946-cı ildə Londonda qələmə aldığı “Krım məni anarsanmı” şeirində də mövzu yurd həsrəti ilə bağlıdır. Bu şeir Çengiz Dağcının Londona gəldiyi ilk günlərdə yazılmışdır. Şeirin əvvəlki bəndində gözəl bir təbiət təsviri verilib:

Küneş batar, suküt bulur göl, irmaq, çay,
Tuman yatar topelernin arqasına...

Lakin sonrakı bəndlərə kədər motivi hakim kəsilir. Belə ki, şeirin əvvəlində vətən gözəlliklərini əks etdirən şair sonradan “dərdli gecələrin sirdaşına dönərək vətənində günəşin doğmasını, özünün isə vətən torpağında hər an anılmasını arzulayır. Lakin səmasında “gün doğmayan” Krım şair üçün geniş mənada vətən dərdinə, vətən həsrətinə çevrilir.
Qeyd etmək lazımdır ki, Çengiz Dağcı poeziyasında vətən əsasən baş obraz rolunda çıxış edir. Onun nəsrində də bu cəhəti müşahidə etmək mümkündür. Əlbəttə, bu səbəbsiz deyil. Təbii olaraq 92 illik ömrün 21 ilinin doğma vətəndə - Krımda, 71 ilinin isə qürbətdə yaşanılması bu sənətdə millilik idealının hakimliyini xeyli gücləndirib. Onun həyatının Krım dövrü az olsa da, uzun illərin qəribçiliyi və vətən həsrəti yazıçının həyatında dərin izlər buraxa bilib. Çünki ömrünün 21 ilini (1919-1940) Krımda, təxminən 6 ilini (1941¬1946) cəbhə, əsir düşərgəsi və müxtəlif yerlərdə, 65 ilini (1946-2011) Londonda keçirən Çengiz Dağcı həyatı boyu ilk növbədə yalnız Krımı düşünüb, Krımın ictimai-siyasi gərginlikləri onu hər zaman narahat edib. Belə ki, 1920-ci ildə Krımda Sovet hakimiyyətinin qurulması, 1929-cu ildə insanların əmlakının əlindən alınaraq müflisləşdirilməsi, 1931-1933-cü illərdə dəhşətli aclığın baş verməsi, 1933-1938-ci illərdə 40 mindən çox Krım türkünün Ural ətrafı diyarlara köçürülməsi, Krımda milli məktəb və mədrəsələrin bağlanması, məscidlərin dağıdılması, tatar dilinin sıxışdırılması, latın əlifbasından kiril əlifbasına keçilməsi, 1941-ci ildə Krımın Almaniya tərəfindən işğal olunması və s. hallar qədim türk diyarı olan Krımda yaşayan hər bir insanın həyatına olduğu kimi, Çengiz Dağcının da həyatına təsirsiz ötüşməyib. Təbii olaraq sonrakı proseslər də istisna deyildir. Tarixin müxtəlif dönəmlərində siyasi, milli-mənəvi təzyiqlərə məruz qalmış, azadlığı əlindən alınmış, dili, dini sıxışdırılmış, sürgünlərdə min bir əzab yaşamış Krım türklərinin taleyi Çengiz Dağcını ömrü boyu narahat edib, soydaşlarının haqq səsini dünyaya çatdırmağı özünə borc bilib. Bu yolda o, qələmini mübarizə silahına çevirmiş, milli məsələlərə münasibətdə daha çox real tarixə və şəxsən özünün şahidi olduğu hadisələrə önəm verib.
1946-cı ildən etibarən Çengiz Dağcının poeziya yaradıcılığı nəsr yaradıcılığı ilə əvəzlənir. Yazıçı nəsrə keçidinin səbəbini belə izah edir ki, “bizim xalqımızın faciələri o qədər böyükdür ki, onları şeirlə əks etdirmək və şeirlə anlamaq çətindir”.
Çengiz Dağcının nəsr yaradıcılığı kifayət qədər zəngindir. O, nəsr əsərlərini demək olar ki, 1946-cı ildə Londona köçdükdən sonra qələmə alıb. Ona görə də qəriblik həyatı yaşayan, ömrü boyu vətəninin istiqlalını düşünən yazıçının Londonda yazılmış əsərlərində əsasən türk milli-mənəvi ideallarının əksi aparıcı mövzulardan birinə çevrilib.
Çengiz Dağcının yaradıcılığında hekayələrinin sayı romanları ilə müqayisədə az olsa da, həmin hekayələr həm mövzu, həm də ideya baxımından yüksək dəyərə malikdir. Yazıçının 1974-1980-ci illərdə çap olunmuş “Sən Haluksan?”, “Gözəlin doğumu”, “Yıxılmış dünya”, “Qara günlərdən”, “Qaç, Haluk, qaç”, “Həyat tapmaca kimi bir şeydir”, “Suların üstündə üzən səadət çələngləri”, “Nəfəsimlə kəsib paylaşdıq çörəyimizi”, “Beşiyin içərisindəki kölgə” adlı silsilə hekayələrinin məzmunu müxtəlif olsa da, həmin hekayələrin hamısının qəhrəmanı krımlı Haluk Topkayaçı adlı bir şəxsdir. Müəllif 9 hekayənin baş qəhrəmanı olan Halukun simasında öz ideallarını gerçəkləşdirib, millətinin azad və xoşbəxt gələcəyinə inam nümayiş etdirib. Onu da qeyd edək ki, Haluk həm də yazıçının “ Badam budağına asılı körpələr” romanının obrazlarından biridir.
“Sən Haluksan?” hekayələr silsiləsinin birincisidir. Haluk Topkayaçı almanlar tərəfindən işləmək üçün Almaniyaya göndərilir. O, əvvəlcə dəmiryolunda, sonra isə elektrik firmasında işləyir. Moabitdə elektrik firmasında işləyərkən Anna adlı bir polyak xanımla evlənir. Əsirlik həyatı mənəvi baxımdan onların hər ikisini sarsıdıb. Haluk qorxur ki, mənəvi və fiziki əzablar ona öz kimliyini unutdursun. Buna görə o, öz keçmişi ilə bağlı yazılar yazır. Onları bir şüşə qabda gizlədir ki, itib-batmasın. Haluk bununla təsəlli tapır. Ona elə gəlir ki, bu yolla kimliyini, keçmişini mühafizə edəcək. Çengiz Dağcı hekayədə Halukun simasında ömrünü qürbətdə keçirən, vətən həsrəti ilə yaşayan, azad vətənin azad insanları olmaq istəyənlərin ümumiləşdirilmiş obrazını yaradır. Yazıçı Halukun həyatının sonrakı dövrünü “Gözəlin doğumu” hekayəsində davam etdirir. Bu hekayədə Haluk keçmişi xatırlayarkən ilk növbədə almanlara əsir düşdüyü vaxt yadına düşür. Özünün necə həbs olunması və tutulanlar arasında olan Krımın Dəmirçi kəndinin yaşlı sakini ilə söhbətləri hekayənin əsas məzmununu təşkil edir. Almanlar tərəfindən həbs olunanların müvəqqəti saxlanıldıqları hamam binasından çıxarılaraq dəmiryol vağzalına gətirilməsi, onların əzab-əziyyətləri və digər hadisələr isə “Yıxılmış dünya” hekayəsində əksini tapır. Qeyd edək ki, silsilə hekayələrin hamısında hadisələr konkret şəxslə bağlanır və konkret məkanlarda cərəyan edir.
Çengiz Dağcı bu yol ilə taleyi müharibəyə tuş gəlmiş Halukun həyatını daha geniş planda əks etdirir, Halukun timsalında öz həyatının müəyyən detallarını hekayələrin daxilinə hopdura bilir. Məsələn, “Qara günlərdən” hekayəsində hadisələrin əsirlərin saxlanıldığı yerdə, “Qaç, Haluk, qaç”da xəstəxanada və Halukun beşik əldə etmək üçün işlədiyi bir alman həyətində, “Həyat tapmaca kimi bir şeydir”də alman düşərgəsində cərəyan etməsi, o cümlədən “Suların üstündə üzən səadət çələngləri” əsərində mövzunun əsasən Halukun yada saldığı xatirələr üzərində, “Nəfəsimizlə kəsib paylaşdıq çörəyimizi” və “Beşik içərisində kölgə” hekayələrində Haluk və Annanın həyatı ilə bağlı düşüncələr və övladlarının xəstəliyi ilə əlaqədar onların narahatçılıqları və s. ətrafında əks etdirilməsi Çengiz Dağcının həyatının müəyyən fraqmentləri ilə üst-üstə düşür. Göründüyü kimi, Halukun baş qəhrəman olduğu müxtəlif məzmunlu 9 hekayənin hamısında daha çox tarixi-siyasi proseslərin və milli-mənəvi idealların əksi əsas yer tutur.
Çengiz Dağcının müxtəlif illərdə çap olunmuş “Yurdunu itirən bir adamın vaxtsız əzabı”(1988), “Sonda bizim qoca ixtiyar savaşçı da Allah rəhmətinə qovuşdu”(1990) və “Qırx beş il Krımsız yaşadı deyə gözlərini həyata Krımın uzağında yumacağınımı zənn etdilər?” (1991) adlı silsilə hekayələrinin mövzusu dövrün ictimai-siyasi hadisələri və Krım xalqının həyatı, taleyi, mübarizəsi, adət-ənənələri və s. ilə bağlıdır. Hər üç əsərdə hadisələr eyni mövzu ətrafında cərəyan etsə də, Savaşçı adı ilə təqdim olunan baş qəhrəman yalnız əvvəlki iki hekayədə iştirak edir. “Qırx beş il Krımsız yaşadı deyə gözlərini həyata Krımın uzağında yumacağınımı zənn etdilər?” hekayəsində isə hadisələr Savaşçının həyat yoldaşı Mələk, oğlu Atik, Savaşçının digər soydaşları və s. şəxslərin iştirakı ilə davam etdirilir.
Qeyd edək ki, hər üç hekayə 2010-cu ildə İstanbulda “İxtiyar savaşçı” adlı kitabda çap olunub. Maraqlıdır ki, yazıçı bu hekayələr haqqında danışarkən onlardakı bədii dəyərin yüksək olmasına çalışmadığını, məqsədinin xalqının acınacaqlı taleyini əks etdirməklə özünün mənəvi ehtiyaclarını ödəmək olduğunu bildirib. Hər üç hekayədə yazıçı tarixi-siyasi proseslər daxilində yurdunu itirənlərin faciəsini, onların vətənə qayıtmaq ümidlərini, vətəndə ölmək arzularını və s. qələmə alır.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor