Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -  5-ci yazı Ədəbiyyat

Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -  5-ci yazı

5-ci yazı

Qazax yazıçısı, 1920-1930-cu illər Muxtar Auezov nəsrinin sosial-psixoloji kriteriyaları sistemində müsbət qəhrəmanın mürəkkəb hissləri və ürək çırpıntıları, həyatı dərketmə bacarığı və s. kimi məqamlar özünü büruzə verməkdədir. 1920-ci illər M.Auezov nəsrində qəhrəmanın özünüdərkinin inkişafı, onun daxili aləmində bu xüsusiyyətin formalaşması və psixoloji konflikt problemi səviyyəsində işlənilməsi ədibin yaradıcılığının janr baxımından (hekayədən povestə) hərəkəti ilə bağlıdır. Qəhrəmanın özünüdərkinin təkamül problemi daha çox "Aşırımda atəş" povestində öz həllini tapıb və müəllif obrazının dialektikası səviyyəsinə gəlib çata bilib.
"Aşırımda atəş" povestinin psixoloji təhlil sistemindəki zənginliyə və çoxcəhətliliyə diqqət yetirsək, bu mətndə psixoloji təhkiyənin subyektivləşmiş formalarını görərik. Qəhrəmanın daxili aləminin açılmasında insanın ən ümdə düşüncə və hisslərini əks etdirən, psixoloji vəziyyəti haqqında anlam yaradan daxili nitqin mühüm funksiya yerinə yetirdiyini (onun təntənəsini, kədərini, çıxılmaz vəziyyətə düşdüyünü, içinin oyulduğunu və s.) müşahidə edirik. Bundan başqa, burada personajın xatırlatmaları (retrospeksiyaları), mürəkkəb spiralvari psixoloji vəziyyətin keçmişə çoxsaylı qayıtma və müraciətləri, əvvəlki halın, ovqatın yaradılması, təbiətin ziddiyyətli formalarda, kontrastlarda təsviri antitezalarda (doğma dağlar və düşmən dağlar şəklində) təqdim olunması, qəhrəmanın düşüncəsinin ikiləşməsi ilə bağlı işarələr 
verməsi, onun daxili aləminin disharmoniyası, qəhrəmanın özünün daxili əzab-əziyyətlərini dərk etməsi və belə vəziyyətdən çıxış axtarması və s. hallar psixologizmlər yaradır.
"Aşırımda atəş" povestində simvolik obrazların (yol obrazı, dağ obrazı və s.) ideya-bədii xüsusiyyətləri onun təhkiyə strukturunda süjet-kompozisiya elementlərinin ləngiməsi, hərəkətin ritminin tormozlanması vasitəsilə göstərilənlərin daha relyefli, iri planda əks olunması məqsədilə ortaya qoyulur. Bundan başqa, təbiətin simvollaşdırılmasının özü də psixoloji mahiyyət daşımaqla təbiətdəki hadisələrin dərkinə və qəhrəmana həyatın ən ali mənasını, dəyərini müəyyənləşdirməyə kömək edir.
"Aşırımda atəş" povestinin təhkiyə materialında qəhrəmanın təsviri, onun hiss və duyğularının yerinə yetirdiyi müxtəlif obrazlı vasitələr xüsusi rol oynayır: burada metaforalar, alleqoriyalar, müqayisələr, epitetlər üçün çoxmənalılıq, psixoloji və emosional bolluq xarakterikdir. Məsələn, povestdə Bəxtigülün atı, "iri qalanmış, çatılmış ocağın alovu" ilə müqayisə olunur. Bu obrazda sanki digər bir məna - neqativ əlamət də özünü büruzə verir. Çünki qəhrəman barımtaya (döyüşə) hazırlaşır. Bu povestdə metaforalar həm də bir sıra hallarda mürəkkəb və çoxplanlı inkişaf xarakteri daşıyır. Bəxtigülün çayın digər sahilinə keçməsi yazıçı tərəfindən metaforik və simvolik zəmində təsvir olunur. Çünki qəhrəman atını itirdikdən sonra bəydən qisas almaq fikrini qətiləşdirir.
Povestdə gizli psixologizm elementindən istifadə priyomundan da maraqlı şəkildə yararlanılır. Müəllif belə priyoma qəhrəman qisas almağa can atdıqda müraciət edir. Onun əlamətləri olan psixoloj'i proses sanki məhdudlaşdırılır, qəhrəmanın daxili həyatı oxucu gözündən kənarda, gizli qalır. Qəhrəman düşmənin adını çəkmir ki, bu da bədii priyom vasitələrindən biri kimi maraq doğurur. Burada psixoloji motiv qəhrəmanın dünyanı dərk etməsi kimi onun milli xüsusiyyətlərində əks olunur. Bütün bunlar əsərdə elə şəkildə təqdim edilir ki, qəhrəmanın bəydən qisas alacağını sanki təbiətin özü də bilmir (çünki təsvirlərdə təbiətlə qəhrəman vahid orqanizm kimi çıxış edir).
M.Auezovun bir sənətkar kimi ustalığı həm də ondadır ki, o, qəhrəmanın düşüncəsində gedən mənəvi təkamülü və onun psixoloji aləminin inkişafını vahid zəmində qəhrəmanın bütün motivlərinin kompleksini həm sosial, zahiri, həm də daxili, psixoloji, əxlaqi-iradi keyfiyyətlərini tam, harmonik formada təqdim etməyə müvəffəq olur.
MAuezovun "Yasa bürünmüş gözəl" hekayəsinin də təhkiyəsi elə psixoloji məzmunla zəngindir ki, onun dərinliyində qəhrəmanın daxilindəki dramatik mübarizənin təsviri əvvəllərdən mövcud olan patriarxal mənəvi-etik ehkamlara qarşı dayandığı şəraitdə verilir. Qəhrəmanın daxilindəki psixoloji konfliktin inkişafı təhkiyənin strukturunda alleqorik leytmotivlər vasitəsilə təqdim olunur ki, bu da psixoloji prosesin ən yüksək həddə çatması ilə bağlı işarə verməni nəzərdə tutur. "Yasa bürünmüş gözəl" he-kayəsində bu tipli psixoloji proses və gərilmələr kifayət qədərdir:
"Kişilik yükü Qaragözün üzərinə düşdü. Qadının böyük təsərrüfatın öhdəsindən gəlməsi heç də asan deyildi, ona yaxınlaşmaq istəyənlər, onun gözəlliyinin aşiqi olanlar çox idi! Onların arasında inadkarları, əl çəkməyənləri də az deyildi. Bəziləri onu yoldan çıxarmağa, bəziləri isə qorxutmağa çalışırdılar. Anasından fərqli olaraq o, başqasının müdafiəsinə, ona söykənməyə bel bağlamırdı...
Ümidsizlik və düşkünlük hissi onu sanki qarabaqara izləyirdi; tənhalıq və kədər isə tükənməz idi. Şər qarışanda, sevgi görüşləri vaxtı yada düşəndə, hava işıqlaşmağa başlayanda sübh tezdən, yuxunun ən şirin çağı gələndə Qaragöz üzünü matəm, yas yaylığı altında gizlədib gizlin-gizlin ağlayırdı. O özünü saxlaya bilmir və ümumiyyətlə, saxlamaq da istəmirdi. Aulda onun necə səs çıxardığını, necə dil deyib ağladığını, səhra nağılı kimi hekayətlərini çox eşitmişdilər. O, ərini çağırar, uzun-uzadı danışardı". Nümunə gətirdiyimiz bu parçada hekayənin qəhrəmanı Qaragözün davranış və düşüncələrində onun psixoloji halının çoxcəhətli əlamətlərinin və mürəkkəb psixologizmlərin şahidi oluruq. M.Auezov xalq ənənələrini, qazaxların patriarxal həyat tərzini, onların folklor motivlərini dərindən bildiyindən Qaragözü müxtəlif dramatik situasiyalara salmaqla oxucunu əsərin məzmununda yer almış məqamlara daha çox yaxınlaşdırmağı bacarır:
“İrqaylılar lap çoxdan idi ki, Konıtraus tayfalarından biri İlə çəkişmədə idilər. Hər iki tayfanın dincliyi pozulmuşdu. Tayfalar arasındakı car, hay-küy, qoyma-qışqırıq kəsilmirdi. Bir də görürdün, "Hamı atlara!" deyib qəzəbli savaşa başlayırdılar, barımta (dava-dalaş) gedirdi”.
M.Auezov 1920-ci illərdə yazdığı bütün hekayə və povestlərində qazax tayfa münasibətlərinə, qazax tarixi keçmişinə məqsədli yanaşıb onları əsərlərinin infrastrukturuna daxil etməklə müəllif kimi özünün, personaj kimi isə qəhrəmanın təsvir olunanlara münasibətini etik dəyərlər kontekstində təqdim etməyi bacarıb. Qəhrəmanın daxilində inkişaf edən psixoloji konflikti əks etdirməklə təhkiyənin subyektivləşmiş formalarının funksionallığını nəinki "Yasa bürünmüş gözəl", həm də "Aşıınmda atəş" povestində və "Qəddar illər" romanında obrazların dialektik təcəssümünü əks etdirməklə nəzərə çarpacaq səmərə əldə etməyə müvəffəq olub.
M.Auezovun 1920-1930-cu illər nəsri üçün konflikt olaraq yoxsul və müdafiəsizin həyatını klassik ifadə kimi işlətsək, "kiçik adam"ın öz sosial ətrafı ilə düşmən münasibətinin ortada dayandığı görünər. Onlar da məhz həmin sosial mühitdəkilər kimi bu "kiçik adanrTın faciəvi taleyində mühüm rol oynamışlar. Məhz bu tipli konflikt M.Auezovun 1920-ci illər nəsrində psixologizmin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Sənətkarın 1920-ci illərdə Oktyabr çevrilişinə qədərki köhnə qazax aulundakı həyat ukladına və "kiçik adam" obrazına müraciəti heç də təsadüfi deyil. Çünki M.Auezov milli düşüncəli yazıçıtək yeni həyat uğrunda mübarizəni ön plana çəkməklə dərin və əsaslı ideya-bədii axtarışları öz əsərlərinin episentrində daha çox qoymağa səy göstərirdi. O, yaxşı təsəvvür edirdi ki, mövcud ictimai-siyasi sistem və ondan əvvəlki patriarxal quruluş müdafiəsiz, var-yoxdan çıxmış insana diqqət yetirməkdən kənarda qalsa da, onun personajları həmin mübarizədə qalib gəlməkdə israrlıdırlar. Belə yanaşmanın mühüm bir tərəfi ondan ibarətdir ki, "kiçik adam" öz ləyaqətini qorumaq uğrunda mübarizə aparmaqla qələbə qazanmağa meyillidir. Digər bir tərəfdən, "kiçik adam"ın mübarizəyə qoşulması olduqca mühüm pozitiv əhəmiyyətə malikdir. Çünki bu elə bir estetik bazadır ki, M.Auezov nəsrində əsl mübariz insan xarakterinin formalaşması üçün şərait yaradır.
Öz sosial ətrafı ilə konfliktə girişən müdafiəsiz insan M.Auezovun nəzərdən keçirdiyimiz dövr hekayə və povestlərinin nüvəsini təşkil etməkdədir. Bunların sırasında "Yetim", "Müdafiəsizin günü", "Alim vətəndaş", "Qəddar illər", "Aşırımda atəş" və başqa əsərləri qeyd etmək olar. Yeri gəlmişkən bildirək ki, bu tipli konflikt həmin dövrlərdə qazax ədəbiyyatında yazıb-yaradan Beyim- bet Maylinin "Şuqaya heykəl", Qabiden Mustafinin "Qan" və "Qisas", Saken Seyfullinin "Ayə" povesti və digərləri üçün də xarakterik idi.
Bunu da söyləmək mühümdür ki, Muxtar Auezovun 1920-ci illər nəsrinin başlıca mövzuları ədibin məsuliyyətli tədqiqatçılarından biri Y.VJLiizunova tərəfindən təhlilə cəlb edilmiş və nəticə etibarilə "M.Auezovun məharəti" monoqrafiyasında yazıçının erkən yaradıcılığının bədii metodu diskussiyalar kontekstində ortaya qoyulub.
MAuezovun sənətkar kimi düşüncəsində "kiçik adam" obrazının mahiyyəti ilə yanaşı, yazıçının konfliktə cəlb olunmuş qüvvələr üzərində obyektiv bölgüyə diqqət ayırması maraqlıdır. Bu maraq, ilk növbədə, onunla ortaya gəlir ki, Auezov nəinki əsərlərinin baş qəhrəmanının, öz sosial əlamətlərinə görə qruplaşmış mənfi obrazların da üzərində diqqəti kifayət qədər cəmləşdirir. Bununla da müəllif obrazlarına və onların ətraflı təsvirinə nə üçün belə diqqət yetirdiyinə işarə edir. Belə bir genişmiqyaslı yanaşmada və bölgüdə təsvir olunan konfliktin nəhəngliyi göz önünə gəlir.

Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru, professor