Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -   6-cı yazı Ədəbiyyat

Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -   6-cı yazı

Müəllif mənfi qəhrəmanların xarakteristikasında qrotesk, ironiya və satiradan daha çox istifadə edir. Çünki belə münasibət xalqın öz səsinin intonasiyalaşdırılması üçün vasitə rolunu oynyır. Belə tipli təhkiyənin özünəməxsusluğu üçün elə bir vəziyyət çıxış edir ki, mənfi qəhrəmanlara qarşı müəllif ironiyası xalq səsinin intonasiyası ilə birləşir. Məsələn, "Alim vətəndaş" hekayəsində başlıca hadisələr müəllif səsi ilə xalq səsinin mürəkkəb qarşılıqlı fonu üzərində təsvir edilir. Burada ironik gülüşdə mənfi qəhrəmanların mahiyyəti ortaya qoyulur. Bu hekayənin bədii strukturu üçün kəskin sosial və psixoloji vəziyyətlərin fəallığı xarakterikdir. Və belə vəziyyətlərdə sanki mənfi qəhrəmanların mənəvi dəyər ölçüsünün sınaqları aparılır. Bu tipli situasiyaların psixoloji aspekti həm də ondadır ki, onlar insanın içində müqəddəs nə varsa, onu açıb tökməyə kömək edir. Bu situasiyalar təkrarlanmaqla sanki mərhələ-mərhələ hekayənin başlıca kolliziyasının inkişafını müəyyənləşdirir. Burada mənəvi baxımdan qəhrəmanın uçuruma yuvarlanması əsasdır. Hər dəfə süjetdə belə situasiyanın yaranması onu göstərir ki, hələ də qəhrəmanın mənəvi baxımdan yenidən doğulmasına ümid itməyib. "Alim vətəndaş" hekayəsində biz dörd belə vəziyyətlə tanış oluruq. Birinci, bu, Cumaqulun Maksudun anasının baxışları ilə o zaman qarşılaşmasıdır ki, bu vaxt gənclər şəhərin yanından ötüb-keçdikləri evi bədbəxt etməlidirlər. İkinci, Cumaqulla Hadisənin aulda yaşayanlarla görüşü, üçüncü, Cumaqulun Maksudun dostu ilə şəhərə qayıtdıqdan sonra görüşü, dördüncü, Cumaqulun qoca qarının əmlakını müsadirə etdiyi zaman onunla toqquşmasından ibarətdir. Bu da maraqlıdır ki, M.Auezov nəsrində mənfi qəhrəmanların sevgisi onun əsərlərində ənənəvi yer almış romantik aspektdə təsvir edilmir.
"Qəddar illər" romanının süjet xəttində də biz müəllifin mənfi qəhrəmanlara belə ironik münasibətinin şahidi oluruq: "Çallaşmış Peysər çox vahiməli görünür, tərcüməçilərsə həm elə, həm də belə görünürlər. Cənab pristava qorxaq, çəkinən, sanki ər-arvad münasibətlərini pozan kiçik arvad kimi, qalanlara isə safsar aclığı ilə baxırdılar. Çünki pristav və onun xidmətçiləri eyni işlə məşğul olurdular. Elə buna görə də bir-birini sözsüz başa düşürdülər. Təsadüfi deyildir ki, rəisə ən yaxın tərcüməçini və onların ən cəldini Yığırbəyov, daha doğrusu, Rüşvətxorov adlandırırdılar.
Onlar əllərinin altına kim düşsəydi, onlardan yığırdılar. Xüsusilə də qara camaatdan və tacirlərdən. Başqa sözlə, bu yarmarka uzun rubla oxşayırdı, daha doğrusu, o, böyük rüşvət mənbəyi idi. Bir az bundan qabaq, dünən Yığırbəyov öz auluna yan-yörəsində sülənən, leşə qonmuş qarğa kimi fırlanan qohumlarından üç yüz qoyun və əlli iribuynuzlu heyvan göndərmişdi. Əlbəttə, bu, Yığırbəyov üçün yalnız qəlyanaltı kimi bir şey idi. Çallaşmış Peysər dövründə Yığırbəyov allahvermiş və istəkli olan bu adamın vaxtında hər şeyin dadını, duzunu çıxarmışdı".
Nümunə gətirdiyimiz bu parçada MAuezovun mənfi qəhrəmanları hansı sarkastik silahla vurduğu göz qabağındadır. M.Auezovun 1920-ci illərdə qələmə aldığı əsərlərindən bir sırasında konfliktin miqyasının böyüməsi xüsusi planlı təhkiyənin ortaya çıxmasını və sözün qarşılıqlı zahiri və daxili mənalarının iiki planda ifadəsini müəyyənləşdirir. Bu tipli təhkiyənin ideya-bədii rolunun mənası romantik vüsətin aradan qaldırılmasına səbəb olur, qəhrəmanların hərəkətinin təsvirindəki faciələrin mahiyyətsizliyi təhkiyəçinin səsinin köməyi ilə açılır. Lakin, bununla belə, kontekstdə yer almış obrazlı vasitələr - metafora, müqayisə, epi- tet, çoxmənalılıq və mürəkkəblik keyfiyyəti əldə edir. Əgər "Barımta" ("barımta" - döyüş) hekayəsində ön planda cigitlərin dramatik döyüşlərinin mənzərələri, düzlərdə at çapması bir sıra poetik obrazlı vasitələrin köməyi ilə təsvir edilirsə, ikinci planda heç bir halda özünə haqq qazana bilməyən batırların ölümü təsvir olunur. Belə təhkiyə planı obrazlı metaforik cərgənin inkişafını neqativ leksik məna ilə doldurur. Bununla da ənənəvi poetik obrazların köməyi ilə yaradılan döyüş səhnələrinin romantik xarakteri ("toz burulğanı ulduzlu göyə qalxırdı", "işıqlı gecə qaranlıqlaşdı" və s.) batırların döyüşçülük ruhunun mahiyyəti ilə sərt kontrastlarda əks edilir və təhkiyəçinin hadisələrə neqativ münasibəti ortaya çıxır. Belə məna kontrastı döyüşün nəzərəçarpacaq dərəcədə yüksək qəhrəmanlıq ruhunu aşağı salır, ona konkret xarakter verməklə təsvir olunan hadisələrin sosial mahiyyətini açır.
"Barımta" hekayəsindəki təhkiyənin ikiplanlılığı psixoloji baxımdan dərinləşməklə həm də Kalqabay batırın anasının obrazının təsviri hesabına maraqlı xüsusiyyət əldə edir. Çünki oğlunun döyüş meydanında ölümündən sonra ananın özü də ölümə məhkum olur. Yalnız bundan sonra əsərin fəlsəfi-etik, mənəvi-psixoloji aspektləri daha aydın xarakter alır.
M.Auezovun "Qəddar illər" romanında da qeyd etdiyimiz pri- yomdan istifadə edilir. Mənfi obrazların, personajların sinfi fərdiləşməsi və xarakteristikası bu əsərdə də ironiya, sarkazm, qrotesk kimi bədii təsvir vasitələrinin köməyi ilə həyata keçirilir. Romanda xalq obrazının çoxpilləli mürəkkəb fərdiləşdirilməsi masştablı şəkildə inkişaf edir və bu, çox məharətli şəkildə həyata keçirilir. Xalqın sosial-sinfi diferensiasiyası, daha doğrusu, qazax məmurlarının, bəylərinin sima və davranışı əsas xalq kütlələrinin sima və davranışına qarşı qoyulur ki, bu da xalq obrazının fərdiləşdirilməsi deməkdir. Bu hər hansı tayfanın xarakterik xüsusiyyətlərində özünü daha çox büruzə verir. Eyni vəziyyət, "Qəddar illər"də olduğu kimi, "Yasa bürünmüş gözəl" hekayəsində İirqay- lılarla Konırtauslı tayfalarından olan Əzimxan və Hüseynlə Sıbanbay arasında mövcud idi. Hər iki əsərdə ayrı-ayrı batırların, 
qoçaq cigitlərin təsviri (yeri gəlmişkən qeyd edək ki, onlar xalq taleyinin və nümayəndələrinin düşüncələrinin ifadəçiləridir. Bunlara "Yasa bürünmüş gözəl"də Əzimxan, "Qəddar illər"də Uzak batırı aid edə bilərik) müəllif tərəfindən təqdim edilərkən batırın əvvəlki yaşam tərzinin göstərilməsi fəal psixoloji proseslər fonunda həyata keçirilir. Uzak batırın obrazının bədii-psixoloji interpretasiyasının mühüm struktur məqamı qəhrəmanın psixoloji assosiasiyaları ilə (daxili monoloq, müəllifin psixoloji izahları, retrospeksiyalar fonunda) yaddaşlarda oturur. MAıuezov povestdə Uzak batırın mənəvi çırpıntılarını əks etdirən daxili monoloq priyomundan ustalıqla istifadə etməklə qəhrəmanın düşüncəsində xalq üsyanının başçısı rolunu üzərinə götürmək missiyasına hələ də hazır olmadığını göstərir. Əsərdə məhz bu psixoloji motiv Uzak batırın faciəsinin mühüm tərəfi kimi dərk olunur. Povestdə xalq obrazının çoxölçülü mürəkkəb təsviri, onun həyatının tarixinin ən mühüm dönüş nöqtələrində göstərilməsi, batırın və xalqın psixoloji düşüncəsindəki sosial-tarixi məqamlar və xalqın psixoloji xüsusiyyətlərinin müşahidələr, psixoloji gərilmələr nəticəsində ortaya çıxarılması M.Auezovu epik təhkiyədə çoxplanlı sənət sahəsində bədii kəşflərə gətirib çıxarır. Həmçinin müəllifin gələcəkdə tarixi roman janrına müraciət etməsinə nail olduğunu sübuta yetirir.
M.Auezovun yaradıcılığında diqqəti cəlb edən mühüm məsələlərdən biri də onun bədii konsepsiyasıdır. Bu konsepsiyada insanın özünə, zəhmətinə, əxlaqi-psixoloji simasına, düşüncələrinə, vərdişlərinə, daxili çırpıntılarına, xarakterində gedən dəyişikliklərə böyük önəm verilir. İnsanın məişətdə və əmək fəaliyyətində davranışı zahiri görünüşündə özünü büruzə verir, lakin onun şəxsiyyətində gedən psixoloji dəyişikliklərə iti sənətkar gözü ilə baxılması maraqlı şəkildə təsvir olunur. Bədii əsərin içində insanın sosial-psixoloji halının müəyyənləşdirilməsi 1930-cu illər M.Auezov nəsrinin mühüm göstəricisi kimi diqqət cəlb etməkdədir. M.Auezovun eyni ədəbi personajının məişətdə və ənənədə özünü müxtəlif tərəflərdən təqdim etməsi də maraqlı görünür. Bu müstəvidə onun mənfi qəhrəmanı özünü məişətdə köhnə dünyanın bir hissəsi kimi qoruyub-saxlayır, lakin ənənədə özünü başqa cür hiss etməklə sanki bir şəxsin timsalında digər birinin siması göstərilir. Məsələn, "İkiüzlü Həsən" hekayəsində biz belə situasiyanın görümlü mənzərəsi ilə rastlaşırıq. Çünki bu hekayədə insanın məişətdə və zəhmətdə irəliləməsi onun daxilində gedən müsbət yenidənqurmanı göstərməklə bərabər, həm də onun mənəvi təkamüldə olduğunu xarakterizə edir. M.Auezov üçün insanın mənəvi təkamülünü tamamilə fərqli müstəvidə interpretasiya etmək daha önəmlidir. M.Auezov əgər 1920-ci illərdə insanın mənəvi inkişafının onun daxili aləminə zond salıb psixoloji proseslərin ziddiyyətlərini, əsasən, subyektivləşmiş psixoloji təhkiyə formaları (monoloq, daxili nitq, qeyri-vasitəsiz nitq) ilə təsvir edirdisə, 30-cu illərdə o bu inkişafı zahiri detalların psixoloji prosesləri işarələməklə obyektiv təhkiyə formalarının köməyi ilə əks etdirməyə çalışırdı ki, bunlar müəllif əlavələri, qəhrəmanın portreti, onun hərəkət və davranışlarının köməyi ilə həyata keçirilir. MAuezovun 30-cu illər nəsrində insanın daxili aləminin tam şəkildə üzə çıxarılması, onun emosional-iradi keyfiyyətlərinin və vəziyyətinin ortaya qoyulması o qədər də böyük yer tutmur.
Yuxarıda bəhs etdiyimiz kimi, keçmiş psixoloji ənənələrə qayıdışı biz M.Auezovun "İkiüzlü Həsən" hekayəsində görürük. Yazıçı burada mənfi qəhrəman Həsənin daxili aləminin açılmasında psixoloji təhlil vasitələrindən uğurla istifadə edir. "İkiüzlü Həsən" hekayəsinin antitezası çoxplanlı estetik məzmun və bədii kate-qoriya üzərində qurulmuşdur. Əsərdə hadisələrin süjet-kompozisiya baxımından inkişafı, həm də müəyyən mənada onun potensial doğuluşu məqsədəuyğun hesab edilə bilər. Bu, qəhrəmanın mənəvi-psixoloji deqradasiyasını daha sürətlə getdiyini göz önündə canlandırır. Həsənin daxili səsi onun vicdanının səsi kimi ortaya çıxır. "İkiüzlü Həsən" hekayəsində dialoq məzmunlu təqdim edilir. Qəhrəmanın digər insanlarla dialoqu daha dərinləşdirilmiş və məzmunlu təsir bağışlayır. Dialoq bu əsərdə qəhrəmanın sosial xarakterli göstəricisinə çevrilir.

Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru, professor