“İdarəetmədə sosial amil ön plana çıxıb” Siyasət

“İdarəetmədə sosial amil ön plana çıxıb”

“Son aylar Azərbaycanda makroiqtisadi idarəetmə nöqteyi nəzərindən ciddi yeniliklərin şahidi oluruq”.
Bunu “Report” açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin profesoru Elşad Məmmədov Prezident İlham Əliyevin minimum əmək haqqının və bir sıra sahələrdə aylıq vəzifə maaşlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlara münasibət bildirirkən deyib.
Onun sözlərinə görə, bu sərəncamlara iqtisadi idarəetmə fəlsəfəsinin tamamilə dəyişməsi ilə bağlı müzakirələrə yol açır: “İdarəetmədə sosial amilin ön plana çıxması artıq faktdır. Bu sərəncamlar əhalinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ciddi addımlardır. Amma bu addımlar həm də milli iqtisadiyyatın strukturunu dəyişə bilər”.
Ekspertin fikrincə, sərəncamların yalnız sosial deyil, həm də iqtisadi cəhətdən ciddi nəticələri olacaq: “Hesab edirəm ki, bu yeni yanaşma iqtisadi idarəetmə nöqteyi nəzərindən prinsipial olaraq yeni siyasətin həyata keçirilməsi, dünya iqtisadiyyatında, həmçinin iqtisad elmində baş verən proseslərə tam adekvatdır. Çünki, biz dünya iqtisadiyyatına nəzər salsaq, iqtisadi cəhətdən uğur nümayiş etdirən ölkələrin hamısında son onilliklər ərzində artıq insan kapitalına, sosial sahəyə ayrılan xərclər, o cümlədən dövlət xərcləri kəskin şəkildə artırılır. Bunun da ancaq sosial deyil, ciddi iqtisadi mənası ortaya çıxmaqdadır. Çünki insan kapitalına ayrılmış xərcləri, sosial sferaya ayrılmış xərclərin yüksəlməsi bir tərəfdən milli rifahın yüksəlməsinə xidmət edir, digər tərəfdən daxili bazarların genişlənməsi nöqteyi-nəzərdən iqtisadi inkişafa xidmət edir. Digər tərəfdən isə dünya iqtisadiyyatının özündə məhz insan kapitalı və sosial sfera ilə bağlı olan sahələr ön plana çıxmaqdadır. Burada söhbət səhiyyə, təhsil, elm və sosial mədəni sahələrdən gedir. Bu sferalara ayrılmış xərclərin yüksəlməsi aparıcı iqtisadi sistemlərdə artıq bir trenddir”.
Elşad Məmmədov maaş artımlarının inflyasiyanı sürətləndirəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Bu, çox səthi yanaşmadır. Azərbaycanda o qədər böyük pul kütləsi yoxdur ki, sosial xərclərin artırılması inflyasiyaya səbəb olsun. Sosial xərclərin bundan sonra da artırılması belə inflyasiyaya mənfi təsir göstərməməlidir”.
“Bu sərəncamlar 600 min nəfəri əhatə edir. Orta statistik Azərbaycan ailəsi 4 nəfərdən ibarətdirsə, bu təxminən 2 milyondan çox insanın sosial statusuna bu və ya digər şəkildə təsir edəcək. Hesab edirəm ki, ümumiyyətlə ilin əvvəlindən sosial sferada Azərbaycanda həyata keçirilən tədbirlər ölkənin müstəqillik tarixində misilsiz addımlar kimi qiymətləndirilə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov da son sərəncamların vətəndaşlar üçün analoqunun olmadığı qənaətindədir: “Azərbaycan dövlət büdcəsinin sosial yükü digər ölkələrlə müqayisədə çox aşağı idi. Məsələn, 2019-cu ilin dövlət büdcəsi təsdiq edilərkən büdcənin sosial yükü cəmi 32% ətrafında dəyişirdi. Halbuki müəyyən ölkələrdə sözügedən nisbət 70%-in üzərindədir. Dövlət büdcəsinin kifayət qədər imkanları var ki, sosial təyinatlı xərclərin spektri genişləndirilsin. Büdcənin tərkibində 2 milyad manata yaxın vəsait sosial iqtisadi islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub. İnfrastruktur xərcləri azaldılacaq. Çünki ötən il ilə müqayisədə bu il xeyli iş görülüb və bu sahəyə tələb olunana vəsait azalacaq. Büdcənin infrastruktur xərclərini azaltmaqla xərclərin müəyyən qismini sosial xərclərə yönəltmək olar”.
Ekspertin fikrincə, Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması büdcə gəlirlərinin artımına imkan verir və sosial müdafiəni gücləndirmək üçün yeni imkanlar yaradır: “Bilirik ki, Azərbaycanda iqtisadiyyatın əhəmiyyətli bir qismi gizli iqtisadiiyyat idi. 2019-cu ilin əvvəlindən Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” qanuna edilən dəyişikliklər edilib. Bunlar daha çox gizli iqtisadiyyatın leqallaşdırılmasına yönəldilib. Belə olan təqdirdə dövlət büdcəsinin vergi gəlirlərində real sektordan daxil olmalarda tədricən artımlar baş verir. Bu proses davam etdirilməlidir. Çünki potensial var, amma bu potensial tam olaraq istifadə oluna bilmir. Hazırda Azərbaycanda 5 milyona yaxın məşğul insan var ki, onun da 1,8 milyona yaxını qanuni şərtlər daxilində fəaliyyət göstərir və fiskal öhdəliklərini yerinə yetirir. Digərlərinn leqal fəaliyyət sferasına daxil olması istiqamətində işlər görülür. Məşğulluq strategisaının hədəflərinə əməl olunarsa əhəmiyyətli artımlar olacaq. Hazırda həyata keçirilən sosail təyinatlı maliyyə layihələri dövlət büdcəsi üzərində ciddi yük formalaşdırmayacaq”.
Rəşad Həsənov minimum əmək haqqının artırılmasından sonra buna uyğun sosial sığorta haqqı ödəyən fərdi sahibkarların vergi yükünün artırılmasına da münasibət bildirib: “Hesablamalardan bəlli olur ki, 950 min vətəndaş maaşların aşağı həddinin artırılmasından yararlanacaq. Amma vergi ödəyən fiziki şəxslərin sayı Hesablama Palatasının rəyinə görə bu qərardan yararlananların sayından 6 dəfə azdır. Düşünürəm ki, son nəticədə sosisal dövlət anlayışı konteksində dövlət büdcəsinin xərclərini strukturunda sosail xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu eyni zamanda gəlirlərin yenidən bölüşdürülməsi prinsipinin ədalətliliyi baxımından əhəmiyyətlidir. İnsanların daha çox narazılığı ondan ibarətdir ki, mövcud meyarlar faktiki günün reallığına cavab vermir. İlin əvvəlində minimum pensiya həcmi 110 manat idi, yaşlılar üçün məüyyənləşdirilmiş yaşayış minimumunun həcmi 180 manat idi. Minimum pensiya alan adam hətta əlavə 60% hardansa borclanmalı idi ki, bir ayı yola verə bilsin. Bu kimi ciddi fərqlər var idi. Minimum əmək haqqı, ehiyac meyarında da bu özünü göstərirdi. Əsas prinsiplər bu nöqsanın aradan qaldırılması istiqamətində olmalıdır”.
“Avropada inimum əmək haqqı orta əmək haqqının 65%-dən çoxdur. 2020-ci ilə qədər bizdə bu göstəricinin 60%-ə çatdırılması nəzərdə tutulur. Sentyabırn 1-i qüvvəyə minəcək qanunla həmin göstərici 45%-ə çatacaq. Çünki bizdə orta aylıq əmək haqı 550 manat civarındadır və 250 manat minimum aylıq əmək haqqı olduğu halda bu nisbət 45%-ə çatdırılır. Fikrimcə bu proses davam etdirilməlidir ki, sosial standartlar arasında mövcud olan disbalans müəyyən qədər aradan qaldırılsın. Vətəndaşların digər narazılıqları bundan ibarətdir ki, iri resurs gəlirlərini düzgün bölünməməsi nəticəsində əhalinin bir qismi çox yüksək gəlirlər əldə edirlər. Sosial mexanizmlər təkmilləşdirildikcə gələcəkdə resurs gəlirlərinin bölüşdürlməsində də ədalət prinsipi güclənəcək”, - deyə ekspert əlavə edib.