Dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır Siyasət

Dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır

İyunun 19-da Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.
Konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini – multikulturalizm modelini təklif edir. Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”, elan etdiyi “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Allahşükür Paşazadə bildirib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyir.
Şeyxülislam vurğulayıb ki, bu ilin payızında keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti” Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inanclıların birgəyaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətin sağlam və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlərin beynəlxalq hüququn normaları müstəvisində tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb. Azərbaycanın dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına da diqqətin ayrılmasının zəruri olduğunu vurğulayıb. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım kimi dəyərləndirərək, xoş mərama söykənməli olan bu ideyaların geniş ictimaiyyət arasında təbliğinə xüsusi diqqət yetirilməsinin önəmini qeyd edib.
BMT Baş katibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu deyib, sülh, əmin-amanlıq, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğ edilməli olduğunu bildirib. Qeyd edilib ki, hazırda dünyada yardıma ehtiyacı olan insanların sayı durmadan artır. BMT və digər beynəlxalq təşkilatlar dünyanın müxtəlif regionlarında qaçqın və yoxsul əhali təbəqələrinə yardımlar edir. Bu da, öz növbəsində, tolerant və səxavətli yanaşmanı, yardımlaşma istəyini, dinlərarası və mədəniyyətlərarası dialoqun daha da gücləndirilməsini tələb edir.
BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos sivilizasiyalararası dialoqun əhəmiyyətindən bəhs edib. O, Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycanın bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün və dünyada öncül mövqedə dayandığının göstəricisi olduğunu vurğulayıb.