“Ermənistanda idarəetmə sisteminin müalicəyə ehtiyacı var” Siyasət

“Ermənistanda idarəetmə sisteminin müalicəyə ehtiyacı var”

“Ermənistanda hakimiyyətə gələn yeni rəhbərlərin çoxu bu və ya digər şəkildə ABŞ, yaxud beynəlxalq qurumlardan maliyyələşdirilən “Soros” kimi təşkilatlarla əlaqəlidir”.
Moskva Beynəlxalq Münasibətlər Dövlət İnsitutunun, Beynəlxalq Araşdırmalar İnsitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Ermənistandakı inqilabın Rusiya tərəfindən niyə ağrılı qəbul edildiyini şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan, Ukrayna və Ermənistanda baş verən inqilab situasiyalarını müqayisə etmək lazımdır.
“Erməni həmkarlarımdan çoxu məndən soruşur ki, niyə Rusiya Ermənistandakı inqilabı və kütləvi etirazları bu qədər ağrılı qəbul edir? Yəqin bəzi konkret xarici maraqlar baxımından kütləvi etirazların təşkil edilməsində Rusiyanın müəyyən təcrübə toplaması səbəbindən belə münasibət göstərilir. Kütləvi etirazlar olub, var və daim olacaq.
Lakin Ukraynada və Fransada olduğu kimi kütləvi etirazlardan xarici oyunçular mütəmadi olaraq faydalanır. Bu mənfi təcrübə burdan irəli gəlir. Ermənistanda hakimiyyətə gələn yeni rəhbərlərin çoxu bu və ya digər şəkildə ABŞ, yaxud beynəlxalq qurumlardan maliyyələşdirilən “Soros” kimi təşkilatlarla əlaqəlidir.
Bu şəxslərin çoxu Avrasiyaya inteqrasiya layihələrini tənqid edən “Yelk” fraksiyasını təmsil edirlər. Buna görə də, bir sıra xəbərdarlıqlar bundan irəli gəlirdi. Lakin mən, Gürcüstan, Ukrayna və Ermənistanda baş verən inqilab situasiyalarını müqayisə etmək istəyirəm. Gürcüstan və Ukraynada NATO vektorları nə inqilab, nə də inqilabdan sonra ortaya çıxıb. Bu daha öncədən də vardı. Eduard Şverdnadze hələ 1999-cu ildə bəyan edirdi ki, NATO-ya qapıları açacaqlar. Həmin dövrdə Mixail Saakaşvili Gürcüstan lideri deyildi”, - deyə Markedonov bildirib.
O qeyd edib ki, Ermənistanda keçən il baş verən inqilabadək NATO meyilli hərəkat olmayıb.
“Gürcüstanda baş verən gül inqilabına hələ 4 il vardı. NATO-nun Buxarestdə keçirilən assambleyasında Ukraynaya, Gürcüstanla birlikdə üzvlük vəd edildi. Vaxt təyin edilməsə də, gec və ya tez baş verəcəyi bildirilirdi. Həmin dövrdə Ukraynada “Maydan hərəkatı”na hələ 5-6 il vardı. Ermənistanda isə keçən il baş verən inqilabadək NATO meyilli hərəkat olmayıb.
Bundan başqa nə Gürcüstan, nə də Ukrayna KTMT və AİƏT-in üzvləri deyil, Ermənistan isə bu təşkilatların üzvüdür. Həmçinin coğrafi vəziyyət Ermənistan üçün əlverişli deyil. Mövcud 4 sərhəddən 2-si bağlıdır. Buna görə də heç bir Paşinyan, Tsarukyan və ya Sarkisyan, hətta çox istəsələr belə bu faktı ləğv edə bilməzlər.
Rusiya tərəfindən xəbərdarlıqların digər əlamətlərindən biri Robert Köçəryanla bağlı baş verənlərdir. Ermənistanın Rusiyanın müttəfiqi kimi, KTMT və AİƏT-in üzvü olaraq, həmçinin ölkə daxilində Rusiyanın hərbi mövcudluğunu nəzərə alaraq, burada baş verənlərlə daha çox maraqlandığı məlumdur.
Paşinyanla Putinin görüşü Sarkisyanla müqayisədə daha tez-tez baş tutur. Eyni zamanda Ermənistan Müdafiə naziri Davit Tonoyanla Sergey Şoyqunun münasibətləri daha da dərindir.
Ermənistanın Qarabağ münaqişəsinə cəlb edildiyini unutmaq olmaz. İdarəetmə sistemində olan problemlərə görə, nəyisə simvolik olaraq mühakimə etmək doğru deyil.
2008-ci ilin mart ayında baş verənləri idarəetmə sisteminin problemi hesab edirəm. Hakimiyyətlə yanaşı müxalifət də eyni qaydada məsuliyyət daşıyır. Buna görə, idarəetmə sisteminin daxili kəskin əməliyyata yox, keyfiyyətli müalicəyə ehtiyacı var”, - deyə ekspert vurğulayıb.