Bizə bu LAZIMDIR! Siyasət

Bizə bu LAZIMDIR!

Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yaydığı bəyanatlara biri də əlavə olundu. Ancaq budəfəki bəyanat genişliyinə və məzmununa görə əvvəlkilərdən fərqlənir.
Birincisi, bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının hansı nəticələrə gətirəcəyi bu cümlələrlə izah olunub: “Ermənistan rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı”.
Bəyanatdakı yuxarıdakı cümlələrin sonluğunda gələcək zaman ifadələrindən istifadə edilmir - “kəskinləşməsinə xidmət edəcək” və ya “gərginlik yaradacaq” yazılmır, “kəskinləşməsinə xidmət etdi” və “gərginlik yaratdı” bildirilir. Bu o deməkdir ki, Nikol Paşinyanın açıqlamaları bölgədə geri dönüşü olmayan proseslərə start verdi və rəsmi Bakı bunu belə qiymətləndirir.
İkincisi, Azərbaycan XİN-nin bəyanatında yazılır ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini pozmaq cəhdidir. Əslində bu cəhd deyil, düşünülmüş siyasətdir. Nikol Paşinyan hələ ötən il BMT Baş Assambelaysındakı çıxışında pozuculuq cəhdlərinə başlamışdı, ardınca onun Tehrana səfəri zamanı yerli erməilər tərəfindən “Qarabağ Ermənistandır. Vəssəlam” şüarı qaldırıldı və selfi çəkildi və bunun məntiqi sonu kimi avqustun 5-də Xankəndidə bu şüar Ermənistanın baş naziri tərəfindən bir daha təsdiq olundu.
Üçüncüsü, Azərbaycan XİN-in bəyanatında BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarından söz açılır. Həmin məktublarda “beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi”. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı.
Bu o deməkdir ki, rəsmi Bakı Nikol Paşinyanın təxribatçı açıqlamalarına beynəlxalq təşkilatların reaksiya verməməsindən narahatdır. Həqiqətən heç bir beynəlxalq təşkilat konkret olaraq Nikol Paşinayanın danışıqlar prosesini pozan “Qarabağ Ermənistandır” açıqlamasına münasibət bildirmədi, bunun danışıqlara zərbə vurduğunu qeyd etmədi. “Qarabağ Ermənistandır” siyasəti anneksiyanın rəsmən etirafı deməkdir. Bundan sonra danışıqlara da ehtiyac qalmır. Təəssüf ki, beynəlxalq təşkilatlar bu təhlükəli gedişata “dur” deməyiblər. Tam əksinə, Minsk Qrupu həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağda qanunsuz keçirilən “yerli seçkilərin normal olduğunu” vurğuladı.
Buna baxmayaraq, Azərbaycan XİN-nin bəyanatında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə etməsinə, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməməməsinə, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirinin Ermənistan baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağrıldığı vurğulandı.
Həqiqətən həm Rusiya XİN-nin sözçüsü, həm də ABŞ səfiri mövzuyla bağlı nəsə deyiblər, ancaq pozucunun ünvanını konkret göstərməyiblər, bəzi cümlələrində isə həmişə olduğu kimi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa çalışıblar. Yəni Rusiya XİN sözçüsü və ABŞ səfiri bizim narahatlığımızı tam bölüşməyiblər, fikirləri yarımçıqdır.
Dördüncüsü, XİN-nin bəyanatının əsas qayəsi son abzasların birində əks olunub: “Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir. Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır”.
Bəyanatda “cəhd” sözündən bir neçə dəfə istifadə olunub. Paşinyanın açıqlamaları “danışıqlar prosesinin məhv edilməsi cəhdi” deyil, danışıqlar prosesinin məhv edilməsidir. “Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır” cümləsi ilə də razılaşmaq çətindir. Ermənistan hakimiyyəti təxribatçı açıqlamalarına rəğmən, danışıqları tərk etmir və etməyəcək, tam əksinə status-kvonun uzanmasına xidmət edən imitativ danışıqlar işğalçının maraqlarına cavab verir. İndiki vəziyyətdə danışqları tərk etmək və ya imitasiyaya xidmət edən danışıqlara fasilə vermək barədə biz düşünməliyik. Ermənistan parlamenti aprel savaşının nəticələri ilə bağlı komissiya yaradıb, ordudakı yeyintilərin və itkilərin səbəbkarları axtarılır, Azərbaycan ordusu işğalçıya bir neçə “aprel” yaşatsa Ermənistanda itkilərin səbəbkarını axtaracaq və bununla işğalçı dövlətdə gərginliyi artıracaq komissiyaların sayı da artacaq. Bizə bu LAZIMDIR.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri