“İqtidar daxilində müəyyən qüvvələr radikal müxalifətlə bərabərdilər” Siyasət

“İqtidar daxilində müəyyən qüvvələr radikal müxalifətlə bərabərdilər”

“Oktyabrın 15-də keçirilən müşavirədə Prezident İlham Əliyev ötən doqquz ayda ölkəmizdə sosial-iqtisadi inkişafın vacib məqamları üzərində lakonik şəkildə dayandı. Onun təhlilini verdi. Qarşıda duran vəzifələrin aydın və dəqiq konturlarını cızdı. Ölkəmizin sosial-iqtisadi inkişafı göz önündədir və qərəzli opponentlərdən tam fəqrli olaraq hər şeydən öncə, bu inkişafdan, inkişafı görüb dost ölkələrin dövlət başçılarının onu etiraf etməsindən qürur duyur, yüksəlişimizi istəməyən, yüksəlişimizdən dərin peşmançılıq keçirənlərin kədərindən də pozitiv emosiyalar alıram”. Bunu millət vəkili Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, Prezident islahatların həyata keçirilməsi zamanı son təyinatlar və islahatların verdiyi konkret nəticələr üzərində də dayandı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiyi son kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə və innovativ qurmasını vurğulamaqla bərabər, onlara qarşı “qara piar”dan da söz açdı. Mətbuat vasitəsilə bəzi yüksək ranqlı məmurların çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, onların islahatlara qarşı şantaj etdiyini xüsusi olaraq önə çəkdi, ciddi məqamlara aydınlıq gətirdi: “Bu, bir daha təsdiq etdi ki, ölkə prezidenti cəmiyyətdə və iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var. Prezident islahatları buxovlamağa çalışanlarla birgə işləməyin mümkün olmayacağını vurğuladı və bunu artıq yeni prosesin başlanğıcı kimi dəyərləndirdi. Çoxumuz müxtəlif mənbələrdən daxil olan bu tip söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar əslində radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşır və mövqelərini qoruyub saxlamağa çalışırlar. Deməli, yayılmış söz-söhbətlərin kifayət qədər əsası varmış. Cənab prezident bunu açıqladı və məlum şəxslərə konkret mesajını verdi. Yaxın zamanlarda ciddi kadr islahatlarının aparılması şübhə doğurmur. Fərqi yoxdur, bu, özünə hörmət edib könüllü istefa şəklində də, ölkə prezidentinin sərancamılə də reallaşa bilər. Cəmiyyətin acgözlüklə gözlədiyi və dövlətçiliyimizin yeni mərhələyə çıxaracağı anlar çox da uzaqda deyil. Xatırlatmaq istərdim ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi müşavirədə iştirakı da təsadüfi deyildi. Xalqımız onun layiq olduğu kürsüdə əyləşməsini çoxdan gözləyirdi”.
Deputat Azər Badamov isə bildirib ki, müşavirədə ölkə başçısı çox ciddi tapşırıqlar və göstərişlər verdi: “Bu göstərişlərin əsas istiqamətlərindən birini də 2020-ci ilin büdcəsi hazırlananda bunun üzərində daha ciddi düşünülməsi təşkil etdi. Cənab prezident qeyd etdi ki, dövlət büdcəsinin həm gəlirlər hissəsində artımlar olmalı, həm də xərclər hissəsində nəzərdə tutulacaq investisiya layihələrinin tərtib edilməsində, büdcəyə təkliflər verilməsində ciddi hesablama aparılıb, yəni qənaətcil şəkildə, şişirdilmə olmadan nəzərdə tutulan proqnozların verilməsi istiqamətində addımlar atılmalıdır”. Onun sözlərinə görə, Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, əvvəlki illərdə büdcə tərtibi şişirdilmələrə yol verilirdi və bundan sonra belə hallara yol verilməyəcək: “Dövlət başçısı əlaqədar qurumlara, xüsusilə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və bütövlükdə hökumətə çatdırdı ki, xərclər hissəsi ciddi şəkildə araşdırılaraq, hesablanaraq büdcə layihəsi təqdim olunsun. Həm də qeyd olundu ki, müəyyən investisiya layihələrinin icrası, məsələn bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün təqdim olunan rəqəmlər həqiqəti əks etdirmir. Bir neçə dəfə maya dəyərindən yuxarı olur. Belə hallara yol verilməməlidir. Əgər bu il də belə hallara yol veriləcəksə o insanlar öz özlərini ifşa etmiş olacaqlar”. Azər Badamov bildirib ki, bununla əlaqədar olaraq dövlət başçısı hökumət üzvlərinə bir mesaj da göndərdi: “Perzident bildirdi ki, həm hökumət daxilində, həm də hökumətin tapşırığını icra edən müəyyən məmurlar var ki, onlar aparılan islahatları ləkələmək istəyirlər. Onlar bu gün gənc, enerjili, uzaqgörən rəhbər vəzifədə işləyən insanları ləkələmə kampaniyasına qoşulublar. Xüsusilə mətbuatda onlarla bağlı “qara piar” kampaniyasına start verilib. Belə halların aradan qaldırılması barədə də tapşırıq verildi”. O qeyd edib ki, həqiqətən də bu gün bəzi strukturlar köhnə baxışlarla, köhnə təfəkkürlə fəaliyyət göstərirlər: “Onların innovativliyi, yaradıcılığı, kreativliyi yoxdur. Belə məmurlarla uzağa getmək olmaz. Cənab prezidentin qeyd etdiyi kimi onlar bizimlə bir yolun yolçusu ola bilməzlər. Yəni, bütün bunlar ciddi mesajlar idi və düşünürəm ki, hökumət rəhbərliyi cənab prezidentin səsləndirdiyi fikirləri özləri üçün proqrama çevirəcəklər”.