“Ermənistan Gürcüstanda  gərginlik yaratmağa daim  hazırdır” Siyasət

“Ermənistan Gürcüstanda  gərginlik yaratmağa daim  hazırdır”

“Gürcüstanın Baş naziri Qaxariyanın Ermənistana səfərini müstəqillik dövründə Ermənistan-Gürcüstan münasibətləri üçün ən tarixi hadisələrdən biri saymaq olar. Qaxariya Yerevanda çox cəsarətli bəyanatlar verdi və məsələdə burasındadır ki, bəyanatların dəyəri onun Ermənistan mətbuatında işıqlandırılması və Paşinyanın bütün bu məsələlərə münasibətidir”. Bunu politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, Qaxariyanın fikrincə, Cənubi Qafqaz regionu üçün ilk növbədə sülh və iqtisadi çiçəklənmə lazımdır: “Başqa sözlə, sülh və iqtisadi çiçəklənmə Qaxariya üçün regional miqyasda bir-biri ilə əlaqəli məsələdir və güclü iqtisadi çiçəklənmə üçün ilk növbədə sülh lazımdır. Qaxariya Paşinyanla birlikdə konstatasiya ediblər ki, regiona sülh məhz ona görə lazımdır ki, bütün bundan sonrakı diqqətlər iqtisadiyyat üzərində cəmlənsin və vətəndaşlara ləyaqətli yaşamaq imkanı yaradılsın. Qaxariya ərazi bütövlüyü prinsipinin Gürcüstan üçün mühüm məsələ olduğunu bildirdi. Paşinyanla birlikdə səsləndirilən bu fikirlər və Paşinyanın verdiyi reaksiya kifayət qədər diqqəti çəkir. Paşinyan Tbilisini kənar faktorların təsirində olmayan dialoqa dəvət etdi. İl yarımlıq hakimiyyəti dövründə Paşinyan Gürcüstanın 3 baş naziri ilə təmasda olub. Paşinyan Tbilisiyə təsir edən kənar faktorlar dedikdə Bakını nəzərdə tutur. Rəsmi Yerevan Gürcüstanın səsləndirdiyi bəyanatları əslində əyri güzgüdə təqdim edirdi. N.Paşinyan görünür rəsmi Tbilisinin dilini özünəməxsus yaxşı bilir deyə çox yaxşı da tərcüməçilik etdi. Məhz Paşinyanın hesabına Gürcüstanın Ermənistan istiqamətində mövqeyi tamamilə üzə çıxdı”.
Politoloq əlavə edib ki, Ermənistan Gürcüstanda separatizm mövzusunda gərginlik yaratmağa daim tam hazır vəziyyətdədir: “Yaxınlarda bəlli oldu ki, Ermənistandan olan ermənilər Cavaxetiyada forum keçirib, region ermənilərinin birləşməsinə şərait yaratmaq məqsədilə pul toplayırdılar. Bəzi erməni jurnalistləri separatizm ideyalarını qızışdırmaq məqsədilə Gürcüstan ərazisinə səfər etmək istədilər, gürcü sərhədçiləri bunun qarşısını aldı. Bəlli oldu ki, Ermənistanın idarəçiliyi ilə Cavaxetiya erməniləri Gürcüstanın ən əsas strategiyasının-Avroatlantik məkana inteqrasiyasının əleyhinə imiş. Yaxın tarixdən də bəllidir ki, Cavaxetiya erməni separatizminin əsas mərkəzlərindən biridir. Hətta Ermənistanın istəyi ilə bir qrup ABŞ ermənipərəst konqresmeni uzun müddət Gürcüstanın Cavaxetiya regionuna müstəqil dövlət kimi ABŞ dövlət büdcəsindən vəsait ayırmağa nail oldu”.
M. Əhmədoğlunun sözlərinə görə, bəllidir ki, həm eks-prezident Serj Sərkisyanın dövründə Tbilisi Ermənistana bir-birinə hücum etməmək haqqında müqavilə imzalamağı təklif edib, Yerevan rədd edib: “Gürcüstanın keçmiş Baş naziri Q. Kvirikaşvili Paşinyanın qarşısında Ermənistanla Gürcüstan arasında təhlükəsizlik müqaviləsi imzalamaq məsələsini gündəliyə gətirdi. Paşinyan imtina etdi. G.Qaxariyanın Ermənistana səfərinə bütün bunların hamısının məcmusuna cavab kimi yanaşmaq daha düzgündür. Qaxariya Gürcüstanın iqtisadi problemlərini və onun konseptual səbəblərini çox gözəl başa düşür. Qaxariya başa düşür ki, Gürcüstan üçün ən azı 2 gərginlik mənbəyi var. Bunlardan biri Gürcüstandan qopduğunu elan etmiş separatçı bölgələrlə əlaqəli məsələlər, digəri Cavaxetiya erməniləri və ona dəstək verən Ermənistan tərəfindən gələn təhlükədir. Ona görə də donor konfranslarda Gürcüstana vəsait vəd verilsə də, sonradan bunlar sadəcə vəd olaraq qalır. İndi Qaxariya bütün bunların səbəbini araşdırırır. Görünür, Qaxariya 1 və ya 2 illik Baş nazir olmaq istəmir. Qaxariyanın atdığı addımlar göstərir ki, o Gürcüstanın iqtisadiyyatı, dirçəlməsi ilə ciddi məşğuldur və özünü bu istiqamətdə yeganə şanslı sayır. Ona görə Qaxariya Ermənistanda olarkən belə qətiyyətli addımlar atdı, bəyanatlar verdi”.