Suriyadakı son proseslərlərdən qazanan kimlər oldu? Siyasət

Suriyadakı son proseslərlərdən qazanan kimlər oldu?

“Sülh çeşməsi” əməliyyatından sonra baş verən proseslər maraqlı mənzərə ortaya qoyur.
Birincisi, ABŞ Prezidenti Donald Tramp Türkiyənin təzyiqləri qarşısında geri çəkilir və ordunun Suriyadan çıxaracağının anonsunu verir. Ardınca Türkiyənin önünü açır və Türkiyə başladığı əməliyyatla irəliləməyə nail olur.
Əksər ölkələr, o cümlədən İran buna qarşı çıxır, Rusiya tərəfsiz qaldığını bildirir. Əməliyyatlar nəticəsində terrorçulardan boşalan mövqelərə Rusiya və Suriya ordusu nəzarət edir. Bu, eyni zamanda, Türkiyənin də maraqlarına xidmət edir.
Bundan sonra Amerika mediası “Ərdoğanı dayandırmaq olmur, türklər kürdləri öldürürlər” kimi xəbərlərlə Amerika ictimaiyyətinı məlumatlandırırlar.
Daha sonra Tramp ağ atlı oğlan rolunu oynayır və Türkiyəyə elçi göndərərək “kürdləri xilas edir”.
Bəllidir ki, Amerikada qarşıdan seçki gəlir, Trampın reytinqi aşağıdır. Bu proseslər Trampın reytinqinin qaldırılması üçün vacibdir. Bu səbəbdən də Tramp çətin bir prosesi həll etdiyini bildirir və qələbə qazandığını vurğulayır.
Türkiyə mediası isə Ankaranın diplomatik qələbə qazandığını bildirir:
-Türkiyə prinsipiallıq nümayiş etdirərək basqılara rəğmən əməliyyat aparmağa nail oldu.
-Amerikanın əsas adamı Mayk Pensi Türkiyəyə gətirməyə və masaya oturmağa məcbur etdi.
-Terror qruplarının geri çəkiməsinə (silahları təhvil verib, tunelləri, xəndəkləri yararsız hala gətirmək, boşaldılan əraziləri minalamamaq şərtilə) nail oldu və s.
Razılaşmadan sonra Amerika müxalifəti Trampın qalib obrazına zərbə vurmaq üçün onu tənqid edərək Ərdoğanın bütün tələblərini yerinə yetirdiyini, əməkdaşlıq etdiyi kürd qrupları satdığını, dünyada Amerikanın nüfuzuna ciddi zərbə dəydiyi və digər ittihamlarla Trampı sərt tənqid atəşinə tutdular.
Məsələn, amerikalı senator Çak Şumer bildirib ki, Prezident Ərdoğan heç nədən imtina etmədi və Prezident Tramp ona istədiyi hər şeyi verdi.
2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmuş Senator Mitt Romney Prezident Donald Trampın Suriyadakı kürd müttəfiqləri tərk etmək qərarını pisləyib. O, senatdakı çıxışında deyib:”Bu, Amerika tarixində qan ləkəsi kimi qalacaq”.
Yuta ştatından olan nüfuzlu senator tənqidini oktyabrın 17-də səsləndirib. İndiyədək Respublikaçılar Partiyasının bir neçə üzvü prezidentin Suriyadan hərbçiləri çıxarmaq qərarını qınayıb. Hər iki partiyadan konqresmenlər bu addımı kürd müttəfiqlərə “xəyanət” adlandırıb.
Romney deyib ki, kürdləri qoruyan ABŞ əsgərlərinin çıxarılması “bizim müqəddəs vəzifələrimizdən birini pozur. Bu, Amerikanın şərəfinə zərbədir”.
Senator ümidvar olduğunu bildirib ki, oktyabrın 17-də elan olunmuş beşgünlük atəşkəs səmərəli olacaq. Ancaq təkidlə deyib ki, Türkiyəylə razılaşma əsgərlər çıxarılandan sonra deyil, qabaq əldə olunmalıydı.
ABŞ mətbuatı isə Trampı daha sərt tənqid edib.
“Nyu York Tayms” qəzeti Türkiyə ilə Suriya məsələsində razılıq əldə olunmasını “Türkiyənin zəfəri” kimi təqdim edib. Nəşr məsələ ilə bağlı “Türkiyə savaşı dayandırmağı qəbul elədi, lakin qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmayacaq” başlıqlı geniş məqalə yayımlayıb.
“Razılaşma bir çox cəhətdən Türkiyə üçün zəfərdir. Türkiyəyə istədiyinin bir çoxu verildi və Trampın iqtisadi sanksiyalarının da qarşısı alındı”, - nəşr yazıb. Nəşr həmçinin razılaşmaya tənqidi yanaşanların sözügedən sənədi “Trampın Ərdoğan tərəfindən bir gündən qısa müddət ərzində ikinci dəfə alçaldılması” kimi qəbul etdiyini qeyd edib.
Bu mənada ilk “alçaldılma” kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampın ona yazdığı məktubu cırıb atması göstərilib.
“Nyu York Tayms” həmçinin yazır:
-Prezident Trumpın köməkçiləri, mütəxəssisləri və müttəfiqləri ilə məsləhətləşmədən və əməkdaşlıq etdikləri kürd qruplara xəbərdarlıq etmədən 1000 Amerika əsgərinin Suriyadan çıxarılması qərarı məsuliyyətsiz addımdır. Cənab Trump, hər zaman olduğu kimi, böyük bir qələbə qazandığını iddia etdi – bunu "milyonlarla insanın həyatını xilas edən inanılmaz bir nəticə" kimi təqdim etdi.
-Kürdlər (terrorçular) çox sayda itki verdi, onlar Bəşər Əsədlə əməkdaşlıq üçün müraciət edərək, Amerikanın dünyada itirilən etibarını daha da zəiflətdi.
-İkincisi, Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinə məxsus F-15 təyyarələrinin Suriyada döyüş sursatı və digər texnikanın başqa silahlı qrupların əlinə keçməsinin qarşısını almaq üçün Amerikan silah anbarını məhv etdiyi xəbəri ilə gəldi.
-İraqdakı kürdlər Amerikanın müttəfiqləri idilər. Ancaq oktyabrın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra Tramp onları satdı, eyni zamanda, yalnız Suriya kürdlərini də cənab Ərdoğana, həm də Əsədə, ruslara və iranlılara hədiyyə etdi.
-Türkiyə iqtisadiyyatını məhv etməklə bağlı Ərdoğana göndərdiyi arzuolunmaz məktubu isə zibil qutusuna atıldı.
-Dövlət katibi Mike Pompeo və vitse-prezident Mayk Pensə, Ankaraya təcili səfər etmək tapşırıldı və beş saat davam edən danışıqlardan sonra cənab Pens təntənəli şəkildə cənab Ərdoğanla razılıq əldə etdiyini bildirdi və bunu atəşkəs adlandırdı. Ancaq Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu dərhal sazişin atəşkəs olmadığını bildirdi, "əməliyyat dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib" deyə, qeyd etdi. O əlavə etdi: "İstədiyimizi əldə etdik". Türkiyədən başqa Rusiya və İran da qazanan tərəf oldu.
Almaniyanın "Spiegel Online" nəşri də Türkiyə ilə ABŞ arasında, PKK/YPG-nin 120 saat ərzində Suriyanın şimalından çəkilməsini əks etdirən anlaşma haqqında məqalə dərc edib. "ABŞ Ərdoğanın istədiklərini verir" başlıqlı yazıda, anlaşmada qalib tərəfin Türkiyə olduğu bildirilir: "Razılaşma, Rəcəb Tayyib Ərdoğanın işinə yarayır. Buradakı itirənlər isə Donald Tramp və YPG-dir. Türkiyə, YPG-nin Suriyanın şimalından çıxarılması istiqamətində müəyyən etdiyi hədəfinə çatdı. ABŞ prezidenti Donald Tramp özü səbəb olduğu bir alovu söndürməklə öyünə bilər. Ancaq uzun perspektivdə bunun Vaşinqton üçün nəticə daha böyük olacaq.
ABŞ Suriyada əhəmiyyətli dərəcədə hakimiyyətini itirdi, eyni zamanda, Vaşinqtonun beynəlxalq statusu və təsiri də azalıb. Hansı ortaq hələ də ABŞ-a güvənir? İtirənlərin başında əlbəttə ki, YPG gəlir".
Məqalədə, Vaşinqtondan gələn sanksiya hədələrinə baxmayaraq Türkiyə prezidenti Ərdoğanın geri addım atmadığına da diqqət çəkilib.
Xatırladaq ki, ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında “İstədiklərimizi əldə etdik. YPG-nin ağır silahları toplanacaq və mövqeləri məhv ediləcək”, - deyə bildirib. Onun sözlərinə görə, Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib. Çavuşoğlu bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Bundan sonra “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Həmçinin, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq.
Türkiyə müxalifəti də Ərdoğanı tənqid atəşinə tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşünə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu deyib ki, ABŞ-ın vitse-prezidenti ilə Ərdoğanın görüşünə baxın, elə bil Ərdoğan Trampla görüşür, ikisi də yan-yana durub: “Pens Amerika prezidentidir? Niyə ona belə münasibət sərgilənir?”
Kürd əsilli politoloq Reyzan Xedu deyib ki, kürd qüvvələrin Suriyanın şimalından çıxarılması hökumət qüvvələrinin iştirakı ilə mümkündür: “Əgər Suriya ordusu Pensin dediyi kimi, Suriya Demokratik Qüvvələrinin (SDQ) yerini tutarsa, o zaman bu, müsbətyönümlü addımdır. Lakin Türkiyə ordusu, yaxud Suriya Milli Ordusu burada yerləşdirilərsə, bu halda regionun demoqrafiq vəziyyəti dəyişəcək. Suriyanın şimal-şərqindəki əhali Türkiyənin hakimiyyəti altında yaşamaq istəməyəcək”.
Almaniya kansleri Angela Merkel bildirib ki, ABŞ-ın Suriyadan qoşunlarını çıxarması bölgədə güc balansını daimi olaraq dəyişdirdi. O qeyd edib ki, ABŞ ordusunun bölgədən çıxması ilə, Rusiya və İranın rolu böyük ölçüdə güclənib.
Göründüyü kimi burada Türkiyə, Amerika, Rusiya, Suriya və İran qazandı.
Türkiyə maksimum olmasa da istədiyini əldə etdi. (Amerika ilə sazişdə bu detallar yer alıb). Türkiyə üçün laızm olan faktorlardan biri ABŞ-la YPG terror təşkilatı arasında etimadsızlıq mühitinin yaranması və terrorçuların Əsədlə razılaşaraq Amerikanı satmasıdır. Türkiyə hökuməti diplomatik qələbə qazandığını bildirərək daxili auditoriyaya ünvanlanan mesaj verdi.
Tramp Amerika xalqına “anlaşmaq üçün çətin adam” kimi təqdim etdiyi Ədoğanla razılıq əldə etdiyini bildirərək daxili auditoriyaya qələbə mesajı verdi. Eyni zamanda, terrorçulardan təmizlənən ərazilərə girən Riusya və Əsəd ordusu ilə Türkiyəni üz-üzə qoydu.
Rusiya və Suriya ordusu Türkiyə ordusunun hücumu nəticəsində terroçularıdan boşalan ərazilərə nəzarəti ələ aldılar. Bəzi ekspertlərə görə, bu, eyni zamanda, Türkiyəyə də sərf edir.
İranın bölgədə fəallaşması üçün imkan yarandı.
Uduzan isə həmişə olduğu kimi müyəyən müddət istifadə üçün nəzərədə tutulan terror qrupları oldu...

Əli Zülfüqaroğlu