Antireformistlər və bəzi media orqanlarının simbiozundan ibarət XƏYANƏT tablosu... Siyasət

Antireformistlər və bəzi media orqanlarının simbiozundan ibarət XƏYANƏT tablosu...

Aydın Quliyev

Hər il bir neçə dəfə dövlət müşavirələrinin keçirilməsi səmərəli idarəçiliyin əsas üsullarından birinə çevrilib.Adətən müşavirələr ya müəyyən dövrün ümumi nəticələrinin təhlilinə həsr olunur, ya da konkret sahə problemlərinin müzakirəsinə... Etiraf edək ki, oktyabrln 15 -də keçirilmiş müşavirə Prezidentin geniş çıxışındakı çoxsaylı və konkret tənqidi məqamlarına görə cəmiyyətdə daha fəal pozitiv reaksiyalar doğurması ilə xarakterik oldu. Prezidentin cəmiyyətdə həlledici nüfuz təsirinə malik olduğu bir fakt olduğu üçün onun çıxışlarındakı istənilən tənqidi məqam dərhal cəmiyyətdə rezonans verir, insanlar arasında müzakirələr başlayır, tənqid olunan sahədə dərhal dəyişikliklər özünü göstərir.
Son müşavirədə Prezident İlham Əliyev bütün istiqamətlərdə islahatların nəticələrini konkret faktlarla göstərməklə yanaşı, bir sıra əsaslı tənqidlərlə də çıxış etdi və əslində ölkədə ictimai rəyin ən həssas mıqamlarına nə qədər yaxından bələd olduğunu hər kəsə nümayiş etdirdi. Bütün təhlilçi və şərhçilərin vahid fikri bu oldu: “Nəyi düz demədi ki”! Həqiqətən iri şirkətlərin bir çoxu hələ də vergidən yayınır və ikili mühasibat aparır, banklar həqiqətən real sektora yatırım etməkdən qaçır və yüksək faizli istehlak kreditləri ilə ölkəni yeni maliyyə böhranına aparır, bəzi dövlət təşkilatlarının büdcə sifarişləri şişirdilmiş rəqəmlərə əsaslanır ki, bu da dövlət vəsaitlərinin asanlıqla korrupsiya yeminə çevrilməsinə yol açır və sair. Prezidentin ölkədə nailiyyətləri və nöqsanları açıq təsvir etməsi həyata keçirilən islahatların əsasən iki hədəfə kökləndiyini aydın göstərdi - ayrıca sahələr üzrə konkret nıticələrin əldə edilməsi və islahatlar prosesinə mane olan neqativlərin üzə çıxarılması...
Azərbaycan şəraitində aparılan hərtərəfli islahatların ən böyük neqativinin elə onun öz içində doğularaq pərvəriş tapan antireformator ünsürlərdən ibarət olduğunu Prezidentin məruzəsindən tam yəqinləşdirdik. Hər cür reformanın öz antireformatorlarının olduğu barədə çox ölkələrin timsalında sübut olunmuş həqiqət Azərbaycan praktikasında da öz təsdiqini tapdı. Ölkədə aparılan islahatların elə hakim komandanın öz içində əleyhdarları var imiş və onlar islahatları ləngitmək, islahatçı kadrları şərləmək, qaralamaq, yeni təfəkkür daşıyıcıları olan kadrları cəmiyyətin gözündən salmaq kimi zəngin üsullarla fəaliyyət göstərir. Prezidentin islahatlar kursuna qarşı işləyən antireformatorların hansı dərəcədə təşkilatlandıqları, hansı mərkəzdən və ya konkret kim tərəfindən idarə olunduqları hələ məlum deyil. Ancaq Prezidentin açdığı bir mətləb də ondan ibarət oldu ki, antireformator-qoçaqlar bu vaxtacan imkan taparaq medianın müəyyən hissəsi ilə gizli sövdələşə biliblər. Hədəf isə islahatlar və islahatçı kadrlar olub. Kim deyə bilər ki, iqtidarın daxilində antireformatorlarla öz missiyasına dönük çıxmış mətbuat-media mənsublarının pozucu sazişçiliyi olmasaydı, ,Prezidentin islahatlar siyasətinin nəticələri indikindən neçə dəfələrlə böyük olacaqdı?!
Aydın məsələdir ki, Prezident öz peşə missiyasına və dövlətçilik prinsipinə sadiq qalaraq islahatlar prosesinin ritminə uyğun fəaliyyət göstərən media kəsiminin varlığına lazımi önəmi verir. Prezident məhz bu kəsimi nəzərdə tutaraq, dəfələrlə "obyektiv media səmərəli ölkə idarəçiliyində mənim sadiq köməkçilərimdi" kimi bəyanatlar səsləndirib, başqa mənbələrlə yanaşı, dürüst mediaya mühüm informasiya mənbəyi kimi baxdığını açıq söyləyib, jurnalistləri bütün hallarda obyektiv və sağlam tənqidlə məşqul olmağa səsləyib, onların bu istiqamətdə həvəslənmələri üçün bütün qanuni mexanizmlərin işləməsinə şərait yaradıb. Bütün bu işlərin əvəzində nə görürük? Dövlətçi və sağlam media ilə bərabər, sırf şəxsi və qrup maraqları çərçivəsində islahatların əleyhinə işləyən məmurlarla birləşən satqın və qarıngüdən media ünsürlərini...
Antireformatorlar bir tərəfdən islahatlar prosesini sabotaj edir, eyni zamanda medianı tək-tək şəxslərin təsiri altına salaraq tarixi missiyasından uzaqlaşdırır, həqiqətən, Prezidentin sözləri ilə desək, "alətə çevrilirlər".
Məlumdur ki,Prezidentin son on ildə həyata keçirdiyi mühüm islahat istiqamətlərindən biri medianın tək-tək məmurlar və iş adamları tərəfindən gizli maliyyələşmə praktikasına son qoyulması və yalnız dövlət vəsaiti hesabına şəffaf maliyyələşmə mexanizminin tətbiq edilməsidir. Azərbaycan mediasının heç vaxt olmadığı səviyyədə dövlətçi mediaya məhz bu mexanizmin sayəsində çevrildiyini əksəriyyət görür. Unikal bir model olan KİVDF-nin bu gün MDB məkanında çox maraqla qarşılanması heç də təsadüf deyil. Prezident öz yanında uğurlu KİVDF modelini yaratmaqla mətbuatımızı bir çox hallarda mafiozların, ömründə bir kitab oxumamış nadanların və ölkəmizə düşmən kəsilmiş xarici mərkəzlərin miskin və xain icraçılarına çevrilməkdən xilas etdi. İndiyə qədər Prezidentin media sahəsində apardığı islahatların ən böyük nəticələrindən birinin məhz bu olduğunu söyləsək yanılmarıq. Bax burada cənab Prezidentin müşavirədə göstərdiyi cığırın sonundakı əsas mətləbə gəlib çatdıq - ümumən islahatların əleyhinə gedən məmurlar bu irticaçı siyasətə mətbuatı da cəlb edərək, Prezidentin həm də mətbuat sahəsində hələ davam edən mütərəqqi islahatlarının effektini heçə endirməyə çalışırlar. Son aylarda bəzi deputatların, bəzi məmurların KİVDF-ni - cənab Prezidentin ən uğurlu islahat layihələrindən birini xüsusi qərəzlə qaralaması, hətta onu ləğv etməyə çağırması, bəzi media orqanlarının Prezidentin islahatlarına açıq xəyanət xarakteri daşıyan belə çıxışları həvəslə tirajlamasının bir izahı var:Cənab Prezident antireformistlərlə simbioz əlaqələrə girmiş bəzi media orqanlarından ibarət XƏYANƏT tablosunun tam mənzərəsini çoxdan və
dəqiq görürmüş...
İslahatları sabotaj edən məmurların fəaliyyəti bir daha sübut edir ki, bu islahatların böyük uğur şərti Prezidentin dönməz iradəsidirsə, ikinci şərti əsl dövlətçi və peşəkar medianın Prezidentin yanında və yolunda yürüməsidir. Antireformatorların medianı tək-tək məmurların əlində alət olduğu dövrlərə qaytarmaq səylərinin yolunda ən yenilməz maneə də məhz bu olacaq.