MSK bələdiyyə seçkilərinə start verdi Siyasət

MSK bələdiyyə seçkilərinə start verdi

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
Məzahir Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupu yaradılıb.
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.
Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib.
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda həmçinin, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi oktyabrın 19-dan başlayacaq.
Seçkilərdə iştirak etməyən istəyən şəxslər oktyabrın 19-dan namizədliklərini irəli sürə bilərlər.