“Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın” Siyasət

“Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın”

Zahid Oruc: “Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çökürlər, onları ələ keçirirlər”

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri barədə məlumat verib.
Nazir bildirib ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub. Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub. Sənəddə gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb. Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb.
Sahil Babayev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verərkən deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.
Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 min manat və sair gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək. Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc parlamentin iclasında büdcə müzakirələri zamanı deyib ki, biz son iki ildə iki yeni Baş nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə edirik. Heç şübhəsiz ki, burada bir məna var: “Cənab Prezident ötən 10 illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, qarşıya yeni çağırışlar qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son 1 ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik”.
Zahid Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və institusional xarakter daşıdıqca, daha çox vətəndaş bu prosesi müdafiə edir, fəal iştirak edir.
Deputat qeyd edib ki, hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Cənab prezident yeni elitanı formalaşdırır. Bu həm də hökumət və dövlət strukturklarını əhatə etməkdədir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Düşünürəm ki, ölkə başçsının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır.
Prezident istəyir ki, korrupsiya aradan qaldırılsın. Amma məmurlar bir sıra hallarda sahibkarların biznesinə çökürlər, onları ələ keçirirlər. Dövlət başçısının öz ifadəsi ilə söyləsək, insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər. Özləri üçün üstün iqtisadi şərait yaradırlar. Prezident belələrini zəlilər adlandırdı. Biz də bu zəliləri bir sıra hallarda görürük. Ona görə bu məsələlərə qarşı daha ciddi addımlar atılmalıdır”.
Zahid Oruc, həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir, amma Azərbaycanda bu rəqəm aşağıdır: "Halbuki, prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər.
Bu baxımdan, əsl biznes mühiti yaradılmalı, orta və kiçik biznesinin iqtisadiyyatda çəkisi artırılmalıdır.
Bu gün ölkədə əmək bazarına daxil olanların 60 faizinin texniki peşə və ali təhsili yoxdur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səsləndirdiyi səhmdar cəmiyyət və yeni koorparativ idarətmə mədəniyyətindən danışdı. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividendlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.
Deputat Əli Məsimli bildirib ki, ehtiyac meyarını və yaşayış minimumunu bir-birinə yaxınlaşdırmaq yox, ehtiyac meyarını aradan qaldırmaq çox vacibdir: “Ona görə də ehtiyac meyarının ləğv olunmasını təklif edirəm”. O, bildirib ki, bir neçə il əvvəl belə bir stereotip var idi: “Yəni yaşayış minimumunu və minimum əmək haqqını bir-birinə yaxınlaşdırmaq üçün uzun illər tələb olunur. Amma Prezidentin bir fərmanı ilə minimum əmək haqqı yaşayış minimumuna yaxınlaşdırıldı. Hazırda ondan da yuxarıdır. Ona görə də ehtiyac meyarının ləğv olunması məsələsini də həll etmək olar. Bu məsələ nə qədər tez həll olunsa bir o qədər yaxşıdır”.
Deputat Hikmət Babaoğlu deyib ki, 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məsələlər Azərbaycan vətəndaşının rifahında və onun ailə büdcəsində özünün əksini tapacaq: “Məsələyə bu konteksdən yanaşanda, bu il müstəqillik dövrümüzün ən iri maliyyə tutumlu büdcəsini müzakirə etmək hər birimiz üçün böyük qürur mənbəyidir”.
Hikmət Babaoğlu bildirib ki, bu büdcə ilə ölkəmizdə həyata keçirilən islahatlar arasında dəqiq və sıx bağlılıq var: “Çünki bu büdcəyə nail olmaq üçün mütləq biz ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara və onların nəticələrinə diqqət yetirməliyik. İslahatlar həyata keçirilməyə başlayanda bəzi müxalif dairələr, radikal ünsürlər bu islahatların nəticələrini şübhə altına almağa çalışırdılar, qeyri-ciddi fikirlər səsləndirirdilər. Bu gün müzakirəyə etdiyimiz büdcə, səsləndirilən rəqəmlər, büdcənin investisiya və sosialyönümlü olması bir daha xəbər ondan verir ki, aparılan islahatlar öz nəticəsini verir. Bu nəticələr maliyyə sənədində də öz əksini tapır. Prezidentin qeyd etdiyi kimi islahatlar təkmilləşmə, tərəqqi və yeni dövrə uyğunlaşmadır. Doğurdan da, ölkəmizdə bu günə qədər həyata keçirilən siyasət Azərbaycanda islahatların yeni mərhələsini təmin etmək üçün şərtlər formalaşdırıb və bu şərtlər də indiki inkişafa gətirib çıxarıb. Amma unutmaq olmaz ki, müzakirə etdiyimiz büdcə, onun gətirəcəyi rifah, inkişaf və tərəqqi sonrakı mərhələdə Azərbaycanın yeni keyfiyyətdə inkişaf mərhələsinə keçməsi üçün də əsaslar yaradacaq”.
Deputat deyib ki, həyata keçirilən islahatlar nəticəsində büdcəni təmin edən mənbələr qismində çıxış edən subyektlər, yəni gömrük və vergi orqanlarında şəffaflıq, işə məsuliyyətli yanaşma təmin olunur. Bu da nəticə etibarilə bu mənbələr vasitəsilə büdcəmizə proqnozlardan daha çox əlavə daxilolmaların təmin olmasına imkan yaradır. Bu da mühüm göstəricidir.
Hikmət Babaoğlu onu da qeyd edib ki, Azərbaycanda çox böyük layihələr həyata keçirilir. Bunlardan biri də yeni dəmiryolu qovşağının qurulmasıdır ki, Bakı-Tbilisi-Qars dəmiryolu bu gün qürurla deyə biləcəyimiz layihələrdən biridir: “Bu çox mühüm layihədir. Cənab Prezidentin qeyd etdiyi kimi dəmiryollarının səmərəliliyinə görə, Azərbaycan dünyada 13-cü yerdədir. Fikrimcə, bu, hələ son hədd deyil, çünki yaxşı perspektivlər var....”.
Hikmət Babaoğlu həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin büdcə layihəsi hazır olduqdan dərhal sonra bu sənədi özünün elektron səhifəsində yerləşdirməsi yaxşı haldır: “Amma elektron səhifədə vətəndaşların rəy və təkliflərini öyrənmək üçün bölmə də yaratmaq olar. Vətəndaşlar səmərəli təkliflər verməklə bu prosesə öz töhfələrini verə bilərlər”.
Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır.
İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur.
2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur.

Əli