Bu, nə dərəcədə ədalətlidir? Siyasət

Bu, nə dərəcədə ədalətlidir?

Qüdrət Həsənquliyev: “Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən isə 30 manat”

“Hamı bilir ki, "tolkuçkalar"ı kim himayə edir, orada 100 milyonlarla vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır”

“Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər çox mütərəqqidir. Təkcə prezidentin deyil, xalqımızın da Mikayıl Cabbarovdan gözləntiləri çoxdur. Azərbaycanda islahatlar uğursuzluğa düçar olsa və xalqın buna inamı itsə, ölkədə xoşagəlməz proseslər başlaya bilər. Düşünürəm ki, dəyişiklikləri edərkən, son dərəcə məsuliyyətli olmalıyıq”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sərdi, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı zamanı səsləndirib: “Mən büdcə müzakirəsi zamanı da söyləmişdim ki, Azərbaycan iqtisadiyyatında proteksionizmə son qoyulmalıdır. Amma çox təəssüf ki, bugünki dəyişikliklərdə biz bunun əlamətlərini açıq-aydın görürük. 2-ci maddədə edilən dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Çöx gözəl, amma biz 106 və 164-cü maddələrdə müşahidə edirik ki, sənaye parklarında, sənaye məhəllələrində olan rezidentlər əvvəl 7 il vergidən azd edilmişdi, indisə bu müddət qaldırılır. Əslində bu da 2-ci maddənin ruhuna ziddir. Yəni burada azadolmalar fərdi xarakter daşıyır. Bu əslində həmin parkların himayə olunmasıdır. Oradakı sahibkarlarla digər, bölgələrdəki sahibkarları müqayisə edəndə görərik ki, onları nə qədər qeyri-bərabər vəziyyətdə qoyuruq. 7 il onsuz da artıq müddət idi, bu azmış kimi, bu müddəti hələ 3 il də artırırıq. Mən özüm dəfələrlə məsələ qaldırmışam ki, rayonlarda disbalans Bakı ilə çox fərqlidir. Bu yaxınlarda bir qrup millət vəkili ilə Göyçaya nar bayramına gedirdik. Rayonun girəcəyində diqqətimizi bir məsələ cəlb elədi. Şəhərin girəcəyində dayanan avtomobillərin mütləq əksəriyyəti köhnə, Sovet dövrünün istehsalı olan, istismar müddəti keçmiş “Jiqulilər” idi. Həmkarlarım da mənimlə razılaşdı ki, həqiqətən də rayonlarda iqtisadi durum, sahibkarlıq mühiti pis vəziyyətdədir. Ona görə də rayonlara vergi güzəştləri nəzərdə tutulmalıdır, nəinki iri sənaye parkalarının rezidentlərinə”.
Millət vəkili əlavə edib ki, 106 və 164-cü maddədə də eyni hal müşahidə edilir: “Qeyd olunur ki, sənaye parklarında, sənaye məhəllələrində heyvan və quş əti vergidən azaddır. Bəs digər quş əti istehsal edənlər neyləsin? Onlar vergidən azad olduğu üçün malını bazara ucuz qiymətə çıxaracaq. Bəs digər quş əti istehsal edənlər, tutaq ki, rayonlarda fəaliyyət göstərən sahibkarlar hansı vəziyyətdə qalacaqlar? Bəs onlar mallarını neçəyə satsınlatr? Bazarda biristehsalçı digəri ilə müqayisədə malını 1 manat ucuz satsa, digər istehsalçılar pis vəziyyətə düşəcək və malları əlində qalacaq. Belə olan halda hansı rəqabətlilikdən söhbət gedə bilər. Biz deyirik ki, azadolmalar fərdi olmamalıdır.
164.1.48-də “Formula 1” yarışları ilə əlaqədar olaraq bağlanmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilir. Bu da fərdi güzəştdir və 2-ci maddənin ruhuna ziddir. Hansı ki, biz bu gün o maddəni qəbul etmək istəyirik. Mən hesab edirəm ki, bu hökumət səviyyəsində proteksionizmdir, himayəçilikdir. Ona görə də biz, bu maddələrin qəbul edilməsinə səs verməməliyik.
77-ci maddədə qeyd edilir ki, yeni nəzarət kassa aparatları qoyularsa, onlar vergi öhdəlikləri ilə əvəzləşdirilir. Hesab edirəm ki, vətəndaşların vergiyə inamını artırmaq üçün ilk növbədə “tolkuçkalardan” başlamaq lazımdır. Dəfələrlə Milli Məclisdə bu məsələ ilə bağlı məsələ qaldırılıb. Hamı bilir ki, "tolkuçkalar"ı kim himayə edir, orada 100 milyonlarla vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır.
Prezident dəfələrlə məsələ qaldırıb ki, sahibkarlar yalnız vergi verməlidirlər. İnsanlar görsə ki, belə himayə olunan yerlərdə vergi nizam-intizamı yaradıldı, kiçik və orta sahibkarlar problemsiz vergi öhdəliklərini həyata keçirəcəklər.
Dəfələrlə burada məsələ qaldırmışam, Mikayıl müəllim, sizə hökumətin üzvü kimi müraciət edirəm. Bakının mərkəzi doludur köşklərlə. Özü də əhalinin ən çox istifadə etdiyi yerlərdə gözəl köşklər var. Amma köşklərdə reklam haqqında qanuna zidd olaraq şüşələrin arxasında siqaretlər düzülür. Əslində bu xarici turistlər qarşısında ölkəmizin geridə qalmışlığının nümayişidir. Dünyanın heç bir yerində siqaret bu formada, şəhərin mərkəzində, məktəblərin yaxınlığındakı köşklərdə reklam olunmur. Siqaretin satışı ilə kim məşğuldur? Bu köşklər kimə məxsusdur? Siz bunu aradan qaldırsanız, camaat görəcək ki, qanunlar həqiqətən hamı üçün eynidir. Yoxsa insanlar bunu görməyincə və inanmayınca, bu səylər təəssüf ki, heç bir nəticə verməyəcək”.
Millət vəkili toylardakı sadələşdirilmiş vergilər haqqında da fikirlərini bölüşüb: “Diqqətinizi cəlb etmək istədiyim digər məqam toylarda sadələşdirilmiş vergilərlə bağlıdır. Məsələn, qeyd edirsiniz ki, video və fotoçəkilişlə məşğul olan şəxslər 30 manat aylıq sadələşdirilmiş vergi verir. Burada müğənnilərin adı çəkilmir, qeyd edilir ki, aparıcılıqla məşğul olan şəxslər. Mən bilmirəm, bu araşdırmanı kim aparıb. Elə müğənnilər var ki, 10-14 min manata toylara gedir. Bu halda 30 manat sadələşdirilmiş vergi necə ola bilər. Ən primitiv videoçəkiliş 2 min manatdır. Yaxud fotoqraf hər toyda çəkilişə görə, sonda administratora 500 manat pul verir. Biz çəkməçidən 5 manat alırıq, bir toydan 10 min manat qazanan müğənnidən isə 30 manat. Bu, nə dərəcədə ədalətlidir? Ona görə də, hesab edirəm ki, ikinci oxunuşa qədər biz bu qeyd elədiyimiz məsələlərə bir də baxacağıq. Ümumiyyətlə, hesab edirəm ki, digər dəyişikliklər çox mütərəqqidir. Əgər dediyim məsələlər nəzərə alınsa, mən bu layihəyə səs verəcəyəm”.

Əli