TANAP-ın açılacağı tarix bəlli oldu Siyasət

TANAP-ın açılacağı tarix bəlli oldu

Noyabrın 30-da Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürüləcək ikinci hissəsinin (Faza-1) açılış mərasimi keçiriləcək.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
“TANAP çox əhəmiyyətli layihələrdən biridir. Noyabrın 30-da kəmərin açılış mərasimi keçiriləcək”,- nazir qeyd edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.
Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.
Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
Millət vəkili Vahid Əhmədov TANAP-ın fəaliyyətə başlamasının ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu layihə çox əhəmiyyətli bir layihədir. Uzun müddərdir ki, bu layihənin həyata keçməsi üçün dövlət başçımız İlham Əliyev çox ciddi fəaliyyət göstərir. Bütün təzyiq və təhdidlərə baxmayaraq, qazın Türkiyə vasitəsi ilə Avropa bazarına çıxarılması üçün bu layihədən istifadə olundu. Bu qaz kəmərinin çəkilişi asan başa gəlməyib.
Bu, bizim üçün həm iqtisadi, həm də siaysi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu kəmər vasitəsi ilə ildə 30 milyard kubmetrə qədər qaz ixrac ediləcək. Azərbaycan bundan əlavə gəlirlər əldə edəcək. Azərbaycan iqtsiadiyyatının inkiaşfında bu vəsaitlərdən istifadə edəcək.
Bundan başqa, bu, siyasi baxımdan da böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir. Çünki iri dövlətlər, iri şirkətlər Azərbaycana sərmayə qoyurlar, ölkəmizdə sabitliyin olduğunu bilirlər. Bu sərmayənin qorunması üçün həmin iri dövləltər də ölkəmizdə sabitliyin qorunmasında maraqlı olacaqlar. Bu, layihə bizim üçün hər baxımdan əhəmiyyətlidir”.