“Miqrant biznesi”nin gerçək üzü Siyasət

“Miqrant biznesi”nin gerçək üzü

Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarı açıqlanıb.
Maddi sübutların aşkar edilməsi üçün evə və digər obyektlərə, həmçinin təqsirləndirilənlərə məxsus nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilməsi barədə qərardadda qeyd olunub:
"Elektron və kağız daşıyıcılarda üçüncü şəxslərin qanunsuz ölkə ərazisinə daxil olması, təqsirləndirilənlərin əmlak, maliyyə və gəlirləri barədə elektron və yazılı məlumatlar; mobil telefonlar, komputer, elektron tabletlər, qanunsuz olaraq ölkəyə gətirilən şəxslər barədə məlumatların yerləşdiyi yaddaş kartları, xüsusilə İsmayılovun şahidliyi ilə; yerli və xarici bank hesabları; 1000 avro üzəri nəğd pul; üçüncü şəxslərə məxsus passport və digər identidikləşdirmə sənədləri; xidməti möhür; sui-istifadə olunmuş qaçqınlıq statusu ilə bağlı müraciət üçün ərizə nüsxələri və digər bu növ sənədlər.
Sadalanan maddi sübutlar, hansı ki, istintaqın gedişi ilə bağlı əhəmiyyətli sayıla bilər, müsadirə olunmalı və qorunması təmin edilməlidir. Könüllü şəkildə təqdim olunmayan maddi sübutlar, zorla müsadirə olunur".
Rəsmi məlumatda aparılan axtarışların səbəbləri də izah olunub: "Aparılan axtarış tədbirləri Koblenz prokurorluğunun 8.10.2019 tarixli ərizəsi əsasında həyata keçirilmişdir. Çünki, faktlar nəticəsində, araşdırma zamanı maddi sübutların aşkar olunması və müsadirəsi ehtimalı var. (Alman Cinayət Prosessual Qaydalarının §§ 94, 102, 105, 162-ci maddələri).
İndiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən Məmmədov barəsində gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var".
Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir.
2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib. Bunların arasında, xüsusilə “Ramil Rüstəmov”, Rəşad və Əziz, hər biri ailə üzvləri ilə birlikdə, Azərbaycan ərazisindən heç bir pasportu və yaşamaq icazəsi olmadan Almaniya ərazisinə daxil olmuşdurlar.
Bununla yanaşı, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunur və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunurdu.
Təqsirləndirilən Xəlilbəyli xüsusilə bu işlərin ümumi olaraq təşkil olunmasında və ödənişin qəbul olunmasında və qaçaq gələn şəxslərlə əlaqədə olan ilk şəxs kimi tanınır. O, qaçaq miqrantlara qaçqın statusu almaq prosesi zamanı və Almaniya dövlət qurumları ilə əlaqədə necə davranılmalı olduğunu öyrədib.
Bundan əlavə o, qanunsuz miqrantların həqiqi sənədlərini özündə saxlayıb, qanunsuz miqrantların Azərbaycanda guya siyasi təqibə məruz qalmasını göstərən saxtalaşdırılmış sənədlərlə təmin etmək üçün vəziyyətdən asılı olaraq 3-cü şəxsləri, digər təqsirləndirilən Həsən və Cavadovu bu fəaliyyətə cəlb edib.
Təqsirləndirilən Məmmədov hər bir halda 2018-ci ilin payızına qədər təqsirləndirilən Xəlilbəylinin sürücüsü kimi çalışıb, hansı ki, o 2015-ci ildən bəri təxminən 50 dəfə olmaqla ümumilikdə 300.000 avro məbləğində pulu təqsirləndirilən Cavadovdan təqsirləndirilən Xəlilbəyliyə çatdırıb və ümumilikdə 7 saxta sənədlərlə dolu paketi təqsirləndirilən Həsəndən təqsirləndirilən Xəlilbəyliyə verib.
Bununla yanaşı, o, qaçqın miqrantları hava limanında qarşılamış və ilk kontakt şəxs olan təqsirləndirilən Xəlilbəylinin təlimatlarını çatdırmışdır. Əlavə olaraq nəğd ödənişlərlə, Sparkasse və Neuvid Volksbank-dakı hesabları vasitəsilə qanunsuz miqrant alverindən əldə etdikləri gəliri ört-basdır etmişdir.
Məhkəmə qərarında vurğulanıb ki, cinayət barədə şübhələr, indiyədək polis tərəfindən həyata keçirilən istintaq zamanı və o cümlədən, təqsirləndirilən Məmmədovun verdiyi faktlara əsaslanır. Bu şəxs geniş və inandırıcı məlumatlar vermiş və özünü böyük həcmdə məsuliyyətin altına salmışdır. Həmçinin onun nəzarət olunan telefon danışıqlarında (TÜ 18458, 538) üçüncü şəxslərə qarşı özünü Xəlilbəylinin sürücüsü kimi təqdim etməsi və Xəlilbəylinin hava limanından qanunsuz miqrantların qarşılanmasından xəbərdar olması aydın olur.
Bundan əlavə olaraq, Məmmədov, Xəlilbəylinin qanunsuz miqrant alveri ilə bağlı digər sənədləri saxladığını izah edib. (Telefon danışığı 18 924). Məmmədova məxsus bank hesabının yoxlanışı zamanı onun Sparkasse və Neuvid Bankında 2018-ci ilin noyabr və 2019-cu ilin iyun ayınadək olan müddət ərzində bir neçə on min avronun hesaba mədaxil edilməsi və qısa müddət sonra qismən hesabdan məxaric edilməsi aşkarlanıb.
Axtarış barədə qərardad, istintaqın məqsədinin təhlükəsizliyini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin öncədən ifadəsi alınmadan verilmişdir. Bu tədbir hüququn nisbilik prinsipinə (Verhältnismäßigkeitprinzip) uyğundur, çünki o qarşıda qoyulan məqsədə çatmağa yönələn tələb olunan tədbirdir və bununla şəxsin konstitusional hüququna müdaxilə, məsələnin əhəmiyyətliliyinə və cinayətə olan şübhənin güclülüyünə nisbətdə daha üstün deyil.

Müsavat Partiyası təmsilçilərinin qanunsuz əməllərinə həm Avropada yaşayan azərbaycanlılar, həm də fərqli siyasi baxışlara sahib olab ölkə vətəndaşları reaksiya veriblər.
Avropada yaşayan gənc fəal Nahid Cəfərov qənaətinə görə, Müsavat partiyası baş verənlərə görə aydınlıq gətirməlidir:
“Arif Hacılı niyə istefa verib siyasətdən getməlidir? Və ya Mehdi Xəlilbəylinin törətdiyi cinayət fərdi səviyyədə törədilən cinayətdirmi? Müsavatda və ya AKM-də saxta sənəd alveri ilə bağlı iddialar və bununla əlaqədar suallar Müsavatın daxili qruplarında əqidəli müsavatçılar tərəfindən dəfələrlə səsləndirilir. Arif Hacılı bunu araşdırıb dələduzu partiyadan uzaqlaşdırmaqdansa, sualları qaldıranları linç etməyi qərara alır”.
O bildirib ki, Müsavat partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) müstəqil qurum olduğunu iddia edir və daha sonra qurumun rəhbərliyinin buraxılması və ya dəyişdirilməsi ilə bağlı qərarı açıqlayır: "Demək ki, müstəqil deyilmiş. Yalançı sənəd ittihamları geniş ictimaiyyətə çıxır. Rəşad Məmmədov adlı zərərçəkmişin şikayətinə Almaniya polisi ədalətli reaksiya verib Mehdi Xəlilbəyliyə qarşı əməliyyat keçirsə də, həmin Rəşad Məmmədovun açıq şəkildə səsləndirdiyi eyni ittihamları və ortaya qoyduğu faktları Arif Hacılı görməzdən gəldi və bu faktları yayanlara qarşı total hücumlar başladı. Eyni zamanda, bütün bu ittihamlara cavab olaraq, Arif Hacılı və İsa Qəmbər Mehdi Xəlilbəylini müdafiə etməyə başladılar. Görəsən niyə? Bütün bunlar, ən azından, Arif Hacılının səriştəsiz partiya rəhbəri olduğunu ortaya qoyur. Buna görə mütləq istefa verilməlidir".
İctimai-siyasi fəal, media eksperti Azər Həsrətin sözlərinə görə, xaricə gedənlərin, xüsusilə də özünü siyasi mühacir adlandıranların böyük əksəriyyəti siyasi müxalifəti təmsil etmir: “Onlar saxta adamlardır. Onları əsasən efirdə söyüş söyərkən görüb, tanıyırıq. Azərbaycanda həmin adamları görməmişik. Düşünürəm ki, Azərbaycanda dəyişiklik istəyən, əksikləri görüb dilə gətirən, onların yaxşılaşdırılması üçün çalışan heç kim ölkədən mühacirət etməməlidir. Şəxsən mən uzun illər siyasətin, ictimai həyatın, jurnalistikanın içində olmuşam. Xaricə mühacirət etmək üçün əlimdə hər zaman imkan olub. Özü də hər zaman məni yuxarı başda otuzdururdular. Bütün bunlara baxmayaraq, müxalifətdə olduğum dönəmlərdə heç vaxt ölkəni tərk edib getmək haqqında düşünməmişəm. Düşünmüşəm ki, əgər ölkədə problemlər varsa, onların həlli ilə məşğul olmaq üçün ən yaxşı platforma elə Azərbaycanın özüdür. Ancaq ölkənin içində olaraq problemlərin həllinə çalışmaq olar. Doğrudan da bizim bu seçimimiz özünü doğruldub. Xeyli məsələlər var ki, zamanında narazılıq yaradırdı, indi onlar öz həllini tapıb. İndi müxalifət adına mühacirət edənlərin bir qismi alverçi təfəkkürlü adamlardır. Onları ora cəlb edənlər də eyni təfəkkürdə olanlardır. Təəssüflər olsun ki, bu alverçi təfəkkürdə olan adamların bir qismi “Yurd” sədri Əli Kərimliyə bağlıdır. Onlar gedib Avropada oturublar, amma avropalı ola bilməyiblər. Onlar Avropaya gedib köhnə sovet təfəkkürü ilə “çak-çuk” etməyə, alıb-satmağa, pul qazanmağa çalışırlar. Ona görə də, heç siyasətdən xəbəri olmayan, naşı adamları cəlb edərək özlərinə ticarət qurublar. Bu ticarətdən isə əziyyət çəkən elə həmin təsadüfi adamlardır. Əlbəttə ki, bu, həmin adamlara da, ölkəmizə qarşı da çox böyük vicdansızlıqdır. Bu insanlar Azərbaycanın “qara tablo”sunu cızmağa çalışırlar. Düşünürəm ki, alman polisinin onları həbs etməsi, Azərbaycan dövlətinin də müvafiq addımlar atması yerinə düşüb. Bu cür adamlardan qurtulmayıq ki, əsl müxalifətçilərin kim olduğunu ayırd edə bilək”.