Nəcib təşəbbüs Siyasət

Nəcib təşəbbüs

Azərbaycanda bir gün ərzində 650 min ağac əkilir. Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

Ağacəkmə aksiyası respublikanın bütün regionlarını əhatə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub. Aksiyada nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkilir.

Ən kütləvi ağacəkmə aksiyalarından biri Bakının Qaradağ rayonun Müşfiqabad qəsəbəsində həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə deyib ki, Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağac əkilib: "Bura zeytun, badam, əsasən, meyvə ağacları aiddir. İctimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu gün Müşfiqabad qəsəbəsinin ərazisində minlərlə ağac əkdik. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub. Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir. Bütün respublikanı əhatə edən ağacəkmə kampaniyası həm böyük şairin irsinin dünyada tanıdılmasına, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların daha da artırılmasına, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə xidmət edir".

"Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Yeni Azərbaycan Partiyası da qoşulub. Bu, olduqca önəmli təşəbbüsdür, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir". Bunu Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova jurnalistlərə bildirib. Bahar Muradova deyib: "Hesab edirəm ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhval-ruhiyyəmiz var. Bu genişmiqyaslı kampaniyada fəal iştirak edəcəyik".

Qeyd edək ki, böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.

Bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.