“Azərbaycan parlamentinin də yenilənməsinə ehtiyac var” Siyasət

“Azərbaycan parlamentinin də yenilənməsinə ehtiyac var”

“Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar son dövrlər ölkəmizdə aparılan islahatlar, kadr dəyişiklikləri, yeni düşüncəli, kreativ insanların vəzifəyə təyin olunması və ümumilikdə ölkədə gedən bütün inkişafın, quruculuq işlərinin fonunda gözlənilən idi”. Bu fikirləri deputat Jalə Əliyeva deyib.
Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tendensiyanın əslində bir çox ölkələrdə də mövcud olduğunu deyən J.Əliyeva vurğulayıb ki, lakin parlamentin öz fəaliyyətini məhz ölkədə gedən böyük işlərə adekvat şəkildə qurmaq istəyi növbədənkənar seçkilərə getməsi, sağlam mövqe, dövlətin, dövlətçiliyin yanında olmaq deməkdir. Onun fikrincə, bu, şəxsi maraqların deyil, ümummilli maraqları qorumaq deməkdir.
J.Əliyeva atılan addımın təqdirəlayiq olduğunu qeyd edərək söyləyib ki, hər gün yenilənən, dəyişən, ölkənin bütün sahələrində olduğu kimi bu günə qədər xalqına, dövlətinə xidmət göstərən Azərbaycan parlamentinin də yenilənməsinə ehtiyac var.
Politoloq Arzu Nağıyev isə diqqətə çatdırıb ki, ölkəmizdə həm iqtisadi, həm kadr, həm də ümumiyyətlə hərtərəfli ishalatlar gedir: “Həyata keçirilən islahatların əsas məramı ölkənin təhlükəsizliyinin qorunması, eləcə də vətəndaşlarımızın rifahından ibarətdir”. O bildirib ki, bu istiqamətdə atılan addımlardan tək icraçı orqanları deyil, eyni zamanda qanunverici orqanının da dəyişdirilməsini labüd edir”.
Onun sözlərinə görə, parlamentin yenilənməsi ilə bağlı ola bilsin ki kimlərsə fərqli yanaşma sərgiləsin: “Amma ümumilikdə Milli Məclisin işlək olmaması ilə bağlı fikir irəli sürmək inandırıcı deyil. Prezident İlham Əliyev parlamentin 100 illik yubileyi ilə bağlı keçirilən tədbir nitqində də bildirmişdi ki, Milli Məclisdən Birinci Vitse-prezident, komitə sədri, neçə-neçə nazirlər, icra başçıları təyin olunub. 125 millət vəkilinin öz siyasi əqidəsi, məsləkinə uyğun olaraq danışanı, danışmayanı olub. Lakin bütün parlamentin fəaliyyətinə kölgə salmaq düzgün deyil”.
A.Nağıyev düşünür ki, növbədənkənar parlament seçikilərinin keçirilməsi ölkədə həyata keçirilən islahatların məntiqi davamıdır: “Qanunverici strukturları ilə icra orqanlarının fəaliyyətinin üst-üstə düşməsi ilə bağlı bu sahədə də islahatlara ehtiyac var”.
Ekspert vurğulayıb ki, əsas məsələ seçkilərdə iştirak edəcək namizədlərin seçicilərin səslərini toplamasıdır: “Hamı bilir ki, parlament təyin olunmur, millət vəkilləri seçilir. Kim vətəndaşların rifahı üçün çalışırsa, əlbəttə ki, onlar parlamentdə təmsil olunacaq. Ölkənin hakim Yeni Azərbaycan Partiyasının rəhbər vəzifəli şəxsləri tərəfindən seçki ilə bağlı bəyanatlarından da görünür ki, onlar seçkilərə ciddi şəkildə hazırlaşırlar. Hakim partiya tərkib hissələrinin dəyişdirilməsi prosesində Azərbaycan üçün lazım olan şəxslərə önəm verəcəyi haqqında da fikirlərini də açıqlayıb”.
Millət vəkili Çingiz Qənizadə deyib ki, onsuz da gələn il parlament seçkiləri keçirilməli idi: “Sadəcə olaraq ölkədə gedən islahatlara uyğun şəkildə seçkilərin keçirilməsi 7-8 ay qabağa çəkilib. Burada da hər hansı problem axtarmağın tərəfdarı deyiləm. Təbii ki, biz hələ ki, millət vəkili olaraq qalırıq. Qanunverci, qərar qəbul etmək fəaliyyətimizi dayandırırıq. Hesab edirəm ki, ötən V çağırış parlament olduqca uğurlu fəaliyyət göstərib. Cəmiyyətin istəyinə uyğun kifayət qədər qanunlar qəbul olunub. Beynəlxalq təşkilatlarda dövlətimizin mövqeyi kifayət qədər yüksək səviyyədə müdafiə edilib. Dövlətimizin haqq səsi lazımı təşkilatlara çatdırılıb. Beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna nail ola bilmişik. Bu baxımdan mən parlamentin fəaliyyətinin tamamilə qınanmasının tərəfdarı deyiləm. Parlament buraxıldıqdan sonra millət vəkillərinin qınanılmasının əleyhinəyəm”.
O, əlavə edib ki, parlamentin tərkibinin necə olacağını seçici müəyyən edir: “Mən də seçici olaraq hesab edirəm ki, əgər mənim seçildiyim dairədə bir neçə nəfər namizədliyini irəli sürərsə, mən orada daha çevik qərar qəbul etmək imkanı olan, daha savadlı, daha intellektual, həm fiziki, həm əqli cəhətdən üstünlüklərə malik şəxslərə səs verərdim. Bəzən də parlamentdə olanlar üçün dil bilmək çox önəmlidir. Amma mən parlamentin tam gəncləşməsinin də tərəfdarı deyiləm. Dünya təcrübəsində də parlamentin tamamilə gənclərdən ibarət olması ilə bağlı da təcrübə yoxdur. Təbii ki, parlamentdə gənclərin də, xanımların da sayları müəyyən qədər olmalıdır. O baxımdan hesab edirəm ki, növbəti parlament daha intellektual, səviyyəli, müasir, çevik işləməyi bacaran, həm fiziki, həm əqli cəhətdən üstün insanlara üstünlük veriləcək. Növbəti parlament indiki parlamentdən daha operativ və çevik qərarlar qəbul etmək baxımından və əqli, fiziki cəhətdən sağlam insanların formalaşdırdığı bir qurum olacaq”.